“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsi və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edilib. Yeni dəyişikliklərə əsasən, ümum təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür”.
Busaat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz.
“Bu halda müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər. İclasda çıxışım zamanı sertifikalaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflərimi təqdim etdim. Əvəlla, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da, meyarların sayının artırılmasına ehtiyac var. Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır.
Sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə, o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər”.