Çörək təndiri altında meyit – Beyləqanda dəhşətli olay

image-photo_16926jpg_1690274511backend

Beyləqan rayon sakini Aslan Məcidov 2018-ci il sentyabr ayının 5-də qardaşı İlyas Məcidovun itkin düşməsiylə bağlı rayon prokurorluğuna müraciət edir. Dediyinə görə, qardaşının arvadı onun Yesentukiyə getdiyini desə də, o buna inanmır.

Arvadının söylədiyi kimi Yesentukiyə istirahətə getmiş İlyas Məcidov Beyləqanda heyvandarlıqla məşğuldu. Əvvəllər Bakıda yaşasa da, birinci ailəsindən ayrılmış, molla kəbiniylə evləndiyi ikinci arvadı Əminə Sarıyeva ilə kəndə köçmüş, burada özünə təsərrüfat qurmuşdu. İkinci nikahdan iki oğlu vardı. Təsərrüfat işlərində ona əsasən böyük oğlu 16 yaşlı Səlim kömək edərdi. Kənddə hamı İlyasın qatı dindar olduğunu bilirdi. Onun qohumlarından bəzilərinin hətta Suriyaya döyüşməyə getdiyini deyənlər də vardı. İlyasın dini baxışlarına görə, arvadı Əminəni də ara-sıra incitdiyi olardı. Bu dava-qırğın səbəbindən bir-neçə dəfə Əminə uşaqlarını evdə qoyub anasının yanına Bakıya getsə də, İlyas hər dəfə onu geri qaytarmışdı. Yeri gəlmişkən, deməliyik ki, İlyasın yaxınları, əsasən də qardaşları onun Əminəylə bu izdivacından qətiyyən razı qalmadıqlarından heç biri gəlinlə danışmırdılar.

Aslan Məcidov prokurorluğa müraciətlə eyni vaxtda Əminəylə yaxın olan Kamil adlı bir dostundan Əminəyə zəng vurub ondan İlyasın harada olmasını soruşmağını xahiş edir. Dostu qadına zəng vurur və deyir ki, Aslan qardaşı İlyasın Yesentukiyə getmədiyindən şübhələnir. Əminə onunla görüşür və deyir ki, belə getsə, Aslan ona hələ çox şər atacaq, yaxşısı budur, savadlı bir vəkil tutmaqda ona köməklik etsin.
Beləliklə, onlar Əminənin təklifiylə yaxşı vəkil axtarışıyla Bakıya yola düşürlər. Hər iki sərnişini Bakıya aparan taksi sürücüsü söhbətlərini eşidir və tanış bir vəkilin telefon nömrəsini onlara verir.

Vəkillə görüşən Əminə vəkilə tamam başqa mətləblərdən danışır. O, ərinin “din qardaşları” adlandırdığı dostlarıyla birgə Suriyaya döyüşməyə getdiyini deyir. Vəkil söylənilən faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verir. Xidmət əməkdaşları Əminənin izahatını aldıqdan sonra İlyasın Beyləqandakı evində axtarış aparırlar. Evdən dini ədəbiyyat və bir ədəd soyuq silah hesab edilən xəncər tapılır. Baş verənlərdən 2 gün sonra – sentyabrın 8-də Əminə Kamili anasının Bakıdakı evinə çağırır və ondan məsləhət istəyir. Deyir ki, əri İlyası böyük oğlu ilə birlikdə öldürüb, pul qarşılığında bu işi ört-basdır eləməkdə ona kömək etsin. Kamil onun dediklərini İlyasın qardaşı Aslana çatdırır. Əslində, İlyasın qardaşı Aslan Məcidov Əminənin hamıya yalan söyləməsindən bir ay əvvəldən – avqust ayından şübhələnmişdi. O, bu şübhələri haqda prokurorluğa yazdığı ərizədə də bildirmişdi. Beləliklə, İlyasın qardaşı Aslanın yazdığı ərizə, Əminənin əri haqda verdiyi ziddiyyətli ifadələr, həmçinin Kamilin şahidliyi əsasında qadın şübhəli şəxs qismində prokurorluqda dindirilir.

Əminə istintaqa ifadə verməkdə olsun, onun nələri etiraf etdiyinə keçməzdən əvvəl, gəlin İlyasın yaxın ətrafına, onun yoxa çıxmasına qədər ailəsi və ailəsiylə bağlı baş verənlərə yenə diqqət edək. Çünki istintaqımızın düzgün istiqamətdə davam etməsi üçün bunlar çox vacibdir. Yeri gəlmişkən, qeyd edək ki, danışacaqlarımızın hamısı şahidlərin istintaq və məhkəmə materiallarında yer almış ifadələri əsasındadır.
İlyasın xasiyyətcə tünd, inanc baxımından radikal dindar olduğunu demişdik. Deyilənlərə görə, arvadı Əminə də başını İslam qaydasında məhz onun tələbiylə bağlayıbmış. İlyas oğlu Səlimi də incidirmiş. Oğlu dəfələrlə onun qəzəbindən qurtulmaq üçün evdən qaçıb çöldə gecələyibmiş. Dindar ata evdə onlara musiqiyə qulaq asmağı, seriallara baxmağı qəti qadağan edibmiş. Əminə bir neçə dəfə onunla rəsmi nikaha girmək istədiyini bildirsə də, İlyasdan hər dəfə “İslam dinində rəsmi nikahın önəmi yoxdu” cavabını eşdirimiş.

İlyas Məcidov fermer təsərrüfatının işləriylə bağlı çox adamlarla ünsiyyətdəydi. Bu sıradan onun evinə, ailəsinə yaxın adamlardan biri uzaq qohumu Şahlar Məmmədovdu. Şahlar Məmmədov qonşu kənddə yaşayır. Dediyimiz kimi, İlyasla ailəvi yaxın olublar. Hətta gələcəkdə quda olmaq fikrindəymişlər. Şahların qızı İlyasın gəlini olmalıymış. Bu yaxınlığa baxmayaraq, istintaq materiallarında yer alan ayrı-ayrı şahidlərin ifadələrindən məlum olur ki, İlyas Şahlardan o qədər xoşlanmazmış. Buna səbəb Şahların mal oğrusu olmasıymış. Törətdiyi onlarla belə əməllərdən birini o, bir dəfə İlyasın da başına gətiribmiş. Şahlar onun 10-a yaxın qoyununu oğurladığına, həmçinin pul borcu olduğuna görə gələcək qudası tərəfindən möhkəm döyülübmüş də. İlyasın arvadı Əminə Sarıyevanın ifadəsindən məlum olur ki, əri Şahları döydükdən sonra evdə süfrə açıb, onlar birlikdə yemək yeyib barışıblarmış.

Gah Yesentukiyə istirahətə, gah Suriyaya döyüşməyə getdiyi deyilən İlyasın özü, ailəsi, ətrafı, ətrafdakılarla münasibətləri haqda istintaqa lazım olan məsələlərdən xəbər tutduq. İndi qayıdaq onun arvadı Əminə Sarıyevanın istintaqa verdiyi ifadəsinə. Daha doğrusu, etiraflarına!
Ondan başlayaq ki, Əminə Kamilə “İlyası oğlumla birlikdə öldürmüşəm” dediyini qətiyyətlə inkar edir. Deyir ki, həmin gün ümumiyyətlə, oğlu evdə olmayıb. Bununla belə, hadisə barədə istintaqa ilkin etirafedici ifadə verir. Etiraf edir ki, əri İlyasla yaşamaq artıq mümkün deyilmiş. Buna görə də, anasından ona qalmış puldan 8 min manat ayırıb və bu məbləğ müqabilində Şahlara ərini öldürmək təklif edib. 2018-ci il iyul ayının 26-da Şahlar onların həyətlərində İlyasa təsərrüfat işlərində köməyə gəlibmiş. Gecə saat 11 radələrində Əminə İlyasın damda olan qoşalülə tüfənginin və patronların yerini Şahlara deyir. İlyas həmin vaxt evin pilləkənində oturub dincəlirmiş. Şahlar elə bu vəziyyətdə ona kürək nahiyyəsindən iki dəfə atəş açır və onu qətlə yetirir.

Şahlar Məmmədovun 10 sentyabr 2018-ci ildə Beyləqan rayon prokurorluğunda rayon prokurorunun böyük köməkçisi 2-ci dərəcəli hüquqşünas Rövşən Kazımova verdiyi 17.55-də başlayıb 18.42-də yekunlaşan ifadəsindən oxuyuruq:
Sual:

Tüfəngin kimə məxsus olması haqda nə deyə bilərsiniz?
Cavab:

Həmin tüfəngi dəfələrlə İlyasın əlində görmüşdüm. İlyas o tüfənglə mənim yanımda bir neçə dəfə ov quşlarına atəş açmışdı.
Sual:

Konkret olaraq İlyasa neçə güllə vurmağınız barədə nə deyə bilərsiniz?
Cavab:

Bildiririəm ki, İlyas əvvəllər mənə tüfəngin bir lüləsinin işləmədiyini bildirmişdi. Ona görə də, iki patron götürüb tüfəngə qoydum ki, biri açılmayanda o biri açılsın. Ancaq mən atəş açanda hər iki lülədən güllə açıldı.
Sual:

Həmin güllələrdən neçəsinin İlyasa dəydiyini deyə bilərsinizmi?
Cavab:

Həmin güllələrdən biri İlyasın kürəyindən, həmin an əlim əsdiyi üçün digər güllə talvarın altındakı hörgüyə dəydi.

İstintaq materiallarından görünür ki, İlyası qətlə yetirdikdən sonra Əminəylə Şahlar meyiti əvvəlcə mələfəyə, sonra nimdaş xalçaya bükərək həyətin bir tərəfində dərinliyi metr yarım olan çala qazaraq basdırırlar. Səhərisi gün Əminə İlyasa 100 manat pul verir, o da meyitin basdırıldığı yerin üstünə çınqıl daşı tökdürür. Bir neçə gün sonra isə Əminə həmin yeri betonlatdırır və ərinin basdırıldığı çalanın üstündə çörək bişirmək üçün kürə tikdirir. İlyasın bütün sənədlərini isə Əminə yandırmağa məcbur idi. Çünki, əgər ərinin Suriyaya getdiyini deyirsə, deməli, sənədləri də elə onun özündədir.
Artıq vaxtdır. Şahlar Məmmədov istintaqa İlyasın basdırıldığı yeri göstərməlidi. İlyas çörək bişirmək üçün kürənin alt hissəsində basdırıldığından təndir sökülməlidir. Meyitin basdırıldığı yerin qazıntısı zamanı tərtib olunmuş protokoldan oxuyuruq: “Meyit sonradan tikilmiş çörək bişirmək üçün kürənin alt hissəsində olduğundan həmin yerin söküntü işlərinə başlanıldı. Söküntü zamanı əvvəlcə kürənin üzərində olan dəmir talvar götürüldü. Sonra yanmayan kərpicdən hazırlanmış kürə tam olaraq söküldü. Bundan sonra qalınlığı 12 sm olan beton təbəqə xüsusi inşaat alətləri ilə dağıdıldı. Beton dağıdıldıqdan sonra altındakı çınqıl daşlar və torpaq təbəqə 1 m 30 sm dərinlikdə qazılaraq kənara töküldü. Çaladan çürümüş və torpağa bulaşmış xalça, xalçanın altında eyni torpağa bulaşmış vəziyyətdə ağ rəngdə üzəri qarışıq şəkilləri olan mələfəyə bükülmüş, bəzi hissələri kəskin çürüməyə məruz qalmış meyit aşkarlandı. Meyitin ayaqları uzunluğu 6.5 metr olan hörülmüş sintetik materialdan hazırlanmış kəndirlə bağlanmışdır”. Ekspertizayla müəyyən olunur ki, bu, Şahlar Məmmədovun meyitidir.

Maraqlıdır ki, hər şeyin gün işıqı kimi aydın olduğu bu hadisədən sonra, təqsirləndirilən şəxslər istintaqa verdikləri ilkin ifadələri təkzib edərək bir-birlərini ittiham etməyə başlayırlar. Əminə İlyası öldürmək üçün Şahlara qətiyyən pul vermədiyini deyir. Bildirir ki, Şahlar İlyası onun qızının nişanını qaytaracağı ilə hədələyidiyinə görə öldürüb. Cinayəti bilə-bilə gizlətməyinin səbəbi isə Şahların onu və övladlarını öldürəcəyi ilə hədələməsi olub. Əminə and-aman edir ki, Şahlar İlyası tüfənglə vuranda o, mətbəxtə olub. Tüfəng səsi eşidib çölə çıxıb, ərini həyətdə uzanılı vəziyyətdə görüb. Polisə zəng etmək istəyəndə isə Şahlar onu hədələyib. Şahlar da apellyasiyaya verdiyi şikayətdə öz növbəsində bu cinayətdən xəbəri olmadığını israrla təkid edir. Deyir ki, Əminə gecə vaxtı zəng ona vurub evlərinə çağırıb. O, həyətə girəndə İlyasın ayaqları bağlı halda meyitini orada görüb. Əminə ona deyib ki, İlyas onun birinci ərindən olan qızı Asyanın da ölümündə günahkardır, həm də onunla yaşamaq cəhənnəm əzabı idi. Qadın hətta ona bu qətli öz boynuna götürəcəyi halda iki yüz min manat pul da vəd edib. Şahlar məcbur olub onunla birlikdə İlyasın meyitini həyətin baş tərəfində basdırıb, səhərisi gün də üstünə çınqıl töküb. Sonra isə Əminənin təklifi ilə izin tamamilə itirməsi üçün meyitin basdırıldığı yerdə çörək bişirilməsi üçün kürə tikdiriblər.

Hər iki şəxsin üzləşdirilməsi zamanı həm Əminə həm Şahlar yenə ilkin ifadələrinin əksinə olaraq, günahı bir-birinin üstünə atırlar. Əminə deyir, Şahlar öldürüb, Şahlar deyir, Əminə öldürüb. Ancaq istintaqı bu cür bəhanələrlə azdırmaq mümkün deyildi. Şahidlər, faktlar, maddi sübutlar hadisənin necə baş verdiyini göstərir.

HÖKM

Əminə Sarıyeva Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 16 il 6 ay azadlıqdan məhrum edilir.

Məmmədov Şahlara cəza təyin edilərkən onun ayrı-ayrı vətəndaşların şəxsi mal-qarasını oğurlaması faktları da nəzərə alındığından o, müıkiyyət əleyhinə olan cinayətləri ehtiva edən maddələr üzrə də təqsirli bilinir.

Beləliklə, Məmmədov Şahlar Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.5,177.2.2, 177.2.3 və 177.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 18 il 9 ay azadlıqdan məhrum edilir./demedia.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki