Yaradıcılığımı dayandırmamışam. 5-6 il çalışmadım, amma bir ildir ki, mütəmadi öz üzərimdə işləyirəm.
Bu sözləri Oxu.Az-a açıqlamasında məşhur repçi Elşad Xose deyib.
Sənətçi efirlərə çıxmamasının səbəbini belə izah edib:
“Yeni “trek”lər yazdırmasam da, tədbirlərə, konsertlərə gedirəm. Efirlərə çıxmıram. Çünki artıq televiziyanın vaxtı gedib, sosial şəbəkələr kifayət edir. Şəxsən mənim üçün bəs edir. Nə var axı bizim efirlərdə? Efirə niyə çıxmalıyam ki?
Söylədiyim replər, oxuduğum mahnılar geniş auditoriya üçün deyil. Yeni bir-iki rep var, onları tamamlamaq üzrəyəm. Tezliklə onları dincləyicələrə təqdim etməyi düşünürəm”.
“Sizinlə eyni zamanda sənətə gələn həmkarlarınız ifa tərzlərini dəyişərək, estradaya meyilləndilər. Sizin də bu yöndə dəyişmək niyyətiniz var?” sualına Elşadın reaksiyası birmənalı olmadı:
“İfa tərzini və ya musiqi janrını dəyişmədən belə gündəmdə qalmaq mümkündür. Şəxsən mən öz tərzimi dəyişməyi düşünmürəm”.
Müsahibəsinin sonunda E.Xose redaksiyamızın əməkdaşı ilə söhbətində tezliklə dinləyicilərə yeni duet təqdim edəcəyinin anonsunu da verib:
“Duet haqqında düşünürəm. Tərəf müqabilim isə gənc müğənni Elvina olacaq. Mən bir çox xanım, eləcə də məşhur kişi sənətçilərimizlə duet oxumuşam. Yeni nəfəs və yeni bir səs istəyirəm ki, yazdıracağım “trek”i bəzəsin”.