İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı

image-e6f06bbd5353f11b9c2f62676bde3039backend

“Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi”..bu sözləri Prezident İlham Əliyev cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki zamanı bildirib.
Keçmiş müharibələrdə “Yandırılmış torpaq” adlandırılan bir taktika vardı. İşğalçı ordu geri çəkilmək zorunda qalanda hər şeyi dağıdır, yaxud talayıb aparır, apara bilmədiyinə od vurub yandırırdı. Bu, həm də ona görə edilirdi ki, yerli əhali, torpağın əsl sahibi bir daha o yerlərdə məskunlaşa bilməsin. 1977-ci ildə Cenevrə Konvensiyasının bir nömrəli Protokolunun 54-cü maddəsi ilə “Yandırılmış torpaq” taktikası qadağan olunub və belə əməllər müharibə cinayəti sayılır. Ermənilər XXI əsrdə sivil dünyanın gözü qarşısında ibtidai icma dövrünə xas olan bu taktikanı işlədirlər. Prezidentimizin dediyi kimi, elə bil bu yerlərdən vəhşi qəbilə keçib. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin videogörüntüləri ürək ağrıdır. Vəhşi düşmən daş üstə daş qoymayıb, hər yeri xarabazara çevirib. Ağaclar kəsilib, meşələr qırılıb və yandırılıb, torpaqlar yararsız hala salınıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı səhranı xatırladır. Ağdam sanki ruhlar şəhəridir, atom bombası heç Xirosimanı da belə dağıtmamışdı. Ermənistanın müharibə cinayətləri bununla da bitmir. Gəncəyə iki dəfə ballistik raket atıldı, Bərdə kasetli mərmilərlə atəşə tutuldu. Tərtərə, Ağdama, Goranboya atılan mərmilərin sayı-hesabı bilinmir. Yüzədək mülki şəxs – uşaqlar, qadınlar, qocalar erməni faşizminin qurbanı oldu, minlərlə ev, yaşayış binası, infrastruktur obyekti dağıdıldı.
Onların faşist simasını bütün dünyanın görməsi vacibdir. Qoy, hamı görsün və bilsin ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Hamı bilsin ki, biz təkcə işğalçı ordunu deyil, bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizmini məhv etmişik. Prezidentin tapşırığı ilə Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərləri təşkil olunur, onlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Törədilən dəhşətli dağıntılar bir-bir qeydə alınacaq, sənədləşdirilərək beynəlxalq məhkəməyə veriləcək. Erməni faşistləri yəqin ki, bu dəfə ədalət divanından yayına bilməyəcəklər.
Düşmən güman edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Səhv etdilər. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Prezidentimiz işğaldan azad olunmuş Füzuli və Ağdam şəhərlərinə səfər edərkən Qarabağla bağlı gələcək planlarını açıqladı. Bəyan etdi ki, bütün şəhər və kəndlər baş plan əsasında bərpa olunacaq. Vətəndaşların doğma yurda qayıtması üçün dövlət tərəfindən lazımi kömək göstəriləcək. Artıq Füzulidən Şuşaya yeni yolun çəkilişinə, Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanıb. İkinci Qarabağ müharibəsi bölgədə yeni reallıq yaradıb. Zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində 27 ildən sonra yenə azan səsi eşidilir, “Qarabağ şikəstəsi” Qarabağ torpağında səslənir. O yerlərə 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır…
Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Qarabağda atəşkəsə türk əsgəri də nəzarət edəcək. Ankaradan ən yüksək səviyyədə mesajlar gəlməkdə davam edir: biz Azərbaycanın yanında olmağa davam edəcəyik. Bu siyasi-mənəvi dəstək gücümüzə güc qatır, Ermənistanın havadarlarını müdaxilədən çəkindirir. Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaş deyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımıza göz dağıdır. Bu gün 30 il davam edən status-kvo da yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin bərpası planlarının icrası başlayıb.
Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.

Nazənin Dadaşova,
Nəsimi rayon könüllüsü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki