Ölkəmizdə əhalinin artımı ilə bağlı sosioloqlar arasında isə fikir ayrılıqları yaşanır. Bəziləri düşünür ki, ölkədə əhalinin sayındakı artım normaldır, digər şəxslər isə bunun zəif templə irəlilədiyini bildirirlər. Təhlillərdən isə fərqli nəticələr əldə olunur. Azərbaycanda əhalinin artım vəziyyəti hazırda hansı istiqamətdədir?
Busaat.az saytının bu və digər suallarını sosioloq Sənubər Heydərova cavablandırıb:
“Qeyd etmək istərdim ki, bu məsələ olduqca mühüm məsələlərdən biridir. Təbii ki, hazırki şəraitdə ölkəmizdə bu istiqamətdə hər hansısa ciddi problemlər hiss olunmur. Lakin statistik məlumatlardan və ümumi abort sayının çoxluğunu nəzərə alaraq demək olar ki, gələcəkdə qadınların sayı ölkəmizdə azalacaqdır. Bu isə əhali arasında yeni problemlərin səbəbi olacaqdır.
Cəmiyyət arasında mental düşüncədən və digər səbəblərdən oğlan uşaqlarının doğulmasına daha çox maraq və cəhdlər var. Lakin əgər hazırda hiss olunmayan bu problemli yanaşmanın ciddi fəsadlarını yaxın gələcəkdə aydın şəkildə görə biləcəyimizdən ehtiyat etməliyik. Çalışmalıyıq ki əhali arasında, xüsusən də gənc ailələr üçün maarifləndirici təbliğatlar aparılasın. Üstəlik dövlət tərəfindən müəyyən təqaüdlər verilsin. Bu təqaüdlərin ikinci və üçüncü qız uşağı dünyaya gələn ailələlər şamil olunması təmin edilsin.
Ölkəmizdə əhalinin artım tempi normal xətt üzrə gedir. Amma bəzi səbəblər var ki, həmin səbəblər üzündən müəyyən gənclər ailə qura bilmir. Əhalinin ümumi artımında hər hansısa ləngimlərə isə gənclər arasında işsizliyin sayının artması, təhsillə bağlı gec evlənmələr, bəzi ailələrin çoxuşaqlı ailə modelindən bir və ya iki uşaqlı ailə modelinə keçməsi, gənclərin daha çox xarici ölkələrə meyl etməsi, evlilik məsuliyyətindən çəkinməkləri və bu kimi amillər səbəb olur.
Hesab edirəm ki, əgər biz vaxtında ölkəmizdə qız uşaqlarının doğumun azalmasına qarşı çıxmasaq gələcəkdə əhalimizin artımında çətinlikləri müşahidə edəcəyik.”
Bünyamin Bünyadzadə
Busaat.az