Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanova məhkəmənin hökmü ilə 18 il həbs cəzası verilib. Bu isə ictimaiyyətdə, tanınmış şəxslər, hüquqşünas və digərləri tərəfindən birmənalı qarşılanmayıb. Cinayətkarın məhz İlkin olduğuna əksəriyyət inanmır.
Busaat.az bildirir ki, Globalinfo.az mövzu ilə bağlı İlkin Süleymanovun qardaşı Adil Süleymanovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bir çox qaranlıq məqamlara aydınlıq gətirib. Cinayət işi ilə bağlı vacib detallar haqda danışıb.
Adil Süleymanov deyib ki, məhkəmə İlkinin məsələsi ilə bağlı dəlil və sübutları nəzərə almır:
“Bir ifadə yadımdadır ki, Nərminin ana tərəfdən nənəsi uşağın ölümündə öz qızı ilə kürəkənini günahlandırmışdı. Səhv etmirəmsə, Xoşqədəm Baxşəliyevanın verilişində, ya digər çəkilişdə demişdi. Faktiki olaraq, Nərminin əmisi Lətifin evinə girməsini 7 nəfər kənd sakini görüb, ordan çıxdığını isə bir nəfər də olsa görməyib. Hətta əmisinin oğlu Ayxan deyir, “Nərmin məndən sellofan istədi, sellofanı ona gətirəndə gördüm həyətdə yoxdur, küçəyə çıxdıqda orada da yox idi”.
Küçə düz küçədir, əgər Nərmin çıxıb düz istiqamətlə evlərinə gəlmiş olsaydı, Ayxan onu mütləq görə bilərdi. Bu da onu göstərir ki, ya Nərmin o istiqamətlərdə haradansa yoxa çıxıb, ya da ümumiyyətlə, çıxmayıb.
Deyirlər ki, guya Nərmin kitab götürməyə gedib bizə. Onu da İlkinin verdiyi “ifadə” ilə əlaqələndirirlər. Necə ola bilər ki, sellofanın gəlməsini gözləməyə səbri çatmayan uşaq, dərs oxumağa meylli olmadığı halda İlkinin ona kitab gətirməsini bu qədər gözləsin”.
A.Süleymanov bildirib ki, valideynlərin cinayət işində şübhəli şəkildə davranışlarını məhkəməyə faktlarla təqdim ediblər:
“Konkret deyə bilmərəm ki, bu cinayətdə ata-anası iştirak edib, yoxsa yox. Məhkəmə bizi aldadır ki, guya uşaq tapılan günü axşam saat 7-8 radələrində ata oradan keçib və meyitin yandığını görməyib. Amma anten dairələri həmin saatda başqa yeri göstərir. Bununla bağlı əlimizdəki sübutu məhkəmə imkan vermədi ki, ortaya qoyaq. Amma bu məsələ cinayət işinin içində var idi”.
İlkinin qardaşı qeyd edib ki, Nərminin itməsi təsadüfi deyil:
“İlkindən zorla alınan ifadədə bu cinayəti təsadüfən baş vermiş kimi göstərməyə çalışırlar. Guya İlkin siqaret çəkməyə çıxarkən anidən qızı görür və bir anlıq onu övladlığa götürməyi düşünür”.
A.Süleymanov deyib ki, Nərmin itən günü dərsdən tez çıxıb:
“Xoşqədəm Baxşəliyevanın verilişində Nərminin anası deyir ki, həmin gün qızı üçün məktəbdən icazə aldırıb, evə çağırıb. Amma nədənsə, heç bir istintaq bununla bağlı araşdırma aparmayıb və aparmaq niyyətində də olmayıb.
İstintaqın bir çox nöqsanlarını sizin üçün sadalayacağam. Deməli, dediyim kimi, uşağa anası tərəfindən məktəbdən icazə alınır, atası tərəfindən gözlətdirilir ki, digər bacıları da evə gəlsin. Bacılar gələndən sonra Nərmin itən gün əmisi Arifdən alınan gödəkcəni ona qaytarıb. Sonra atasının gödəkcəsini digər əmisi Lətifin evindəki hamamından evə gətirməlidir. Xəstə olduğu üçün məktəbdən icazə alınan uşaq niyə soyuq havada gödəkcə gətirməyə gedir? Niyə məhz Nərmin? Bunların evi ilə əmilərinin evinin arasında 38 yaşayış evi var. Nərmindən 2 saat sonra isə Şərif (ata) özü də gedib qardaşıgilə. Amma buna baxmayaraq bu adam Nərmini göndərir göndəkcə arxasınca. Özü gedəcəkdisə, hansı səbəbdən uşağı göndərib? Bunlar mütləq üzə çıxmalıdır”.
Şərif Quliyev (Nərminin atası)
A.Süleymanov bildirib ki, ata qızını axtarmağa getməyib:
“Maraqlısı odur ki, Nərminin gəlmədiyini görən ata, böyük qızını göndərir ki, görsün bacısı harada qalıb. Onların ifadəsində də var ki, həmin günü sarı rəngdə olan taksi qızı mindirib evlərinə “aparmaq” istəyir, qız da taksidə iki nəfərin olduğunu görüb şübhələnir və avtomobilin qeydiyyat nömrəsini yadında saxlayır. Qız gəlib olanları atasına danışıb. Artıq bu sözdən sonra Şərif daha çox narahat olmalı idi. Lakin ata bundan sonra əksinə, tam rahatlaşır və Nərminin Minayə nənəsigildə “olduğunu” düşünür. Nənənin həmin saatda işdə olduğunu bütün kənd bilir”.
Adil Süleymanovun sözlərinə görə, Nərmindən xəbər olmadığı halda, onun ailəsi qonaq gedir:
“Nərminin yoxa çıxmasına baxmayaraq, Şərif ailəsi ilə gedir qızını göndərdiyi qardaşının evinə və oradan da özü “ciyəraxşamı”na gedir. Qohumların ifadəsində də var ki, Şərif gələn zaman qızını heç kimdən soruşmayıb. Amma nədənsə istintaq dövründə bunlar araşdırılmadı. Düşünürəm ki, məhkəmədə Şərifin qızı ilə maraqlanmamasının səbəbi öyrənilməli idi. Ümumiyyətlə, Nərmini məktəbdən xəstəlik adı ilə niyə icazə alıb evə gətiriblər, dəqiqləşdirmək lazım idi. Amma bununla bağlı istintaq bir dənə də olsun araşdırma aparmayıb”.
İ.Süleymanovun qardaşı bildirib ki, Nərmin itdiyi gündən cəsədi tapılan günə qədər Dondar Quşcu kəndində cəmi 8-9 ev yoxlanılıb:
“Bütün kənd şahiddir ki, evlərin hamısı yoxlanılmayıb. Lakin sonra yalandan məlumat yaydılar ki, guya bütün kənd yoxlanılıb, bizimlə əmim oğlu Muradın evindən başqa. Bu, doğrudan da absurd və gülünc bir düşüncədir.
Allah eləməsin, İlkin cinayətkar olsa da, həmin polis qanunla həbs olunmalıdır. Sən necə polis rəisisən ki, bu qədər nöqsanlara yol vermisən?! Əgər doğrudan da uşaq axtarılırsa, niyə evləri yoxlayıb uşağın həyatını vaxtında xilas etməmisən? Hələ həmin polis rəisinə haqq verirlər, hətta ona general rütbəsi də vermək istəyirdilər”.
A.Süleymanov Nərminin öz evində sübutların tapıldığını deyib:
“Nərmin itdikdən bir gün sonra evlərində polis yoxlama aparıb və bir çox detallar tapıb. Hətta bütün qonşular da şahiddir ki, həmin polis kapitanı Şərifin qolunu buraraq deyib, “Sənin bu işdən xəbərin var!” Təsəvvür edin, polis atanı təhdid edib.
Keçək evdən tapılan sübutlara. Nərmingilin həyətindən iki yerdən topa şəkildə tük tapılıb, biri həyətlərindən, digəri evlərindən, üzərində tük olan 31 sm uzunluğunda bıçaq aşkar edilib. Ən dəhşətlisi isə odur ki, evlərinin arxa hissəsindən keçən arxın kənarından qanlı uşaq alt paltarı tapılıb. Polis zabiti gətirib və orada olan qonşular arasından iki nəfər seçdikləri hal şahidləri Süleymanov Rüstəm və Əliyev Gündüz adlı şəxsə göstərərək, belə bir şey tapdıqlarını deyib. Fakt odur ki, şahidlər bu şeyləri məhkəmədə deyən zaman Şərif özü də bunu təsdiqlədi. Yalan danışa bilməzdi, çünki bütün qonşular və hal şahidlərinin gözünün qarşısında olan bir məsələ idi. Nədənsə həmin paltar ortada yoxdur. Bıçağın üzərindəki tük də yoxa çıxıb. Protokolda bıçağın tüklü olduğu yazılıb”.
Adil Süleymanov
Həmsöhbətimizin sözlərinə görə, şübhəli məqamlardan biri də odur ki, həmin iki nəfər hal şahidi protokoldan çıxarılıb, digər iki nəfər İlahə və Ruslan adında ər-arvad ora imza atıb:
“Onlar özləri də deyirlər ki, evin yoxlanmasında iştirak etməyiblər. Məhkəmə nədənsə yenə də hal şahidlərinin dindirilməsini təmin etmədi. Araşdırılmalıdır ki, alt paltarını kim və nəyə görə gizlədib, niyə polis rəisi və valideynlər onu gizlətməyə çalışıb?! Bunların hamısı Nərmin işində müəyyən detalların üzə çıxmasına kömək edə bilərdi, amma açıq şəkildə gizlədildi”.
A.Süleymanov deyib ki, Nərmin tapılan günü valideynləri polis şöbəsində olsa da, onlar evə gəldikdən sonra yenə də polis rəisi onlara gəlib:
“Sual verəndə ki, polis niyə sizə gəlib? Cavab veriblər ki, guya polis uşaqlarını axtarmadıqlarının səbəbini soruşurmuş. Bu cavab hakimin özünü də hiddətləndirdi və doğruları deməyi tələb etdi. Artıq ondan sonra dedilər, “polis bizi qardaşımgilə aparıb qonşuları topladı və hər kəsin yanında uşağımız tanınmaz halda olarsa hansı əlamətindən tanıyacağımızı soruşdu. Biz də dedik ki, qırmızı gödəkcəsindən, ayaqqabısı və ağzında iki dişinin olmamasından tanıyarıq”. Maraqlısı isə odur ki, polis rəisi qayıtdıqdan sonra həmin günü axşam meyit ailənin təsvir etdiyi şəkildə tapılır. Sizcə, bu əlamətləri kim elan etsə yaxşıdır?! Elə polis rəisinin özü. Uşağı heç kim tanımayıb, amma rəis kənardan tanıyıb ki, hamısı ata-ananın dediyi kimidir”.
Aynurə İsmayılova (Nərminin anası)
Bir çoxları kimi, Adil bəy də Nərminin ölümündən sonra onun ailəsinin dolanışığının yaxşılaşdığını vurğulayıb:
“Ata özü də ifadəsində ciyərlərində problem olduğuna görə müavinət aldığını və fəhlə olaraq işlədiyini deyirdi. Amma qızından sonra həmin ailənin maddi imkanları yaxşılaşmağa başlayır. Nərmin itkin düşdükdən və tapıldıqdan sonra evin fərqi açıq şəkildə görünür. Sonra çıxıb dedilər ki, guya evlərinə mərmi düşüb deyə, dövlət təmir edib. Amma yalan olduğunu bütün kənd bilir. Biz də bunu dəqiqləşdirmək üçün kənd icra nümayəndəsinə sorğu göndərdik ki, kənddə mərmi düşən evlərin siyahısını bizə təqdim etsin. Samir adlı nümayəndə böyük məmnuniyyətlə o siyahını bizə verəcəyini bildirdi. Hətta biz Samirdən Şərifin evinin dövlət hesabına təmir olunduğunu soruşduqda, o belə bir şeyi ilk dəfə bizdən eşitdiyini və dövlət tərəfindən təmir olunmadığını dedi. Ən pisi isə odur ki, Samir bir həftə sonra həmin siyahını bizə verə bilməyəcəyini, ona icazə verilmədiyini bildirdi. Şərifin veteranlıq alması da təsadüfi deyil…..”
Müsahibimiz Nərminin bacıları üçün də dəstək olduğunu bildirib:
“Qonşular, qohumlar da bilirlər ki, qızın birinin dişinə bahalı breket taxıblar. Breketlər isə bilirsiniz hansı məbləğdə olur. Nərminin dəfnindən sonra bacılarına bahalı mobil telefon da alınıb. Bununla bağlı da əlimizdə faktlar var. Saydıqca bitmir”.
A.Süleymanov deyib ki, İlkinin bu cinayəti törətmədiyinə dair yüzlərlə fakt var:
“Birincisi, həmin günü qardaşım saat 3-ə qədər Gəncədə yas yerində olub. Amma cinayəti onun üzərinə yükləyəndə dedilər ki, guya İlkin səhərdən axşama kimi həmin cinayəti planlaşdırıb. İkincisi isə İlkinin bu cinayəti törətdiyinə dair bir dənə də olsun ortada sübut yoxdur.
Burada iki məsələ var:
Meyitin Nərminə aid olmamasına dair dəlillərlə bağlı olan uyğunsuzluq. Səhiyyə Nazirliyinin prokurorluğun oyununa çox da getməməsi.
İlkin məcburiyyətdən deyir ki, guya Nərmini ayın 6-sı düşürüb öldürüb və yandırıb. Səhiyyə Nazirliyi isə bunu təkzib edib. Onların verdiyi rəydə meyitin ölməsi daha əvvəl olub, başına da 5 zərbə dəyib. İlkinin isə ifadəsində bir zərbə vurduğu qeyd edilir. Maraqlıdır ki, maddi sübut kimi ortada daş da yoxdur.
İlkin boya qabları ilə bağlı verdiyi ifadə var. Heç onu da axtarmağa meylli olmayıblar. Görüntülərdə qardaşımın ayağında çəkələk olması, müstəntiqin öndə getməsi, otaqları göstərməsi, yolun yarısında yaşayış evinə girmək istəməsi şübhə yaradır. Qoy otağı təqsirkar özü göstərsin də, sən niyə göstərirsən?! Anlamadım, “cinayətkar” İlkindir, yoxsa müstəntiq? Əgər İlkin cinayətkardırsa, niyə detalları evdə müstəntiq üzə çıxarır? Çünki onlar ilk başda artıq İlkinə istiqamət vermək istədilər ki, o da elə davam etsin”.
Adil Süleymanov bildirib ki, ifadədə qızın oğurlandığı saat 15:30 göstərilir:
“Nərmini Arif əmisinin evindən çıxıb, Lətif əmisigilə gedəndə saat 16:10-da iki məktəbli görüb. Həmin uşaqların müəllimi də təsdiq edib ki, doğrudan da uşaqlar hazırlıqdan saat 16:00-da çıxıblar. İkincisi isə bacım İlhamə bizim məşğələ otağımızda saat 15:30-dan 17:00-a qədər dərs keçib. Cinayət işinin içində həmin uşaqların da ifadəsi var. Müstəntiqlər bunu bilə-bilə, yenə də oyuna getdilər. Onlar düşünməyiblər ki, biz bu faktları təhlil edib ortaya çıxaracağıq. Lap deyək ki, heç 15 yox, 16:30-da İlkin qızı evə gətirdi, bəs necə oldu ki, onu heç kim görmədi? Axı bacım dərs dediyi uşaqlarla evdə olub.
İlkin danışır ki, guya uşağın başına sığal çəkib və deyib ki, qızım, getmə, qal, o da deyib, “yox, əmi, nə danışırsınız, mən getməliyəm”. Müstəntiq özü də görür ki, İlkin yalan danışa bilmir”.
Müsahibimiz qardaşına ifadə zamanı təzyiq olunduğunu deyib:
“Müstəntiq yaxınlaşır İlkinə, ayağı və əli ilə təzyiq göstərir. Bunlar hamısı videoda var. Hətta orada polis serjantı əyilib baxır ki, görsün müstəntiq buna nə edir? İlkinə demək istəyir ki, yəni “ağıllı ol, sən yenə polis şöbəsinə qayıdacaqsan”.
Orada Rüfət adlı polis zabiti var, kameradan gizlənməyə çalışır. İlkinə ən ciddi işgəncə verən şəxslərdən biri də odur. Daim İlkinin qarşısında göz dağı kimi olur ki, birdən kameralara hər şeyi olduğu kimi deyər. İlkin orada dərdini deyə biləcək yaxınlarını axtarıb. Amma ev blokadaya alınmışdı deyə, heç kim olmur. Hətta qardaşıma yalandan deyiblər ki, guya valideynlər ondan imtina edib və evi yandıracaqlar. Həmin görüntülərə 2-3 dəfə baxdıqda ifadənin qurma olduğu ortaya çıxır.
Gələk dediyim boya qablarına. Bir qızın təbii ehtiyaclarını boya qabına ödəməsi təsəvvür edilə bilməz. Orada mütləq yerə sidik ifraz olunardı. Deyir, o qabların sayı 7-8 olub və hamısı hansısa dərəyə “atılıb”. Hansı dərə o da bilinmir. Müstəntiq soruşur ki, qab dolandan sonra atırdın? O da deyir hə. Bu 45 gün müddətinə bir boya qabı hər dəfə dolana qədər orada qalsa, məgər otağa iydən daxil olmaq olardımı? İnanın ki, bizim evimizdən Nərminə aid heç nə tapılmayıb, iy də olmayıb”.
Adil Süleymanov deyir ki, polis evə daxil olduqdan sonra necəsə olub barmaq ucu boyda qan ləkəsi tapıb:
“Onu da ikinci qrup kimi göstərirlər yalandan, Nərminin isə qanının 4-cü qrup olduğu deyilir. Qandan DNT analizi edə biləcəkləri halda, etməyiblər. Səbəb nədir bəs? Siz fikir versəniz, İlkin özü demir nə və necə baş verib. Nələrin baş verdiyini müstəntiq sualla yönləndirir. İlkin onlara cavab verir. Digər bir diqqətçəkən məqam isə İlkinə sual verən zaman cavab olaraq konkret demir bu şeyi belə etmişəm. Deyir ki, “onu belə deyim də”. O cümlə özü də bir daha göstərir ki, qardaşım bu ifadələri təzyiq altında verir.
İlkinin nöqsanı burada odur ki, bu cinayəti üzərinə götürmək üçün “canfəşanlıq” edir. O da bizə dedi ki, onu etiraf etmək üçün döyürdülər. Bu cinayəti onun törətmədiyini dedikcə, daha çox döyürlərmiş. Deyir, gördüm ki, çıxış yolum yoxdur, ata-anam evi yandıracaq, hər kəs imtina edib, yalandan boynuma aldım bu cinayəti”.
Müsahibimiz Nərminin ailəsi ilə münasibətlərinin daha əvvəl pis olmadığını qeyd edib:
“Şərifgillə yüksək səviyyədə olmasa da, normal münasibətimiz olub. Amma təəssüf ki, qardaşımı qurban seçən seçib artıq. Yəqin onun subay olduğunu görüb deyiblər elə “yaxşılıq” edib cinayəti rahat şəkildə bunun üzərinə ataq. İlkini o qədər döymüşdülər ki, ayaqları şişmişdi. Allah şahiddir ki, qardaşım qayda-qanunu sevən adamdır, bir adama da ziyan vura bilməz. İlkin işgəncələrə məruz qalıb deyə hər şeyi öz üzərinə alıb”.
A.Süleymanovun sözlərinə görə, meyitin Nərminə aid olduğu hələ şübhə altındadır:
“Tapılan şəxsin qarın nahiyəsinin kömürlənmiş halda yandırılması bunun məqsədli şəkildə olduğundan xəbər verir. Biz təcavüzlə bağlı məlumatlar almışdıq. Cinsi orqanlarının yandırılması o qədər dərin idi ki, onun təcavüzə uğrayıb-uğramadığını müəyyən etmək qeyri-mümkün olub. Fikirləşirik yəqin bunu gizlətmək üçün ediblər. Amma burada böyrək məsələsi də çox önəmlidir. Məhz qarın nahiyəsinin yandırılması, əməliyyatın gizlədilməsindən də xəbər vermiş ola bilər. Hazırda bu istiqamətdə vəkillərimiz araşdırma aparırlar”.
Müsahibimiz onu da dedi ki, cinayətin üzə çıxarılması üçün yetərincə ipucları var:
“Birincisi, meyit tapılarkən İlkin videoya çəkib. O isə belə olub ki, qonşu Nazimi əmini və polis olan əmim oğlunu çağırıb. Əmim oğlu da polis olduğu üçün fikirləşib ki, hadisənin fotosunu çəkmək daha yaxşı olar. O da İlkinə deyib ki, sən video çək, mən polisə zəng edim. Hətta həmin görüntülərdə Muradla Nazim əminin səsi düşüb.
İlkin ora siqaret çəkmək üçün çıxıb. Bu zaman görüb ki, meyit var. Orada meyitin ətrafında ayaq izlərinin olduğunu da deyir. Görüntülərdə də qeydə alınıb. Qardaşım isə ora 4 metr uzaqdan baxıb, ayaq izinə görə yaxınlaşmayıb. Bu o deməkdir ki, kənar şəxslərin ayaq izi var.
Hətta İlkin meyiti söndürənə deyir ki, elə söndürün ki, ayaq izləri itməsin. Normal adamın təfəkkürüdür ki, cinayətin izi pozulmasın da. İlkin həmin cinayəti törətmiş olsa idi, ayaq izlərinin silinməsi üçün oraya yaxınlaşıb özünü guya söndürənlərə yardım etmiş kimi gösətərdi ki, sabah da deyə bilsin ayaq izinin yardım edən zaman düşdüyünü deyə bilsin. Amma nədənsə, həmin videonu məhkəmədə göstərmədilər. Lakin ad qoydular ki, guya İlkin cinayətini gizlətmək üçün video çəkib”.
Adil Süleymanov deyib ki, Nərmin yoxa çıxdıqdan 2-3 gün sonra uşağı axtarmaq üçün kəndə xüsusi it gətiriblər :
“Təsəvvür edin, it Nərminin evindən çıxıb əmisigilə getdiyi izi tapıb və geri qayıdıb. Deməli, it qayıdan zaman bizim evin yanından keçib. Amma evimizə girməyib. Şərif itin özünün getdiyini, məcbur aparılmadığını təsdiqləyib. Nərmin bizim evimizdə olsa, it bizə daxil olardı da. O köpək iy bilməsəydi, təlim keçmiş olmasaydı, Nərminin əmisigildən çıxıb Şərifin evinə tərəf qayıtmazdı. Meyit tapılan zaman ayaq izlərinə görə it gətirmədilər, meyitin olduğu yeri də ata ilə polis qanunsuz olaraq qazıb alt-üst etmişdilər. Bununla bağlı etdiyimiz şikayətə baxan olmadı. Bunun hamısı həmin ayaq izlərini itirmək üçün idi”.
Yazıda adları hallanan şəxslərin, qurumların mövqeyini dərc etməyə hazırıq.