Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib. Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumatda bildirilib ki, bu addım ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki olaraq rəsmiləşdirilir. Yeni hərbi attaşe Fransanın ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək.
1990-cı ildən NATO ölkələri Qafqaz regionuna silah satışını qadağan etmişdi. BMT münaqişə edən ölkələrə silah satılmasını qadağan etdiyi halda Fransa indiki vəziyyətdə nə üçün belə addım atır?
Mövzu ilə bağlı AĞ partiya başqanı Tural Abbaslı Busaat.az-a açıqlamasında deyib:
“Burada qeyri-adi, təəccüblü nəsə yoxdur. 1990-cı illərin əvvəllərindən tutaq ki, NATO münaqişəli ölkələrə, Qafqaza silah satmağı qadağan edibsə də, 21-ci əsrdə 2000-2020-ci illərdə dünya düzəni pozulub. Beynəlxalq hüquqda ciddi problemlər yaranıb. Demək olar ki, hər güc özünü hegeman hesab edir. Ona görə də yeni yaranacaq düzəndə hər qüvvə özünü formalaşdırmağa çalışır. Odur ki, Fransanın da 90-cı illərdə qəbul etdiyi öhdəlikləri icra edəcəyinə inanmaq doğru deyil. Hazırda Fransa Avropada aparıcı dövlət olduğunu isbat etmək üçün dünyanın müxtəlif yerlərində baş verən konfliktlərdə açar rolunu oynamağa çalışır. Bununla da özünün Avropa ölkələri içində əsas ölkə olduğunu göstərmək istəyir.
Birinci və İkinci Qarabağ müharibəsi dövründən Fransanın mövqeyi məlumdur. Biz buna təəccüblənməməliyik. Buna qarşı mübarizə aparmalıyıqmı? Əlbəttə ki, həm siyasi, həm də digər yollarla mübarizə aparmalıyıq. Hətta sabah ABŞ və Rusiyanın da Ermənistana silah verməsinə şahid olsaq da, təəccüblənməməliyik. Çünki, burada Türkiyə və onun ətrafında yeni güc mərkəzi formalaşır. Türkiyənin yanında olan əsas ölkələrdən biri də Azərbaycandır. Dolayısı ilə ABŞ, Rusiya və Qərb yeni düzəndə onlar üçün təhlükə ola biləcək Türkiyənin müttəfiqi olan Azərbaycana qarşı birlikdədirlər”.
“İnanıram ki, Fransa Ermənistana gizli şəkildə də silahlar verir. Heç kimə sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərində istehkam qurğularının qurulmasında Fransız hərbi mühəndisləri də iştirak etmişdi. Həmin müdafiə xəttinin formalaşmasında birbaşa Fransa rol oynamışdı. Biz ya Fransanı diplomatik addımlarla bu məsələlərdə neytrallaşdırmalıyıq, ya da Fransaya rəqib ölkələrlə dostluq əlaqələri qurmalıyıq. Lakin təbii ki, heç bir fransız erməni üçün döyüşən deyil. İstənilən silahı Fransa verə bilər. Silahı istifadə edən isə erməni olacaqdır. Ölən də erməni olacaqdır. Bunların hamısı ziyana atılmış addımlardı. Ermənistanın yeganə yolu Azərbaycanla dil tapmaq və normal qonşuluq siyasəti yürüdərək normal şəkildə qonşu kimi yaşamaqdır”, – T.Abbaslı qeyd edib.
Busaat.az