Demək olar ki, İkinci Qarabağ savaşından sonra Rusiya -Ermənistan münasibətlərinin gərginləşməsi aydın şəkildə görünür. Ermənistanda Rusiyaya qarşı fobiya getdikcə artmaqdadır. Yaxın vaxtlarda Ermənistandakı Rusiya səfiri Laçın yolundakı silahlı hücumla bağlı Xarici İşlər nazirliyinə çağrılıb. Və ona rəsmi etiraz bildirilib.
Ümumiyyətlə Rusiya və Ermənistan arasında baş verən və getdikcə kəskin formaya düşən münasibətlərin səbəbi olaraq nələri qeyd etmək olar?
Türkiyədə yaşayan siyasi şərhçi Umuxanım Hüseynovanın Busaat.az-a açıqlaması:
“Ermənistan daim özündən güclü ölkələrə səmimiyyətdən deyil məcburiyyətdən sığınıb və bu indi də belədir. İstənilən halda Ermənistan dövləti ona vaxtilə dəstək olmuş hər bir ölkəyə qarşı xəyanət edə biləcək qədər riyakardır. Ümumiyyətlə tarix boyu Ermənistan Rusiyanı özünün xilaskarı kimi görüb. Lakin Paşinyan hakimiyyətinin Avropa və ABŞ – olan yaxınlığı eyni zamanda da dünyanın yeni düzənin formalaşması Ermənistanı Rusiyadan uzaqlaşmağa vadar edir. Bunun üçün də erməni iqtidarı maksimum çalışır.
Təbii ki, Ermənistan coğrafi və siyasi vəziyyəti nəzərə almaq məcburiyyətindədir. Bu ölkə rəhbərliyi və ölkənin siyasiləri yaxşı bilirlər ki, onların Rusiyadan qurtuluşu yalnız Rusiyanın tamam zəifləməsindən və ya məhv olmasından sonra baş verə bilər. Əks halda isə heç bir effekt olmayacaq. Xüsusən də ermənilərin İkinci Qarabağ savaşında Rusiyadan gözləntiləri puça çıxdığı üçün Ermənistanda Rusiyaya qarşı yeni nifrət alovları yanmaqdadır. Əslində onlar düşünürdülər ki, Rusiya imkan verməyəcək ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin. Lakin hadisələr tamam əks istiqamətdə cərəyan etdi.
Baş verən siyasi prosesləri təhlil edərkən onu demək olar ki, Ermənistanın indiki hakimiyyəti Rusiya ilə münasibətlərdə ikili oyun oynayır. Ermənilər üçün riyakarlıq və ikiüzlülük onsuz da sıradan bir hərəkətdir. Amma onlar unudurlar ki, Rusiya Ermənistanın qabaqcadan atacağı bütün məkirli addımları peşəkarlıqla izləyir və adekvat addımlar atır. Rusiyanın hazırda Ukrayna müharibəsində çox gərgin bir dövrüdür. Ermənistan isə bu vəziyyətdən maksimum faydalanmaq istəyir. “
Bünyamin Bünyadzadə
Busaat.az