“Havadarlarının əlində oyuncaq olan Ermənistan maraqlarına uyğun şərtlər diqtə edə biləcəyini sanır”.
Bunu Paşinyanın “təklifimiz qüvvədə qalır və Ermənistan dəmir yolunun bərpasına hər an başlamağa hazırdır” bəyanatına münasibət bildirən politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Ermənistan siyasi elitası hər zaman popurist bəyanatlarla sülhə razı olduğunu bildirib: “Paşinyan bəyanatlarında Azərbaycanla sülhə razı olduğunu bildirsə də əməldə müsbət nəticə müşahidə etmirik. Paşinyana razı olduğunu bildirdiyi təqdirdə niyə əməl etmədiyini sual versək cavabsız qalacağıq. Onun bu suala cavabı olmayacaq”.
Paşinyanın “dəmiryolu bərpasına hazırıq” bəyanatına münasibət bildirən politoloq deyib: “Bu bəyanat sülh danışıqları prosesinin uzadılmasına xidmət edir. Ermənistanda Azərbaycanla münasibətlərin tənzimlənməsinə stabil mövqe mövcud deyil. Ermənistan siyasi elitasının və avantürist siyasi lider Paşinyanın konkret qərar vermək cəsarəti yoxdur. Havadarların əlində oyuncaq olan Ermənistan nə vaxtsa maraqlarına daha uyğun olacaq şərtlər diqtə edə biləcəyini düşünür. Bu arzunun gerçəkləşəcəyini hesablayan Ermənistan danışıq prosesini sabotaj etməklə vaxt qazanmağa çalışır”.
Azərbaycanla Ermənistan arasında sülh prosesini istəməyən qüvvələrdən söz açan politoloq əlavə edib: “Ermənistan parlamentində çıxışı zamanı təhlükəsizlik şurasının katibi Azərbaycanla sülh müqaviləsi üzərində iş prosesinin davam etdiyini, iki ildə yalnız diplomatik əlaqələrin qurulması barədə razılığa gəlindiyini bildirib. Ermənistan üzərindən oyunlar quran qüvvələr Azərbaycanın üstün mövqeyə sahib olmasını istəmir. Həmin qüvvələr şimal və cənub qonşumuzla yanaşı Fransadır”.
Busaat.az/Ələsgər