Xəbər verdiyimiz kimi, Hindistanın silahlı qüvvələri “Sindur” əməliyyatına başlayıb.
Busaat.az Bakıvaxtı.az istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, başlayan əməliyyat zamanı Pakistan ərazisində 9 obyektə hücum edilib. Zərbələrin “Pakistan və Pakistanın işğalı altında olan Cəmmu və Kəşmirdəki terror infrastrukturuna” yönəldiyi deyilir.
Hindistan-Pakistan müharibəsini Bakıvaxtı.az-a dəyərləndirən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, savaşın əsas səbəbi qlobal qarşıdurmadır.
Siyasi şərhçi vurğulayıb ki, həmin qlobal güclər Ukraynada qarşı-qarşıya gəldiyi kimi indi növbəti siyasi meydanda üz-üzə gəlirlər:
“Yeni meydanda da Hind-Çin yarmadasıdır. Bu bölgənin seçilməsi təsadüfi deyil. Çünki Qərb və Rusiyanın qarşıdurma məkanı Ukrayna idi. Amma burada Çinə görə həmin bölgə seçilib ki, bu da təsadüfi deyil. Bu Koreya və Əfqanıstan da ola bilərdi, amma Pakistanda baş verməsi, özü də Hindistanın təxribatı ilə reallaşması göstərir ki, Hindistanı silahlandıran Qərb dövlətlərinin, xüsusən ABŞ-nin ciddi marağı var. ABŞ-nin Pakistanı oyuna daxil etməklə, süni şəkildə törədilmiş hadisəni terror aktı kimi qələmə verməsi onun müharibədə maraqlı olduğundan xəbər verir. Bu arqumenti gücləndirən həm də o oldu ki, adamlar birbaşa Kəşmir zonasına yox, Pakistanın ana torpaqlarına hücum etdilər”.
Əziz Əlibəyli, beynəlxalq məsələlər üzrə ekspert
Müsahibimizin sözlərinə görə, Çinin prosesə cəlb olunması da planın tərkib hissəsidir. Ə.Əlibəyli qeyd edib ki, Çinin müdaxiləsinin olub-olmayacağı bəlli deyil, amma hazırda HHM-lər Türkiyəyə məxsusdur. Kəşfiyyat məlumatlarını da Çin ötürür.
“Azərbaycanın mövqeyi də bəllidir. Azərbaycan Pakistanla qardaş ölkədir. Ümumən, son illərdə üç ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın hərbi təlimləri birlikdə keçirilir. Bu da üç dövlət arasında münasibətlərin hansı həddə olduğunun bariz göstəricisidir”, – deyə Əziz Əlibəyli vurğulayıb.