XİN-dən Busaat.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, parlament diplomatiyasının əhəmiyyəti, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Ötən il Pakistana rəsmi səfəri və bu çərçivədə Yusif Rza Gilani ilə görüşünü məmnunluqla xatırlayan nazir Ceyhun Bayramov, intensiv qarşılıqlı təmas və səfərlərin strateji tərəfdaşlığımızın inkişafına töhfə verdiyini qeyd edib.
Əsasında dostluq, qardaşlıq, qarşılıqlı hörmət və dəstəyin dayandığı Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə iki ölkə tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla qeyd olunub.
İki ölkənin qanunvericilik orqanları, millət vəkilləri arasında əlaqələrin, habelə parlament diplomatiyasının gücləndirilməsinin tarixi və mədəni baxımdan yaxın olan xalqlarımız arasında münasibətlərə töhfə verdiyi bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.