“Əgər Ermənistan-Azərbaycan münasibətlərində normallaşma prosesi onun iştirakı olmadan baş tutarsa, Rusiyanın Ermənistana qarşı müxtəlif təzyiq ve təhdidlərdən istifadə edəcəyi gözləniləndir. Ya onu təxribata sövq edəcək, ya da daxili qiyama cəhd edəcək”.
Bunu Ermənistan-Azərbaycan liderlərinin Vaşinqtonda planlaşıdırılan görüşündə müsbət nəticə alınarsa, Rusiyanın reaksiyasından danışan “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya özünü hələ də Qafqazın canişini kimi hiss edir. Hesab edir ki, Qafqazda nə baş verəcəksə, onun iradəsi ilə baş verməlidir. Bundan sonra formalaşacaq Ermənistan-Azərbaycan münasibətlərinə də o prizmadan yanaşılır:
“Rusiya sülhün və ya danışıqların onun təsir dairəsindən kənar baş tutmasını istəmir. Ona görə də prosesə müxtəlif üsullarla mane olur. Əgər Ermənistan-Azərbaycan münasibətlərində normallaşma prosesi onun iştirakı olmadan baş tutarsa, Rusiyanın Ermənistana qarşı müxtəlif təzyiq və təhdidlərdən istifadə edəcəyi gözləniləndir. Ya onu təxribata sövq edəcək, ya da daxili qiyama cəhd edəcək. Ermənistan-Azərbaycan liderlərinin Vaşinqton görüşü ilə bağlı yayılan məlumatdan sonra Laçın təxribatının baş verməsi hesab edirəm bu qəbildəndir. Paşinyan isə ikili oyun oynamaqda davam edir. Özünü Qərbin adamı kimi təqdim edir, amma Rusiyanın diqtəsindən də çıxa bilmir. Bu gün də Ermənistan parlamentində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Əgər Ermənistan bu siyasəti aparırsa və mövqeləri budursa, onda sülh müqaviləsinin bağlanmasını niyə uzadırlar? Bu, Paşinyanın Rusiyanın təsir dairəsindən çıxa bilmədiyini göstərir. Qərbə “mən səninləyəm” deyir, Rusiyanın tələblərinə də boyun əyir”.
“Danışıqların harada davam etdirilməsi, görüşün harada keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb etmir. Şərtlər aydındır və bu sülh şərtləri də Ermənistana təqdim edilib. İndi şərtləri qəbul etmək və sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etmək üçün növbə Ermənistanındır”, – R.Becanov əlavə edib.
Ələsgər / Busaat.az