İstanbulda yol kənarında meyiti tapılan Ayşə Tokyazın qətli ilə bağlı həbs edilən Cəmil Koç haqqında Diyarbakırda dini nikahla birlikdə yaşadığı keçmiş həyat yoldaşı Ejegül Ovezovanın ölümü ilə bağlı da qəsdən adam öldürmə maddəsi ilə iddianamə tərtib edildiyi məlum olub.
Busaat.az Milli.Az-a istinadən xəbər verir ki, iddianamədə Koçun Ovezovanı 8-ci mərtəbədən ataraq ölümünə səbəb olduğu, qadının dırnaqlarında isə Koçun DNT izlərinin aşkarlandığı qeyd edilib.
Keçmiş həyat yoldaşının ölümü ilə bağlı da cinayət işi açılıb
Cemil Koçun 2023-cü il 24 iyul tarixində Diyarbakırın Bağlar rayonunda 8-ci mərtəbədən yıxılaraq həyatını itirən Ejegül Ovezova ilə bağlı da aparılan istintaq çərçivəsində əsas şübhəli olduğu ortaya çıxıb. Diyarbakır Respublika Prokurorluğu tərəfindən 4 iyul 2025-ci il tarixində hazırlanan iddianamədə hadisənin baş verdiyi mənzildə aparılan araşdırmalarda döşəmədə və mebellərdə qan ləkələrinə rast gəlindiyi, bu qan izlərinin böyük əksəriyyətinin mərhum Ejegül Ovezovaya aid olduğu bildirilib.
Dırnaqlarında Cəmil Koçun DNT-si tapılıb
Ətraflı
İddianamədə şübhəli Koçun ifadəsinə də yer verilib. O, hadisə zamanı hamamda olduğunu, bir səs eşidərək salona keçdiyini, orada Ovezovanı görmədiyini, aşağı düşdükdə qadını yerə sərilmiş vəziyyətdə tapdığını və onun intihar etdiyini düşündüyünü bildirib.
Ancaq Məhkəmə -Tibbi Ekspertizanın hesabatında Ovezovanın dırnaqlarından götürülən nümunələrin həm mərhuma, həm də Cemil Koça aid DNT izləri ehtiva etdiyi qeyd olunub. Bu, tərəflər arasında fiziki qarşıdurmanın yaşandığını göstərib. Nəticədə, Koçun qadını pəncərədən itələyərək ölümünə səbəb olduğu və bu səbəbdən ona qarşı “qadına qarşı qəsdən adam öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs tələbi ilə cinayət işi açıldığı vurğulanıb.
Evə aid dəlillər də şübhələri gücləndirib
İddianamədə evin salonunda, paltaryuyan maşının içindəki yorğan üzərində və yataq döşəyinin kənarında tapılan qan izlərinin mərhuma aid olduğu qeyd olunub. Hərçənd ki, qadının bədənində heç bir yara və ya kəsik izi aşkar olunmayıb, bu səbəbdən evdəki qan izləri ilə ölüm arasında birbaşa əlaqə qurulmayıb. Lakin dırnaq altından götürülən DNT nümunələri nəzərə alınaraq Koçun qadını qəsdən öldürdüyünə dair yetərli şübhə formalaşdığı bildirilib. Bu səbəbdən ona qarşı Türkiyə Cəza Qanununun 82/1-f maddəsi üzrə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunub.