Bu gün Azərbaycanda Zəfər Günüdür

image-314371077_1186714415303906_8478108899478028257_n-1backend
 Bu gün – 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
Məhz iki il öncə 27 Sentyabr tarixində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlara başlamışdır. Ermənistan ordusunun işğal edilmiş Azərbaycan bölgələrində və eyni zamanda sərhəd rayonlarında törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq başladılmış hərbi əməliyyatların ilk günlərindən üstünlüyü ələ alan Azərbaycan ordusu qısa müddətdə düşmənin əsas istehkamlarını dağıtmış və düşmən ordusunu geri çəkilməyə məcbur etmişdir.

1987-1988-ci illərdə ermənilərin Qarabağda başlatdığı əsassız iddialar və bu iddialara Ermənistan SSRİ-dən verilən dəstəklər Qarabağdakı etnik problemləri dərinləşdirmiş və seperatizmə səbəb olmuşdur. SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan dövlətlərinin müstəqilliyini bərpa etməsilə bölgədəki mübahisəli məsələlər Ermənistanın Azərbaycanın suveren ərazilərində işğalına keçid vermiş, Azərbaycanın qəliz hərbi-siyasi vəziyyətindən istifadə edən Ermənistan dövləti xarici qüvvələrin havadarlığı ilə Yuxarı Qarabağı və ətraf 7 rayonu işğal etmişdir.

BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar, eləcə də dünyanın bütün dövlətləri Ermənistanı işğalçı dövlət olaraq tanımış, Azərbaycan torpaqlarının işğal edilməsi faktını təsdiq etmişdir. Həm beynəlxalq təşkilatlar, həm də dünya dövlətləri Ermənistanı işğal siyasətinə son verməyə çağırmış, ancaq bu istiqamətdə heç bir tərəf, həmçinin Ermənistan dövləti əməli tədbirlər görməmişdir.

30 ilə yaxın davam edən işğal illərində cəbhə xəttində davamlı qarşıdurmalar yaşanmış, Ermənistanın təxribatlarının ardı-arası kəsilməmişdir. Məhz bu təxribatlardan biri 2020-ci ildə baş verən İyul döyüşləridir. Bu təxribat nəticəsində Azərbaycanın ən hazırlıqlı və ixtisaslaşmış generallarından biri olan Polad Həşimov, həmçinin polkovnik İlqar Mirzəyev və Azərbaycan ordusunun digər hərbçiləri şəhid olmuşdur. Bu xəbərdən sarsılan Azərbaycan xalqı küçələrə axışmış və həm 30 il davam edən işğala son vermək, həm də şəhidlərin qisasının alınması üçün Azərbaycan dövlətinə öz dəstəklərini ifadə etmişdir.

Nəhayət, 2020-ci ilin 27 sentyabr tarixində – düşmənin növbəti genişmiqyaslı təxribatlarından sonra Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusuna işğal edilmiş bölgələrin azad edilməsi üçün anti-terror əməliyyatlarına başlamaq barədə əmr vermişdir. Əmri yerinə yetirən şanlı Azərbaycan ordusu qısa zamanda düşmənin müqavimətini qırmış, Ermənistan liderlərinin keçilməz adlandırdığı bütün maneələri məhv etmişdir.

Bunun nəticəsidir ki, qısa müddətdə Azərbaycanın şəhər və rayonları, kənd və digər yaşayış məntəqələri bir-bir azad edilmiş və döyüşün başlamasından sadəcə 44 gün sonra, düşmənin 4 ildə işğal etdiyi bütün Azərbaycan əraziləri işğaldan azad edilmişdir.

Ermənistan tərəfi hərbi kapitulyasiyaya məcbur edilmiş və Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarını döyüşsüz təslim etmişdir.

Müharibənin gedişini dəyişən əsas məqamlardan biri də, Şuşanın azad edilməsi olmuşdur. Şuşa şəhəri özünün həm hərbi-siyasi, həm coğrafi-strateji, həm də mənəvi xüsusiyyətləri ilə Azərbaycanın əsas şəhərlərindən biri olmaqdadır. Məhz 8 Noyabr tarixi həm də Şuşanın işğaldan azad edilməsi günü olaraq tarixə həkk olunmuşdur. Şuşanın azad edilməsi ilə Qarabağda döyüşün müqəddəratı tam həll edilmiş, məğlubiyyətin qaçınılmaz olduğunu dərk edən düşmən kapitulyasiya sənədinə imza atmağa məcbur olmuşdur.

Zəfər Günü Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Məhz bu gün Azərbaycan dövləti tək öz suverenliyini təmin etməklə qalmamış, həm də ona qarşı açıq və ya gizli şəkildə formalaşdırılmış beynəlxalq qüvvələrə layiqli cavab vermişdir. Məhz Zəfər Günü sayəsindədir ki, Ermənistan və onun havadarlarının Azərbaycan torpaqlarında davam edən işğal və özbaşnalıqları sona çatmış və Azərbaycan bölgədəki status-kvonu öz xeyrinə dəyişərək bölgədə yeni reallıq formalaşdırmışdır.

Yeni reallıq ondan ibarətdir ki, artıq tək Qarabağda deyil, ümumiyyətlə bütün bölgədə dominantlıq Azərbaycan dövlətinə keçmişdir.

Zəfər Günü Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan iqtidarının vahid yumruq kimi birləşməsinin nəticəsi olaraq doğmuş, Azərbaycanı daha uğurlu gələcəyə daşımışdır. Məhz bu birliyin nəticəsidir ki, bu gün artıq Azərbaycan işğala son qoymuş, öz ərazi suverenliyini bərpa etmiş və düşmənlərinə gözdağı vermişdir.

Zəfər Gününüz mübarək!

Busaat.az Analitika Mərkəzi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki