Bu günlərdə Türkiyə və Azərbaycan ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini həyata keçirilməsi ilə bağlı məlumatlar yayıldı. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün layihənin detallarını açıqladı layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Bu səbəbdən də sözügedən layihənin şüarını Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdıraraq “İki dövlət, bir millət, bir hava məkanı” kimi qoymuşuq”.
Sözügedən“HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsi Azərbaycan üçün hansı perspektivləri vəd edir?
Bu barədə AĞ partiya başqanı Tural Abbaslı Busaat.az – a bunları şərh etdi:
“Bu hava komandanlıqlarının Azərbaycan və Türkiyənin birlikdə həyata keçirməsi hadisəsi çox poztiv hadisədir. Əslində bu vahid komandanlıq, qoşunların bir – birinə inteqrasiya olunması, əmrlərin icrasındakı koordinəlilik və digər cəhətlərlə bərabər çox önəmlidir.
Bu artıq – İki dövlət bir millət – anlayışından – Bir millət bir dövlət – anlayışına keçiddir. Ordularımız həm quru həm dəniz həm də hava qüvvələri ilə bir – biri ilə o qədər bağlı olmalıdır ki, nə zamansa ölkələrimizə mümkün təhdidlər zamanı vahid bir ordu komandanlığı kimi düşmən qarşısına çıxsın.
Azərbaycan bəyan edib ki, ordu modelini Türkiyə ordu modelinə uyğun qurur. Bunu bir iqtisadi modellə də müqayisə edə bilərik. Misal üçün Avropa Birliyində vahid konstitusiya qəbul edildi. Çünki, iqtisadiyyat bir – birinə inteqrasiya olunur. Nəticədə də daha çox gəlir əldə olunur və vahid bir məkana çevrilmə prosesi başlayır.
Türkiyə ilə bu layihə də Azərbaycanın Türkiyənin qorunmasına daxil olmasıdır. Eyni zamanda da Türkiyənin Azərbaycanın qorunma sistemindən faydalanmasıdır.
Şuşa bəyannaməsində də üçüncü dövlətin müdaxiləsi zamanı ölkələrimizin bir – birinə dəstəyi ifadə edilibdir. Bu baxımdan da hava məkanı sözsüz ki, çox önəmlidir. Hava məkanının inteqrasiyası və əlaqələndirilməsi çox əhəmiyyətlidir. Düşünürəm ki, bu məsələdə biz Türkiyə və Azərbaycan birlikdə vahid ordu modelinə keçəcək. Daha sonra isə münasibətlərimiz başqa bir mərhələyə keçəcəkdir. Bu isə həm Azərbaycanın həm də Türkiyənin təhlükəsizliyinə töhfə verəcəkdir.”
Busaat.az
Bünyamin Bünyadzadə