Heç kim yaxasını kənara çəkməməlidirbackend

Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunmasını, düşmən üzərində Zəfərimizi təmin etdi. Bu tarixi qələbə milli kimliyimizi özümüzə qaytardı, milli qürurumuzu ölümcül təhdiddən xilas etdi. Müzəffər Ordumuzun düşmən üzərində hərbi qələbəsi xalqımızın qəhrəman övladlarının həyatı, qanı bahasına əldə olundu. Allah Şəhidlərimizə rəhmət eləsin, yaralı həmvətənlərimizə şəfa, qazilərimizə uzun ömür versin.

Hər birimizin bu igidlərimizin, onların valideynlərinin və əzizlərinin qarşısında borcu əbədidir. Bu borc nəsillərdən-nəsillərə ötürüləcək. Çünki, xalqımızın qəhrəman övladları son 30 illik tariximizdəki ləkəni sildilər, gələcək nəsillərin mənəvi rahatlıq ruhunda yaşamasını təmin etdilər.

Dövlətimizin və xalqımızın, hər birimizin onlara görə daşıdığı yük, məsuliyyət hissi həqiqətən böyükdür. Şükürlər olsun ki, Azərbaycan dövləti hər bir şəhidinə və qazisinə görə üzərinə düşən vəzifələri yerinə yetirməyə qadirdir. Şübhəsiz ki, ən şirin nemət insan həyatı və sağlam candır. Amma Uca Tanrı şəhidlik zirvəsinə ucalmağı və qazi adını da yalnız sevimli, seçilmiş bəndələrinə nəsib edir. Bu ali hisslərlə hesablaşıb qəbul etsək də, doğmaların itkisi həqiqətən ağırdır, onların hər biri əvəzolunmazdır.

Bizim üzərimizə düşən vəzifə şəhidlərimizin ruhuna əbədi hörmətdir, onların ailə üzvlərinin və qazilərimizin qayğısına daim qalmaqdır. Prezident İlham Əliyevin sərəncamı ilə bundan sonra hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq. Noyabrın 8-i, Şuşanın işğaldan azad edildiyi gün Zəfər günümüzdür. Dövlətimizin başçısı dekabrın 8-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb. Adından da göründüyü kimi, fondun yaradılmasında əsas məqsəd şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə əlavə sosial müdafiə köməkliyini göstərmək, bu tədbirlərin əhatəsini daha da genişləndirməkdir. Prezidentin Fərmanına əsasən “YAŞAT” Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması, ondan istifadə qaydası və Himayəçilik Şurasının tərkibi artıq təsdiq olunub.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihə”lərin icrasına da başlanılıb. Böyük maliyyə resursları tələb edən bu layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı layihələrdən biridir. Fondun məlumatına əsasən, “layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, dini abidələrimizin və məscidlərimizin bərpası həyata keçiriləcək”.

Azərbaycan müharibədən qələbə ilə çıxmış dövlətdir. Hərbi qələbələr asan başa gəlmir. Müharibədən sonra yeni dövr, abadlıq-quruculuq mərhələsi başlayır. Hər birimiz şahidi olduq ki, düşmən 30 il ərzində işğal altında saxladığı Qarabağı viran qoyub, hətta daş-kəsəyimizdən, minbir əziyyətlə qurub-yaratdığımız evlərimizdən də qisas alıb. Ermənilər torpaqlarımıza daş dövründəki bir qəbilənin təfəkkürü ilə yanaşıblar.

Prezident İlham Əliyev dekabrın 7-də dost İtaliyanın Deputatlar Palatasının nümayəndə heyətini qəbul edərkən belə bir fikir söylədi: “Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdır və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyünü bərpa etmişdir. İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik”.

1994-cü ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış XX əsrin kontraktından başlanan iqtisadi təkamül prosesi Prezident İlham Əliyev tərəfindən, bütün çətinliklərə baxmayaraq, uğurla davam etdirilərək indiki səviyyəyə qaldırılıb. Məhz bu siyasətin nəticəsində dövlətimizin iqtisadi imkanları yetərincədir. Lakin Qarabağda quruculuq-abadlıq işləri milyardlarla vəsait tələb edir. Düşməni qınına qovsaq da, nə özü, nə də havadarları hərbi məğlubiyyətlərinin acısını həzm edə bilmirlər. Bu səbəbdən, hərbi xərclərimiz nəinki azaldılmalı, əksinə artırılmalıdır. Digər tərəfdən, COVID-19 pandemiyası, dünya bazarında enerji resurslarının qiymətinin enməsi iqtisadiyyatımızın payına düşən yükü və riskləri artırır. Belə bir vəziyyətdə, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətənimizin qarşısında duran bu mühüm vəzifələrin həllində iştirak etməyə borcludur. Bunu bizdən, hər birimizdən şəhidlərimizin ruhu, qazilərimizin tökülən qanı tələb edir. Heç kimin yaxasını kənara çəkməyə haqqı yoxdur. Damarında azərbaycanlı qanı axan, Azərbaycanı sevən hər kəs öz dövlətinin, xalqının yanında olmağa borcludur!

Milli Məclisin deputatı

Ülvi Quliyev