Bir ölkənin tarixidir Safranbolu şəhəri… Minilliklər boyu tarixə boyun əyməyən əzəmətli bir şəhər olan Safranbolu həm Osmanlı tarixinin yadigardır. Safranbolu Karabük vilayətinin turizm şəhəridir. Ankaradan 231 km şimalda, Qara dənizdən 90 km cənubda yerləşən bu şəhərdə çoxsaylı tarixi abidələr qorunur.
Bu qədim şəhərin tarixi ilə bağlı tarixçilər müxtəlif mülahizələr irəli sürüblər. Məşhur tarixçi Bartold hesab edir ki, bu qədim şəhərin tarixi eramızdan öncəyə qədər uzanır. Tarixçi öz qeydlərində yazır ki, Safranbolu şəhəri qədim dövrdə ən böyük yaşayış məskənlərindən biri olub.
Tarixdə Paflaqoniya adlanan ərazidə yerləşir və çoxlu binalara ev sahibliyi edib. 1196-ci ildə bu şəhər Osmanlı İmperiyasının tərkibinə daxil edilib. Osmanlı dövründə XVII əsrdə İstanbul-Sinop yolu üzərində olduğu üçün sürətlə inkişaf edib.
Şəhərin qədim tarixə malik olması təkcə Homerin “İliada” dastanında qeyd edilməsi ilə əsaslanır. Homer dastanda şəhəri Paflaqoniya kimi təqdim edir. Bu onu göstərir ki, şəhərin ən azı 3000 illik tarixi var. Şəhərdə 3 və 4 min il əvvələ aid tümülüslər (bir məzar, ya da qəbiristanlıqları əhatə edən ərazilərin yığılaraq yaratmış təpəciklərə verilən addır) var. Bu ərazi zamanla Xetlər, Frigiyalılar,Lidiyalılar, Farslar, Helenistik Krallıq (Pontlar), Romalılar (Bizans), Səlcuqlar, Çobanoğulları, Candaroğulları və Osmanlılar hakimiyyət altında olub.
Şəhər Səlcuqlar tərəfindən işğal edildikdə adı Dadibra idi. Safranbolu Səlcuq Sultanı II Qılınc Arslanın oğlu Muhiddin Məsud Şah tərəfindən 1196-cı il tarixində türklərin əlinə keçir. Muhiddin Məsud Şah, Yunan-Bizanslı əhaliyə döyüşmədən təslim olmaları halında həyatlarını qoruyub saxlayacağına söz verir, lakin əhalinin təslim olmamasından sonra şəhər döyüşlə ələ keçirilir. 1213-1280-ci il tarixləri arasında Çobanoğulları, 1326-1354-cü il tarixləri arasında Candaroğulları və 1423-cü ildən sonra da Osmanlı dövlətinin tərkibində olub.
1326-cı ildə Candaroğlu Süleyman Paşa şəhəri ələ keçirir, 1332-ci ildə Kastamonuya getməkdə olan İbn Battuta və Kastamonu paşanın oğlu Vali Əli bəy ilə görüşür. İbn Battutanın sözlərinə görə, orada Hənəfi tədrisini öyrədən bir mədrəsə var idi. Candaroğulları dövründə regionda İslam memarlığı sürətlə inkişaf edir, bu dövrdə Qazi Süleyman Paşa Məscidi istifadəyə verilir.
Şəhərin ən sürətli inkişaf dövrü sözsüz ki, Osmanlı hakimiyyətində olduğu dövrdür.
Osmanlı Dövləti zamanında, xüsusilə XVII əsrdə İstanbul-Sinop karvan yolu üzərində yerləşdiyindən mərkəz olması səbəbilə mədəni və iqtisadi dirçəliş dövrü başlayır.
Bu şəhər öz qədimliyinə görə YUNESKO tərəfindən 1994-ci il 17 dekabr tarixində “Dünya İrs Siyahısına” alınaraq “Dünya Şəhəri” adını alınır.
Bu şəhər təkcə orta əsr Osmanlı tarixini, həyat tərzini yaşatmır. Bu şəhərdəki bütün abidələri dünya tarixinin incisi saymaq olar.
Safranbolu tarixi evləri ilə məşhurdur. Şəhərdə Bəypazarı, Göynük, Taraklı, Odunpazarı və Osmaneli kimi Türkiyənin bir çox yerlərində rast gəlinən klassik Osmanlı şəhər memarlığını ifadə edən tarixi evlərin əksəriyyətində yaşayış bu gün də davam etməkdədir. Osmanlı dövründə Safranbolu evlərinin tikilməsində yumurtadan istifadə edildiyi və bu tikililərin zəlzələyə davamlı olduğu bildirilir. Evlər daş, kərpic, taxta və alaturka kirəmitdən inşa edilib. Safranbolu evləri əsasən ağ rənglidir və məsafəli tikilməklə biri digərinin görünməsinə mane olmur, ümumi mənzərəni pozmur, günəşin qarşısını kəsmir.
Evlərin birinci mərtəbəsi zirzəmi kimi istifadə olunub və onun tikintisində daşdan istifadə edildiyinə görə “daşlıq” adlandırılır. İki, üç mərtəbəli inşa edilən Safranbolu evlərinin üst qatlarına taxta pilləkənlərlə çıxıldığında taxta ustalığının ən gözəl nümunələrini görmək olur. Evlərdən bir qismi bu gün hotel, muzey kimi fəaliyyət göstərməkdədir.
Şəhərdə olan təxminən 2 minədək tikilidən 1008-i qeydiyyata alınaraq qorunur. Safranboluda təkcə evlər deyil, karvansaraların da bir çoxu hotelə çevrilib. Safranbolu qala, ticarət mərkəzi, Akçasu, Gümüş, Musalla, Qalaaltı və Tabakxana kimi səmtlərdən ibarətdir. Burada isə bəlli olur ki, zəfərandan başqa, bu şəhər həm də özünün şirniyyatı – Safranbolu lokumu ilə məşhurdur.
Bazar meydanının digər tərəfində aşağıya doğru gedən yol sənətkarlar məhəlləsinə aparır. Burada Osmanlı məişətində istifadə edilən nəhəng şərbət qablarından başlayaraq, bütün növ qablara rast gəlmək mümkündür.
Safranboluda mis işləməsi və qalayçılığın zəngin tarixi var. Mis monolit olaraq emal edilir, lehim ya da bənzəri bir yolla birləşdirilir. Sənətkarlarla söhbət əsnasında bəlli oldu ki, mis məmulatlarının işlənməsində çəkic və polad qələmdən istifadə olunur. Bu emal üsulunda bir tək parçanın işlənməsi bəzən həftələr, hətta aylarla sürür. Mis məmulatlarına ölkə daxilində və xaricində olduqca böyük tələbat var. Dəmirçilər məhəlləsi XVIII əsrdən bu günə qədər olduğu kimi gəlib çıxıb. “Qonşu qonşunun külünə möhtacdır” ifadəsi də elə buradan meydana gəlib. Belə ki, dəmirçilər ocağın külünü atmayıb qalayçılara verərmiş. Ustalar da mis qabları qalay ilə örtməzdən öncə onu təmizləmək üçün bu küldən istifadə edərmiş. Bu gün Safranbolu dəmirçiləri tez-tez beynəlxalq müsabiqələrin mükafatlarına da layiq görülürlər. Şəhər gümüş bəzək əşyaları və yəhər düzəltmə sənəti ilə də məşhurdur.
Safranboluya gələn turistlərin ən çox üz tutduqları məkanlardan biri də Yörük kəndidir. Şəhərdən 20 km məsafədə yer alan kənd sanki açıq səma altında muzeydir. Kənd Oğuz türklərinin bir qolu sayılan Yörük boyundan Hüseyn, Hacı, Davud adlı üç qardaş tərəfindən salınıb. Kəndi əslində kiçik Safranbolu da adlandırmaq olar. Küçələr boyunca sıralanan tarixi evlər, malikanələrin bəziləri artıq dağılmaq üzrədir, amma çoxlu sayda turisti özünə cəlb etməkdədir. Kənddə ən qədim evin 450, ən yeni evin isə 90 yaşı var.
300 illik tarixə sahib üçmərtəbəli Sipahoğlu malikanəsində 8-ci nəslin ailəsi yaşamaqdadır. Birinci mərtəbədən çardağa qədər tamamilə Osmanlı həyat tərzini ifadə edir. Bələdçi də elə evin sakinidir. Bu evlər yay fəslində sərin, qışda isti olur. Evin bütün otaqlarında, çardaqda zamanında istifadə edilən əşyalar, geyimlər də olduğu kimi mühafizə edilməkdədir. Bələdçi xanım ev və burdakı yaşayış tərzi haqqında məlumat verməklə kifayətlənmir. Bura baş çəkən turistlər evi ziyarət etdikdən sonra malikanənin həyətində ənənəvi qərənfil şərbətinə qonaq edilir. Şəhər bələdiyyəsi turistlərin kəndə marağının getdikcə artdığını görüncə, burada hədiyyəlik əşyalar da satan obyektlər açmağa başlayıb. Tarixi XV əsrə dayanan kənd özünəməxsus közləməsi (qutab) ilə də məşhurdur.
Hazırda Safranboluda Osmanlı dövründən qalan ev, hamam, məscid, çeşmə, körpü və malikanələr ziyarətçilərin diqqətini çəkməkdədir. Elə bu diqqəti gördükdən sonra da aidiyyəti qurumlar 90-cı illərdən şəhərdə turizm təsisləri qurmağa başlayıblar. Tərk edilən malikanələr hotel və restoranlara çevrilib, monumental əsərlər bərpa edilməyə başlanıb, unudulmaqda olan əl sənətləri canlandırılıb. Bu gün mühüm turizm mərkəzinə çevrilən şəhər müxtəlif mədəniyyət tədbirlərinə ev sahibliyi edir, eyni zamanda mədəni turizm imkanları ilə tanınır. Ənənəvi olaraq hər il avqust ayının ikinci həftəsində Ulu yayla şənlikləri, sentyabr ayında da “Altın safran” sənədli film festivalı keçirilir. Safranbolu motosiklet festivalı isə ilk dəfə 2015-ci ilin mayında reallaşdırılıb. Osmanlı orta əsr həyat tərzini tamamilə yaşamaq, görmək, hiss etmək üçün Safranboluya səyahət ən doğru seçimdir.
Qoşqar Salmanlı