Rusiyanın daşınmaz əmlak nəhəngi Dmitri Zelenov Fransada tətildə olarkən pilləkənlərdən yıxılıb və dünyasını dəyişib. Onun ölümü Ukraynada rus işğalının başlanğıcından bəri müəmmalı oliqarx ölümlərinin son həlqəsi olub.
Busaat.az xəbər verir ki, şübhəli ölümlərlə bağlı sual işarələri artır.
Dostları qeyd edib ki, rusiyalı oliqarx əvvəllər özünü yaxşı hiss etmədiyini deyib. Pilləkənlərdən yıxılarkən başına ağır zərbələr alan oliqarx aparıldığı xəstəxanada həyatını itirib.
Rusiya mətbuatı Zelenovun bir müddət əvvəl ürəyində problem olduğu üçün əməliyyat olunduğunu, lakin səhhətinin yaxşılaşdığını yazıb. Moskvanın ən böyük daşınmaz əmlak investisiya şirkətlərindən birinin sahibi olan Zelenov Sovet İttifaqının dağılmasından sonra sürətlə varlanan rus oliqarxlarından biri idi.
Zelenov son aylarda müəmmalı şəraitdə ölən hələlik sonuncu rus oliqarx olub. Zelenovun ölümü sentyabrda pilləkənlərdən yıxılaraq ölən Moskva Aviasiya Korporasiyasının keçmiş rəhbəri Anatoli Geraşenkonun ölümü ilə müqayisə edilib. Hər ikisi pilləkənlərdən yıxılaraq dünyasını dəyişib…
Rusiyanın Ukraynada işğala başlaması təxminən 10 ayı arxada qoysa da, son dövrlərdə bir çox rus oliqarxının müəmmalı ölümü ilə bağlı müzakirələr davam edir. Çoxları vurğulayır ki, bu qədər oliqarxın ardıcıl ölümləri təsadüf ola bilməz.
Sergey Protoseniya da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb
Son aylarda Rusiya iş dünyasının bir çox tanınmış siması dəqiq müəyyən edilə bilməyən səbəblərdən həyatını itirib.
“Qazprom”un keçmiş vitse-prezidenti, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Vladislav Avayev aprel ayında həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb.
Bu hadisədən sonra “Qazprombank”la yaxın münasibətdə olan “Novatek” təbii qaz şirkətinin keçmiş vitse-prezidenti Sergey Protosenya da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb. İntihar etdiyi düşünülən Protoseniyanın oğlu ailəsinin öldürülmüş ola biləcəyini iddia edib.
Ravil Maqanov da ölü tapılıb
Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl”un keçmiş direktoru Aleksandir Subbotin may ayında ölü tapılıb. Sankt-Peterburqda Rusiyanın dövlət enerji nəhəngi “Qazprom”la yaxın əlaqələri olan rusiyalı iş adamı Yuri Voronovun da meyiti aşkar edilib.
Sentyabrda “Lukoyl”un baş direktoru Ravil Maqanov xəstəxana pəncərəsindən yıxılaraq dünyasını dəyişib.
Bəziləri Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalardan sarsılan Rusiyada oliqarxlar arasında böyük rəqabətin olduğunu və bəzi ölümlərin də bununla bağlı olduğunu iddia edir.
Busaat.az