Son günlər İranda yaşanan hadisələr bu ölkənin onsuz da qəliz olan xarici siyasəti ətrafında ciddi müzakirələrə səbəb olub. İranın sanksiyalar altında boğulması, paraleldə mollakratiyanın “İslam dini adı ilə” daxildə ciddi represiv və anti-insani rejim qurması, nəticə olaraq bu ölkədə yaşanan xalq etirazları bir çox hallarda İran rejiminin “sonunun başlanğıcı” kimi qiymətləndirilir.
Əslində represiv, insan hüquqlarına, beynəlxalq qaydalara uymayan və radikal dini sistemi ilə ətrafındakı ölkələrin daxili sabitliyinə də zərər verən İran rejimi çoxdan dünyanın “əsas dövlətlərinin” qəzəbinə tuş gəlməli idi. Amma niyəsə bütün dünyaya “demokratiya vəd edənlər” İran məsələsində səssiz olublar. İndi həmin ölkələrdə səslər eşidilir, amma bu səslər formal xarakter daşıyır.
Sözügedən “demokrat” ölkələrin başında Fransa gəlir. Fransızlar hər zaman öz xarici siyasi maraqlarında maneə kimi gördükləri ölkələrə hər hansı bir yolla təsir edib, orada “demokratik” rejimlər bərqərar etməyə ya nail olublar, yaxud da cəhd ediblər. Amma İranda bunun tam əksini görmüşük.
Gəlin tarixə nəzər yetirək.
İranı sekulyar və müasir ölkəyə çevirmək istəyən şah rejimi Ayətullah Xomeynini sürgünə göndərmişdi. Onun tərəfdarları isə, birmənalı olaraq aciz vəziyyətdə “şəhid” olurdular, yaxud susub talelərinə razı qalırdılar. Ta ki…
Xomeyni fəallığını artırmağa başlayır. İraqda yaşayan bu radikal islamist oradan İrandakı hadisələrə müdaxilə etməyi artırır. Bundan sonra şah İraqda faktiki idarəçiyə çevrilmiş Səddam Hüseyndən Xomeynini ölkəsindən qovmağı xahiş edir. Xahiş nəzərə alınır və Xomneyi İraqı tərk etməyə məcbur olur…
Necə təsadüfdürsə, ən radikal islamist Xomeyni ən radikal İslam düşməni – Fransaya yollanır. Heç kimin qucaq açmadığı Xomeyniyə Paris qapılarını taybatay açır…
Bu hadisələr 1978-ci ilin sonu 1979-cu ilin əvvələrində baş verir. Yəni İran İslam İnqilabından cəmi bir neçə ay əvvəl…
Hər halda, Fransanın planları hazır idi və İran kimi potensial dünya liderinə çevrilmək imkanları və resursları olan bir ölkəni həm xarabalığa çevirib öz hegemonluqlarını qorumaq, həm də o xarabalıqdan öz məqsədləri üçün istifadə edəcəkdilər. Necə və kimə qarşı?
Eyni illərdə “Soyuq müharibə” özünün pik həddində idi. Hətta SSRİ Qərbi uzaqmənzilli öldürücü raketlərlə hədələyirdi. Bu arada, kollektiv Qərb zaman etibarilə vahid SSRİ-yə qarşı mübarizə əzmində deyildi. ABŞ isə heç bir zaman ölüm qalım mübarizəsinə başlayacaq qədər axmaq olmayıb. Amma Qərbin SSRİ-dən daha güclü bir tərəfi vardı. O, xalqların psixologiyasını və ideologiyaları yaxşı hesablayır, siyasi addımlarını bu kimi faktorlara görə təşkil edirdi. Ruslar bu kimi reallıqların fərqində olsalar da, özündən razı SSRİ diktatorları ancaq “güc yolu”nu seçdilər.
Qərb yaxşı hesablayırdı ki, Türkiyə artıq SSRİ ilə müttəfiq ola bilməz. Halbuki Lenin SSRİ-si ən doğru variantı seçərək Türkiyə dövləti ilə isti münasibətlər yaratmışdı. Sonrakı SSRİ liderləri isə, Türkiyə amilini doğru qiymətləndirmədi, onu işğal etmək istədi və nəticədə Türkiyənin Qərblə ittifaqına səbəb oldu. Beləcə Türkiyə NATO-ya qoşulmuşdu. Fransasızlar və bütün Qərb Türkiyədən sonra İranı da ram etmək, SSRİ-yə qarşı başlayacaqları ideoloji müharibədə istifadə etməyə çalışırdılar. Sekulyar İran modeli artıq Qərbi qane etmirdi. Üstəgəl şah rejimi ancaq ABŞ-la işləyir, Qərbin maraqlarına cavab vermirdi ya da az cavab verirdi…
Radikal islamistlər o zaman Fransa üçün ən yaxşı seçim idi. Həm yuxarıda dediyim kimi, yeni dünya ilə ayaqlaşa bilməyən radikallar dünyanın ən zəngin ölkəsini xarabaya çevirəcəkdi, həm də ateist SSRİ ilə aşırı dindarların müttəfiq olmaq kimi şansı olmayacaqdı. İdeoloji müharibə başlayanda SSRİ sərhədlərini radikal dindarlar və NATO üzvü Türkiyə kimi güclü dövlətlə mühasirəyə alınmış görəcəkdi…
Bəli, hər şey planlandığı kimi başa çatdı. Kommunizm ideologiyası kapitalist və milli Türkiyə, radikal dindar və farsist İran, dindar Əfqanıstan kimi sərhədlərindəki fərqli kimlik və ideologiyalarla və onları dəstəkləyən Qərb faktoru ilə mübarizədə zəiflədi, sonunda öz içindən milli və ideoloji fərqlərə görə parçalandı.
Mətləbə geri dönək. Ayətullah Xomeyni məhz 1978-ci ildə Fransadan təşkilatlanaraq İrana geri döndü. Normalda radikal islamçı qüvvələrə qarşı olduğunu bildirən Fransa, İranda radikal islamçıların iqtidarını təşkil etdi və bu günə qədər bu rejimin ləğvinə çalışmır. Ayətullahın Fransadan İrana qayıtmasından sonra Fransada məskunlaşdığı binanın partladılması isə, böyük şübhələrə səbəb olur. Düzdür, Frasna radikal molla rejimindən istədiyi nəticələri alsa da, bugün ona möhtac olduğu yeni səbəbləri var:
1. Yuxarıdakı qeyd burada da aktualdır. İranda sivil rejim o deməkdir ki, İran bir müddət sonra dünyanın yeni texnoloji və iqtisadi gücünə çevriləcək. Enerji resursları ilə zəngin bu ölkə dünyada əhəmiyyətli söz sahibinə çevriləcək və ilk növbədə Fransanın özünün dünya əhəmiyyətinə zərbə vuracaq.
2. Bölgədə fars milli kimliyi ermənilər kimi tampon bölgə formalaşdırmaq üçün əvəzedilməz aktordur. Türkiyəni türk dünyasından ayrı salan iki faktor məhz erməni və fars milli kimliyidir. Mollakratiyanın digər adı isə, farsizmdir. Yəni hazırki rejim fars dövlətçiliyini təmsil edir və türklərin dünyəvi gücə çevrilməsini əngəlləyir. Ən əsası özü də dünya dövləti ola bilmir, nəticə etibari ilə Fransanın maraqları təmin olunur.
3. Molla rejimi həm də “Vahid Azərbaycan” dövlətinin qarşısını alır. Türkiyə ilə bacara bilməyən Fransa “İkinci Türkiyə” adlandırdığı bütöv Azərbaycanı, yəni Azərbaycanın birləşməsini bütün vasitələrlə əngəlləyir və İrandakı farsizm burada Fransanın “oyuncağı” rolunu oynayır.
4. İranda radikalizmin qalması və çox böyük gücə sahib olması bölgədəki dövlətləri təhdid edir və onların müəyyən bir hissəsini Qərbə möhtac edir. Yəni İrandan qorxanlar və İranı özünə təhdid bilənlər Avropa dövlətlərinin, eləcə də Fransanın dəstəyinə ehtiyac duyur. Düzdür son zamanlar Fransa bu gücünü itirib və artıq dünya işlərində təsirsizdir, ancaq hələ də hərbi-texniki-siyasi gücünü tam itirmiş sayılmır, eyni zamanda BMT TŞ-nin beş daimi üzvündən biridir.
Bütün bunlar deməyə əsas verir ki, hər nə qədər Fransa-İran “qarşıdurması” izləsək də, bu sadəcə formaldır, gözdən pərdə asmağa hesablanmış addımdır. Fransanın istəmədiyi rejimlərə qarşı mübarizəsi hamıya bəllidir: İrana qarşı konkret addımlar atmadığı, onun parçalanması və ya rejimin əvəzlənməsi üçün Parisdən ciddi səylər görməyənə qədər Fransa İrandakı terror rejiminin birbaşa qurucusu olmaqla bərabər, əsas dəstəkçisi olmağa davam edəcəkdir.
Hazırda Türkiyə və Azərbaycanın bölgədə aktivləşməsi və hegemonlaşması, Fransanın milli maraqlarını zədələdiyi üçün Fransa indi mollakratiyaya daha çox ehtiyac duyacaq. Məhz bu səbəblərdəndir ki, Fransanın mollakratiya rejimini əvəzləmək və ya İranı parçalamaq kimi niyyətlərinin olması qeyri-mümkündür. Fransa sadəcə gücünü nümayiş etdirir, bununla da mollaları qorxudur və onları tam ram etməyə çalışır. Fransanın tək istədiyi hazırki İran rejimin mövcudluğunu qorumasıdır. Ancaq bir şərtlə: mollalar qeyri-şərtsiz Parisin agentləri kimi çıxış etsinlər…
Busaat.az/Həşim Səhrablı