Ermənistanın “sülh oyunu” və bitməyən təxribatlar – TƏHLİL

image-26432cae-c8cf-499e-95e5-4fccf786ca4e_16x9_600x338backend

10 Noyabr razılaşmasından sonra demək olar ki, Azərbaycan və Ermənistan siyasi gündəmində ən çox eşidilən cümlə belədir: Tezliklə sülh müqaviləsinin bağlanması və münasibətlərin nizama salınması baş verə bilər.

Ancaq iki ildən artıqdır ki, bu istiqamədə atılan bütün addımlar müxtəlif səbəblərdən ya yarımçıq qalır, yaxud da prosesləri başlatmaq mümkün olmur. Hələ yadınızdadırsa, 2021-ci ilin yanvar ayında Azərbaycan-Rusiya-Ermənistan diplomatlarından ibarət üçtərəfli komissiya quruldu. Bu komissiyanın əsas vəzifəsi ən qısa vaxta tranzit yolların açılması və Azərbaycan-Ermənistan əlaqələrinin bərpa edilməsi idi. Nəticə varmı?

Görünən qədəriylə tranzit yolları açılmayıb, Azərbaycan və Ermənistan arasında nəinki sülh müqaviləsi əldə edilib, əksinə həmin tarixdən sonra onlarla qarşıdurma yaşanıb. Elə ən son 13-14 Sentyabr tarixlərində Azərbaycan tərəfi 80 şəhid vermiş, Ermənistan isə, yüzlərlə hərbçisini itirmişdi.
Bəs bu təxribatlar, ümumiyyətlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmamasının arxasındakı sirr nədir?

Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regionu elə bir geosiyasi əhəmiyyətə malik bölgədir ki, burada Uzaq Şərqdəki Çindən tutmuş, Atlantik Okeanının o tərəfindəki ABŞ-a qədər bütün böyük dövlətlərin maraqları toqquşur. Toqquşma nöqtəsində hər kəs çalışır ki, regionu öz təsir dairəsinə salsın və region dövlətləri həmin güc mərkəzlərindən gələn “istəklər” fonunda xarici siyasətini təyin etsin. Hətta Rusiya və Qərb-ABŞ bloku bu nöqtədə istəyinə çatmış görünür: Mixail Saakaşvilinin liderliyi zamanı Gürcistanı Rusiya təsirindən qurtarıb Qərb təsir dairəsinə salanlar, eyni ssenarini Ermənistanda da Nikol Paşinyan ilə həyata keçirmək istəyirlər. Ancaq hələlik, Paşinyan Saakaşvili qədər uğurlu sayılmır və Ermənistan siyasi olaraq Qərbə meyil etsə də, bütünlükdə dövlət olaraq Rusiya hərbi-siyasi-iqtisadi təsir dairəsindən çıxmayıb: Ermənistan ordusunda yüzlərlə rusmeyilli general var, əsas və güclü müxalifət liderləri Rusiya mərkəzli xarici siyasət xətti tələb edir, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası varlığını qoruyub saxlayır və ölkə iqtisadiyyatında Rusiyanın əhəmiyyətli dərəcədə rolu var.

Xülasə, Saakaşvili ilə Cənubi Qafqaza ayaq açan Qərb burada bir sıra uğurlu addımlar həyata keçirsə də, Saakaşvilidən sonraki Gürcistan Rusiya təhlükəsini düzgün qiymətləndirdi və özünü təcavüzdən qorumaq üçün “Qərbin silahı” olmaqdan yayındı. Ermənistanda isə, davam edən ikili oyun hələlik ciddi fəsadlara səbəb verməyib. Yeganə Azərbaycan dövlətidir ki, nə Qərbin, nə Rusiyanın əlaltısına çevrilmədən tam müstəqil Cənubi Qafqaz üçün çalışır…

Ermənistan məsələsində isə, qəribə bir təzad var: Dünyanın istənilən nöqtəsində, istənilən məsələ ətrafında bir-birinə zidd milli maraqlara sahib Rusiya və ABŞ-Qərb bloku, “Erməni məsələsi”ndə tarixdə olduğu kimi bu gün də eyni nöqtədən çıxış edirlər. Həm ABŞ-Qərb bloku, həm də Rusiya çalışır ki, Qafqazda əsas qala rolunu oynayan Ermənistanı itirməsinlər. Üstəgəl, hər iki tərəf çox yaxşı hesablayır ki, Ermənistanın varlığı Türk dünyasının parçalanmasına səbəb olduğu kimi, onun birləşməsində də əngəldir. Ona görə də, Paşinyan iqtidarı hazırda hər iki tərəf arasında rahat manevr edə bilir: O, əmindir ki, hər nə olur-olsun, nə Rusiya, nə də ABŞ-Qərb bloku Ermənistana havadarlıq etmək siyasətindən əl çəkəcək. Çünki Ermənistanın varlığı onların geosiyasi maraqlarının təminatı olduğu kimi, Ermənistanın dövlət olaraq süqutu həmin qüvvələrin ciddi təsir və nüfuz itkisi ilə nəticələnəcək.

Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmaması və sülh müqaviləsinin imzalanmamasına bu aspektdən yanaşmaq lazımdır.
Beynəlxalq güclər hesablayır ki, bugün qalib tərəf olaraq Azərbaycan sülh və normallaşma prosesində diqtə edən tərəfdir. Yəni bu şərtlərdə sülh müqaviləsi imzalanarsa, bu zaman erməni maraqları tamamilə məğlub olacaq və hətta erməni dövlətçiliyinin gələcəyi sual altına düşəcək. Bu isə, Azərbaycan və Türkiyə müttəfiqliyi liderliyində geniş bir coğrafiyada, ən strateji nöqtələrdə yeni birliyin – Türk birliyinin formalaşması üçün zəmin yaradır. Onsuz da, Türk Dövlətləri Təşkilatı (TDT) ətrafında birləşmiş türk dövlətləri belə bir fürsəti gözləyir. TDT-nin yeni güc mərkəzinə çevrilməsi isə, həm Rusiyada, həm də ABŞ-Qərb blokunda əhəmiyyətli geosiyasi və ümumi siyasi güc və nüfuz itkisi deməkdir.

Ermənistan tərəfi də hesablayır ki, Azərbaycanın diqtə etdiyi şərtlər onun üçün siyasi sondur. Bu şərtləri maksimum yumuşaltmaq, mümkün halda erməni maraqlarına xidmət edən müddəalar əlavə etmək lazımdır.

Bu səbəbdən hazırki geosiyasi vəziyyətdə ermənilər sülh müqaviləsinin imzalanmasını maksimum uzatmaq itəyirlər. Hazırki şərtlər elədir ki, bu halda Ermənistan tərəfi özü üçün məqbul sayılacaq şərtləri irəli sürə bilməz. Çünki onun ən böyük dəstəkçiləri Rusiya, Fransa, ABŞ kimi ölkələrin daxili və xarici siyasətində çox ciddi problemlər var. Həmin ölkələr indi özü başda Türkiyə olmaqla, Türk dünyasına ehtiyac duyur və gələcəkdə nə kimi proseslərin yaşanacağını kimsə dəqiq hesablaya bilmir. Buna görə də, Türkiyə və Azərbaycan ilə münasibətləri korlayıb Ermənistanı müdafiə etmək istəmirlər.

Bu səbəblərdən həm Rusiya, Fransa və ABŞ, həm də Ermənistan təxribatlara yol verərək və digər problemlər yaradaraq sülh və normallaşma prosesini maksimum uzatmağa çalışırlar.

Bu uzatmalar nə vaxta kimi davam edəcək?

Ermənistan, Rusiya, Fransa və ABŞ-ın planlarında sülh və normallaşma prosesinin uzadılması vaxtı qeyri-müəyyən zamana hesablanıb. Nə zaman ki, bu ölkələr öz problemlərini həll edib, yenidən Türk dünyasına qarşı ortaq mövqedə toplanmayacaqlar, o zamana qədər Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi uzadılacaq. O zaman ki, artıq bu dövlətlər yenidən Türk dünyasına qarşı səfərbər olacaq vəziyyətə qayıdacaqlar, o zaman özləri (Rusiya istisna olmaqla) sülh və normallaşma prosesi üçün maraqlı olacaqlar və bu dəfə diqtə edən tərəfə çevriləcəklər. Bu diqtələr isə, birbaşa erməni maraqlarına xidmət edəcək. Rusiya isə, hər zaman olduğu kimi, bundan sonra da Azərbaycan və Ermənistan münasibətlərinin tam normallaşmasından deyil, öz maraqlarına uyğun qədər normallaşmasından yana olacaq…

İndi Türkiyə və Azərbaycan tərəfi maksimum tələbkarlıq nümayiş etdirməli, ABŞ, Fransa və Rusiyanın hazırki geosiyasi vəziyyətini istifadə edərək, Ermənistanı sülhə məcbur etməlidir. Çünki ancaq indiki situasiyada Azərbaycan istədiyi və haqqı olanları diqtə edib qəbul etdirə bilər. Gələcəkdə, xüsusilə bu və ya digər formada ABŞ-Qərb bloku və Rusiya arasındaki ziddiyyətlərin həllindən sonra nələrin dəyişəcəyini təxmin etmək mümkünsüzdür. Tarixən ermənilərə havadarlıq edən bu dövlətlərin Ertmənistana necə və nə kimi köməklik göstərəcəkləri bəlli deyil.

Busaat.az

Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90