Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər

image-20-2backend

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən çox sıx əməkdaşlıq onilliklər ərzində təşəkkül tapmışdır. Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynamışdır. Ölkələrin əməkdaşlıq münasibətləri Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənmişdir.

Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamışlar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında, dostluq münasibətləri haqqında və digər saziş və müqavilələr imzalanmışdır. Bolqarıstan tərəfdən ilk dəfə Bolqarıstan Respublikasının Prezidenti Pyotr Stoyanov 2-3 dekabr tarixlərində Azərbaycana rəsmi səfər etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ilin sentyabrında ilk dəfə Bolqarıstana rəsmi səfərə getmişdir. İki ölkə prezidentinin təkbətək görüşündə Azərbaycan Prezidenti İlham Əliyev regional və beynəlxalq çərçivədə Bolqarıstanla əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün potensial imkanların olduğunu bildirmişdir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin yeni mərhələyə qədəm qoymasında Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana rəsmi səfəri böyük rol oynamışdır. Sofiyada geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalamışdılar. Bu vaxta qədər iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Heydər Əliyev Fondunun dostluq münasibətlərinin inkişafı üçün fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu Fondun Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovo şəhərindəki “Trapezitsa” tarixi kompleksinin bərpasına və inkişafına verdiyi töhfə mədəniyyət sahəsində yüksək əməkdaşlıq əlaqələrinin nümunəsidir.

İki ölkə arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə yüksəlmişdir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir ki, onlardan biri də Bolqarıstandır. “Şahdəniz” yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur.

Nəqliyyat sahəsinin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əlbəttə ki, parlamentlərarası əməkdaşlıq da əlaqələrimizin genişlənməsində mühüm rola malikdir.

Fatimə Talıbzadə- Nəsimi rayon təhsil işçisi, elm xadimi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90