Ötən gün səhər saatlarında Bakıda 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ paytaxt Bakıda, Sumqayıt və bir sıra rayonlarda da hiss edilib. Azərbaycanda baş verən zəlzələ dünəndən etibarən mətbuatın gündəmindədir. Hadisədən sonra çoxmərtəbəli binaların dayanıqlıq dərəcəsi daha çox müzakirələrə səbəb olub.
Fevral ayında qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş verən güclü zəlzələ nəticəsində çoxmərtəbəli binaların yerlə bir olması da insanlarda vahiməyə səbəb olub. İnsanlarda belə binalarda yaşamaq qorxusu yaranıb. Bütün bu baş verənlər səbəbindən iddia olunur ki, perspektivdə həyət evlərinə maraq daha da artacaq. Bu da öz növbəsində qiymətlərə təsir edəcək.
Busaat.az xəbər verir ki, məsələ ilə bağlı danışan Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans.az-a bildirib ki, son dövrlər yaxın ölkələrdə baş verən zəlzələlərə fikir versək, açıq şəkildə oradakı binaların keyfiyyətsizliyini görərik:
“Yaxın ölkələrdə baş verən zəlzələlərin içərisində ən dəhşətlisi Türkiyədə baş verən zəlzələ oldu ki, 10 minlərlə insan həyatını itirdi və çox böyük yaşayış massivləri demək olar ki, yerlə-yeksan oldu. Biz həmin görünütülərə baxarkən açıq şəkildə görsənir ki, o ərazilərdəki tikililərin keyfiyyəti normativlərdən çox aşağıdır. Çünki Türkiyədə zəlzələ baş verən ərazilərdə bütün ətraflar dağılsa da, tam sağlam şəkildə qalan çoxmənzilli yaşayış binaları var idi. Bu onu deməyə əsas verir ki, keyfiyyətli binalar zəlzələyə dözümlü, keyfiyyətsiz binalar isə davamsız olur. Eyni zamanda Türkiyədə baş verən zəlzələlərdə insan itkisinə daha çox səbəb binaların bir-birinə çox sıx şəkildə tikilməsi idi”.
Ekspert qeyd edib ki, ölkəmizdə xüsusən paytaxt Bakı və böyük şəhərlərdəki çoxmənzilli yaşayış binalarına nəzər salsaq, Azərbaycan qanunverciliyində tikintilərlə bağlı müvafiq qurumlar nəzarət edirlər. Onun sözlərinə görə, həmin qurumlardan əsası Fövqəladə Hallar Nazirliyidir ki, hər hanasısa bir çoxmənzilli yaşayış binaları inşa olunarkən mütləq şəkildə sənədləşmələrdən sonra tikinti işlərinə başlayarkən aidiyyatı üzrə hər mərhələdə və hər mərtəbədə tikintinin layihə üzrə aparılmasına diqqət yetirilir və yoxlanışlar aparılır.
“Tikilən binalara biz kənardan baxsaq, tikilməkdə olan yeni çoxmənzilli binalarda beton kanallar demək olar ki bütün binanı əhatə edir. Bu da binanın möhkəmliyindən xəbər verir. Amma təəssüflər olsun ki, xüsusən də Bakıda çox sayda qəzalı kimi qeydə alınmış köhnə çoxmənzilli yaşayış binaları var ki, onlar rəsmi qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb. Gələcəkdə hər hansısa bir təbii fəlakət, zəlzələ baş verərsə, ilk olaraq həmin qəzalı vəziyyətdə olan binalara zərər dəyə bilər. O binaların söküləcəyi vaxt bəlli olmadığı üçün həmin binalarda mütləq şəkildə, əgər əhali köcürülməyibsə, təmir, bərpa işləri aparılmalıdır”.
Elnur Fərzəliyev bildirib ki, nu gün fərdi həyət velərindən ibarət olan yaşayış massivlərinin böyük əksəriyyəti bir-birinə çox sıx şəkildə tikilib: “Əgər çox ciddi zəlzələ baş verərsə və dağıntı çox böyük olarsa, həmin fərdi həyət evlərindən də çıxışda müəyyən problemlər yrana bilər. Hasarlar çox hündür olsa, insanların üzərinə aşıb fəlakətə səbəb ola bilər. Digər tərəfdən Azərbaycan uzun illərdir ki, neft şəhəridir və zəlzələyə səbəb olan neft-qaz digər yeraltı sərvətlər yerin altından çıxdığına görə, ölkəmizdə zəlzələ ehtimalı azdır”.