Səyahəti sevən adamlar getdikləri yer haqqında əvvəldən məlumat toplamağa çalışmalıdır.
Məsələn, dünyada elə şəhərlər var ki, ora getmək istəyənlər təkrar-təkrar düşünməli, mümkün təhlükələri gözardı etməməlidir.
Bizimyol.info xəbər verir ki, dünyanın ən təhlükəli on şəhərinin siyahısında birinci yerdə Venesuelanın paytaxtı Karakas gəlir. Bu şəhərdə hər 100 min nəfərə 120 cinayət düşür.
2019-cu ildə Karakasda 2980 nəfər cinayətin qurbanı olaraq, həyatını itirib. Bu isə hər 100 min nəfərdən 100-ü deməkdir.
Təhlükəli şəhərlər siyahısında ikinci isə Cənubi Afrika Respublikasının (CAR) rəngarəng paytaxtı Keyptaundur. Yeri gəlmişkən, təhlükəli şəhərlərin ilk onluğundakı bütün şəhərlər Amerika qitəsindəki ölkələrdə yerləşir, bircə Keyptaundan başqa.
CAR-ın paytaxtında ötən il 2868 nəfər cinayətə qurban gedib. Burada hər 100 min nəfərin 66-nın ölüm səbəbi cinayətdir.
Onluqda Braziliyanın iki şəhəri yer alıb. Fortaleza üçüncüdür. Bu şəhərdə təxminən 4 milyon nəfər adam yaşayır. Hər 100 min nəfərin 69-u cinayət nəticəsində dünyasını dəyişir. Ötən il ümumilikdə cinayət nəticəsində 2724 nəfər həyatını itirib.
Braziliyanın liman şəhəri olan Resifi isə təhlükəli şəhərlər sıralamasında 5-ci pillədədir. Bu şəhərin də əhalisi təxminən 4 milyon nəfərdir. Ötən il burada 1738 nəfər qətlə yetirilib. Bu isə hər 100 min nəfərə 44 nəfər deməkdir.
Onluqda Meksikanın üç şəhərinin adı var. Ölkənin şimal-qərbində yerləşən Tixuana 4-cüdür. Burada 1 milyon 900 mindən bir qədər artıq əhali yaşayır. Ötən il burada 2640 nəfər öldürülüb. Yəni hər 100 min nəfərə 138 qətl hadisəsi düşüb. Adambaşına düşən qətllər baxımından Tixuana dünyanın ən təhlükəli yeridir.
Meksikanın Sakit okeanın sahilində yerləşən və turistlərin çox gəldiyi Akapulko şəhəri də təhlükəlidir. Onluqda 7-ci pillədə yer alıb. Şəhərin əhalisi 858 min nəfərə yaxındır. Ötən il bu şəhərdə 948 nəfər öldürülüb. Hər 100 min nəfərdən 111-inin cinayətin qurbanı olması deməkdir.
Meksikanın başqa bir məşhur kurort şəhəri olan Kankun da təhlükəli yerlərdən sayılır. Sıralamada 8-ci pillədədir. Burada ötən il cinayət qurbanlarının sayı 547 nəfər olub. Bu da hər 100 min nəfərdən 64-nün cinayət nəticəsində həyatını itirməsi anlamına gəlir.
Kolumbiyanın qərbində yerləşən və 1536-cı ildə qurulan Kali təhlükəli şəhərlər onluğunun 6-cısıdır. 2.5 milyon adamın yaşadığı Kalidə ötən il 1209 nəfər öldürülüb – hər 100 min nəfərə 47 nəfər.
Təhlükəli yerlər siyahısında Amerika şəhərləri də var. Onluqdakı 9 və 10-cu yerlər Birləşmiş Ştatların iki şəhərinin payına düşüb.
Miçiqan ştatında yerləşən Detroit şəhərində ötən il 261 adam qətlə yetirilib. Bu şəhərdə təxminən 700 min adamın yaşadığını nəzərə alsaq, deməli, hər 100 min nəfərdən 39-u cinayətin qurbanı olub.
Missuri ştatındakı Sent-Luis şəhəri təhlükəli şəhərlərin ilk onluğunu qapayır. Bu şəhərdə ötən il 187 nəfər öldürülüb.