Hökumət dəstək tədbirlərini müəyyən edərkən hansı sahibkarlara üstünlük verəcək?

Hökumət dəstək tədbirlərini müəyyən edərkən hansı sahibkarlara üstünlük verəcək?backend

Bu gün Koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun iclası keçirilib. İclas videokonfrans formatında aparılıb.

Busaat.az xəbər verir ki, işçi qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə keçirilən videokonfransda ayrı-ayrı sahələrdə yaranmış vəziyyət müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, dəymiş zərərin qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan göstəricilərin dərin təhlilinə zərurət vardır. Bu, həmçinin mart ayı üzrə təqdim ediləcək maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir.

Müzakirələrdə bildirilib ki, Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı, həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əmək haqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək.

Ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.

İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək. Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək.

İşçi Qrupun üzvlərinə zərər çəkən sahələrin müəyyən edilməsi üçün 3 gün ərzində zəruri meyarlara və tətbiq ediləcək vahid yanaşma metodikasına dair təkliflərin hazırlanması tapşırılıb.

Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri və sahibkarların ictimai birliklərinin nümayəndələri daxildir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90