
İlin sonunda əlavə maaş kimlərə düşür? – VACİB MƏQAMLAR
“Azərbaycanda 13-cü və ya 14-cü maaş bütün işçilər üçün nəzərdə tutulan məcburi ödəniş deyil. Əmək Məcəlləsində hər bir işəgötürənin ilin sonunda işçiyə əlavə bir aylıq əməkhaqqı verməsi ilə bağlı ümumi tələb yoxdur. Belə ödənişlər əsasən konkret sahələr üzrə qüvvədə olan normativ aktlardan, kollektiv müqavilələrdən, əmək müqavilələrindən və müəssisədaxili qaydalardan irəli gəlir”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında səsləndirib:
“Dövlət və özəl sektorda çalışan işçilər arasında da bu baxımdan fərq var. Dövlət büdcəsindən maliyyələşən bəzi qurumlarda, xüsusi xidmət sahələrində və müəyyən peşə qruplarında əməkhaqqına əlavə ödənişlər, illik mükafatlar və digər həvəsləndirmə mexanizmləri tətbiq oluna bilər. Lakin bu, həmin sahədə çalışan hər kəsin avtomatik olaraq 13-cü maaş almaq hüququna malik olması demək deyil.
Məsələn, neft-qaz sektorunda, banklarda və beynəlxalq şirkətlərdə illik bonuslar kollektiv və ya fərdi əmək müqavilələri ilə nəzərdə tutula bilər. Dövlət orqanlarında isə mükafatlandırma xüsusi qaydalarla və mövcud maliyyə imkanları çərçivəsində həyata keçirilir. Dövlət qulluqçularının mükafatlandırılması üçün ayrıca hüquqi mexanizmlər də mövcuddur”.
Ekspert vurğulayır ki, konkret sahələrin adını çəkməkdən daha vacib məsələ işçinin əmək müqaviləsində, kollektiv müqavilədə və həmin qurumun mükafatlandırma qaydalarında bu ödənişin nəzərdə tutulub-tutulmamasıdır.
“ Əgər illik mükafat müqavilə ilə öhdəlik kimi təsbit edilibsə, işəgötürən onu ödəməlidir. Əmək Məcəlləsinin 157-ci maddəsi də ilin yekunlarına görə mükafatlandırmaya imkan verir, lakin bunu bütün işçilər üçün məcburi etmir”.// Konkret.az























