“SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Busaat.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
İlk olaraq Mətləb Bağırovun evinə keçirilmiş baxışda iştirak etmiş Daxili İşlər Nazirliyinin iki əməkdaşı şahid qismində ifadə verib.
Onlar baxış keçirdikləri evdə dini kitablar və disk aşkar etdiklərini bildiriblər.
Digər şahid Fərid Hüseynovun isə Mətləb Bağırovun bacısının həyat yoldaşı olduğu, eyni zamanda sürücüsü vəzifəsində çalışdığı bildirilib. O, təqsirləndirilən şəxsin saxlanılmasından danışıb. Deyib ki, onlar maşınla gedərkən Qaradağ postunda polis əməkdaşları tərəfindən saxlanılıblar. Daha sonra polis bölməsində ifadə veriblər. Şahid daha sonra sərbəst buraxıldığını, bir müddət sonra küçədə ictimai qaydanı pozduğuna görə saxlanıldığını, haqqında inzibati həbs seçildiyini bildirib. Dövlət ittihamçısı şahidə Mətləb Bağırova pul aparması ilə bağlı sual ünvanlayıb.
F.Hüseynov bildirib ki, belə hallar olub, lakin ona bu barədə tapşırığı Mətləbin tanışı Tural adlı şəxs verib. O, “Kefsiz Hüseyn” və Anar adlı digər şahidləri də tanıdığını deyib. O, Mətləbin tanışı Tural adlı şəxsin tapşırığı əsasında Bakı şəhərində “Kefsiz Hüseyn” və Anar adlı şəxslərdən hər dəfə 10 min, 50 min manat dəyərində müxtəlif məbləğlərdə vəsait alaraq Mətləb Bağırova gətirdiyini əlavə edib. Onu da bildirib ki, onların hansı fəaliyyətlə məşğul olduğunu bilmir.
Şahidin indiki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə ziddiyyət təşkil etdiyi üçün ilkin ifadəsi elan olunub. Şahid ifadəni təsdiq etməyib. Sualları cavablandıranda qeyd edib ki, pullarla bağlı proses 10-15 il ərzində olub. Bildirib ki, Mətləb Bağırovun çanta satmaq biznesi olub və bu yollarla ona pullar gətirilib.
Dövlət ittihamçısı “Burada 2 milyon manatdan söhbət gedir, bunların hamısı çantadan gələn gəlir ola bilməzdi” deyə etiraz edib. Şahid isə bildirib ki, məbləği dəqiq bilməyib.
Proses yanvarın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, “İnterAz” və “SalamNews” informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, yalançı sahibkarlıq, dini ekstremist materialları saxlama, qaçaqmalçılıq və digər maddələrlə ittiham irəli sürülüb.
M.Bağırov Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.