Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? – Paşinyan açıqladı

image-thumb600x0-10backend

“ATƏT-in Minsk Qrupunun həmsədrləri 2016-cı ildə təqdim etdikləri üç təkliflə Qarabağın statusu məsələsində tələbləri aşağı salmağa çağırıblar”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.

Paşinyan bildirib ki, beynəlxalq tərəfdaşlar Qarabağın statusu ilə bağlı tələbləri aşağı salmaq barədə dəfələrlə çağırış ediblər.

Bu tələblərin hazırda hansı səviyyədə olduğu barədə suala toxunan baş nazir bir müddət öncə parlamentdə etdiyi çıxışı xatırladıb. Həmin çıxışda o, qeyd etmişdi ki, 1998-ci ildən bəri aparılan bütün danışıqlarda Ermənistan tərəfi ya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, ya da heç olmasa, Qarabağın Azərbaycanın tərkibində olmaması ilə bağlı öz prinsipini rəhbər tutmayıb.

Paşinyanın sözlərinə görə, parlamentdəki həmin çıxışından sonra orada göstərilən faktların reallığa uyğun olmadığına dair bircə dənə də əsaslı təkziblə qarşılaşmayıb.

“Bu, reallıqdır, amma başqa məsələdir ki, həm bizim hökumət, həm də bizdən əvvəlki hökumət bu barədə danışmamışdı. Baxmayaraq ki, digər tərəfdən bu, dolayısı ilə qeyd olunub. Mən də bu dolayı çıxışlardan danışdım”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, 1998-ci ildə Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesindən çıxarılması statusla bağlı tələbin aşağı salınmasına çağırış demək idi.

Baş nazir 1996-cı ildə keçirilmiş Lissabon sammitini də xatırladıb. “Ermənistan, düzdür, o zaman veto qoydu, bəs niyə veto qoymuşdu? Ermənistan “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” ifadəsinə veto qoyub. Bundan sonra Ermənistan qərara veto qoyduğu üçün ATƏT sədri beynəlxalq ictimaiyyətin mövqeyini ifadə edən bəyanatla çıxış edib”. 

Paşinyan xatırladıb ki, həmin çıxış tələbləri aşağı salmağa yönələn çağırış idi. Baş nazir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də diqqət yetirib.

“Onların məzmunu nə idi? Bu gün cəmiyyətimizin bundan xəbəri varmı? Beynəlxalq təhlükəsizliyin ən yüksək instansiyasının qəbul etdiyi qətnaməni xatırlatmamaq üçün yazılmamış qanun var idi ki, bu da bizim üçün əlverişsizdir”, – deyən baş nazir beynəlxalq ictimaiyyətin bunu unuda bilməyəcəyini vurğulayıb.

Paşinyan deyib: “Bizə elə gəldi ki, bizə rəğbət bəslədiyini düşündüyümüz və ya yaxşı münasibətlərimiz olan bütün ölkələr Qarabağın Azərbaycanın bir hissəsi olmamasına inanırlar, lakin bu belə deyil. Bu barədə birbaşa danışan sənədlər, faktlar, hətta ictimai bəyanatlar var. Başqa bir şey də odur ki, biz bunu hiss etməmiş kimi davrandıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90