“Ermənilərin ağılları yoxdur, gələcəyi görə bilmirlər. Onsuz da əvvəl-axır Zəngəzurdan yol çəkilməlidir”.
Bu sözləri Busaat.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
Ekspert bildirib ki, əgər ermənilər bunu indi etsələr, qazancları, gəlirləri çox olar. Azərbaycanla, Türkiyə ilə münasibətlər normallaşar, sərhədlər açılar. Amma əfsuslar ki, bunu istəmirlər.
Z.Əlizadə 25 il ərzində sülhpərvərliklə məşğul olduğunu xatırladıb:
“Ermənistan tərəfindən yüzlərlə ictimai-siyasi xadimlə, fəalla görüşümüz olurdu. O zaman onlara deyirdik ki, “gəlin, sizə dünyada ən yüksək hüquqlarla muxtariyyət statusu verək, bu məsələ müharibəsiz qurtarsın, heç kim ölməsin”. Yəni keçmiş “Dağlıq Qarabağ”a Azərbaycanın tərkibində dünyada ən yüksək statusun verilməsindən söhbət gedirdi. Ermənilər isə ancaq “yox, istəmirik” deyirdilər. Başa salırdıq ki, əvvəl-axır müharibə olacaq, biz öz torpaqlarımızın işğalı ilə, təcavüz faktı ilə barışmayacağıq”.
Zərdüşt Əlizadə: Erməni toplumunun xəstə təfəkkürdən uzaqlaşması həm də Azərbaycandan asılıdır
Müsahibimiz bildirib ki, həmin vaxt Ermənistanda sadəcə Georgi Vanyan bu təkliflə razı idi:
“O da öz xalqına israrla deyirdi ki, “müharibə olmasın, gəlin, davasız-dalaşsız Azərbaycanın təklifinə qəbul edək”. Onu “satqın”, “xain”, “Azərbaycan casusu” adlandırırdılar. Döyür, söyür, təhqir edirdilər, heç harda işləməyə qoymurdular, yazıq köhnə daxmada yaşayırdı. Nəticədə nə oldu? O zaman Vanyanın dediklərini bu gün Ermənistan parlamentində deputatlar, siyasilər deyirlər. Ona görə deyirəm ki, ermənilərin ağlı, uzaqgörənliyi olsaydı, vaxtında barışardılar. Müharibədə nə qədər insan həyatını itirdi”.
Analitik vurğulayıb ki, erməni toplumunun xəstə təfəkkürdən uzaqlaşaraq normal münasibətlərə qayıtması həm də Azərbaycandan asılıdır:
“Təsəvvür edin, bir binada, yaxud məhəllədə iki qonşu yanaşı yaşayır. Ailənin birində ata-ana, övladları yaxşı işdə çalışırlar, savadlı, tərbiyəli insanlardır. Digər ailədə isə ata əyyaşlıq edərək bütün günü evdə dava-dalaş salır, arvadını döyür, uşaqlarını təhqir edir. Oğlu narkoman, qızının da ayağı sürüşkəndir. Tərbiyəli ailə həmin yaramaz ailəyə baxıb onlar kimi olmur axı. Əksinə, hamı gözləyir ki, axmaq ailə düzəlsin, normala dönsün. İndi Ermənistan dəli, savadsız, səviyyəsiz, tərbiyəsizdir. Biz də o cür olmalı deyilik ki. Azərbaycanın şərəfli tarixi, böyük mütəfəkkirlərimiz, alimlərimiz, şair-yazıçılarımız var. Biz sülhpərvər xalqıq və qonşularımızla sülh şəraitində yaşamaq istəyirik”.