İnsanlara əsl xoşbəxtliyi bəxş edən vəhdət və onun dincliyidir

image-tasavvuf-ilahi-askbackend

Kainatdakı sevginin zirvəsi insandır. İnsan həm sevən, həm də seviləndir. Təbii ki, sevgi bütün canlılarda var, ancaq sevginin dərəcəsi və təzahürü fərqlidir. Məsələn, pişik bəyəndikdə və ya sevildikdə miyoldayır, it quyruğunu bulayır və s. Ancaq insan həm də ağıla sahib olduğu üçün sevgi mövzusunda ağıldan da istifadə etməlidir. Mövcud varlıqlar içində sevgiyə ən çox insan layiqdir və az öncə qeyd etdiyim kimi, insan həm də ağıla sahib olduğu üçün sevgini analiz də edə bilir. Çünki insan sevgisi insanı həm də Allaha yaxınlaşdırır və həm ağıl, həm də hisslərlə Allaha yaxınlaşa bilən tək məxluq insandır.

Əslində, sevgi üçün “Allaha yaxınlaşdıran” yox, “yaxınlaşan” demək lazımdır. Çünki insan Allaha sevgi ilə bilavasitə yaxınlaşır və bu yanaşma öz-özlüyündə biruzə verir. Eşqin əvvəlcə Allahdan başladığı “Mənə bir addım yaxınlaşana mən 100 addım, mənə 100 addım yaxınlaşana mən 1000 addım yaxınlaşaram. Mənə yeriyərək gələnə, mən qaçaraq gələrəm” deyilərək bildirilmişdir. Bu isə “Məni sevəni mən daha çox sevirəm” deməkdir.

Sevgi insanlarda yaradılışdan bəri mövcuddur və Allaha qovuşduran bir hissdir. Bu insanda toxum şəklindədir. Onsuz da qəlbdəki bu toxum böyüyüb, inkişaf edəcək, ancaq bir az zaman lazımdır. Təbii ki, Allahın nəzərində vaxt və məkan olmadığı üçün bu məsələ onun üçün vacib deyil. Ancaq insanlar üçün vacibdir. Hər şeyi bir-birinə bağlayan sevgi və məhəbbətdir. “Hər şeyi iki yaradan Xaliq, həm də bir-birinə zidd yaradıb. Ki, hər ikidən biri müsbət, digəri isə mənfidir ki, bir-birini cəlb edib, birləşə bilsinlər. İkili yaradılışın məqsədi də budur. Bu ikilik həm də bir-birinə güzgü olmaq, güzgü rolunu oynamaq deməkdir. “Mömin möminin aynasıdır” hədisinin mənası da budur.

Sevgi bir anda zirvəyə çıxan hiss deyil. Necə ki, su odun üstünə qoyulan kimi qaynamağa başlamırsa, aşiq olanlar da eşqin ən üst səviyyəsinə çatmaq üçün zamana ehtiyac duyur. İnsan da su kimi yavaş-yavaş isinir, isinir, sonra qaynamağa başlayır. Qaynama noqtəsinə isə “Qaram” deyilir. “Qaram” (Şiddətli, arzu, hədəf) bir dövrdü. Bu dövrdə insan eşqin şiddətindən hətta, canına belə, zərər verə bilər. Hətta, şüursuz halda intihara da cəhd edə bilər. Amma necə ki, bilmədən bir şeylər yemək və ya içməklə oruc pozulmursa, bu dövrdə edilən səhfləri də Allah bağışlayar. Zamanla isə insan kamilliyə çatıb, əslinə qovuşmağa can atarkən, zərər verdiyi canının da ona əmanət edilmiş olduğunu və əslinə qovuşmağın lazım olduğunu öyrənir.

Sevgi və eşqin əvvəli də, sonu da məhəbbətdir. Ona görə, “Eşq məhəbbəti, məhəbbət də Məhəmmədi dünayaya gətirir”-deyilir. Yuxarıda da qeyd etdiyim kimi, eşqin ilk dəmlərində insan qaynamağa başlayıb “Qaram” dövrünə qədəm qoyur, özündən uzaqlaşır, yanıb, kül olur və yenə əslinə dönür. Yəni, birinci şüursuz məhəbbət olduğu üçün, ikincidə şüurlu məhəbbət şəklini alır. Qeyd etdiyim kimi, insanda digər varlıqlrdan fərqli olaraq ağıl da olduğu üçün bu mözvuda da ağlından istifadə etməlidir. Düzdür, eşq yolunda ağıl hökmünü itirir, bələdçi ürək olur, lakin can əmanətinə xəyanət etməmək üçün ağlı ilə digər canlılardan fərqlənən insan ağlını da dinləməlidir.

İnsan ailə həyatı quranda belə, əvvəl məhəbbətlə addım atılır, sonra fırtınalı bir eşq meydana girir, amma bundan sonra təkrar əvvəlki məhəbbətə çevrilir və məhəbbət bu şəkildə davam etdirilir. Məcazi bir sevgi olmasına rəğmən, bu eşq də eynən ilahi eşqdəki kimidir. İlahi sevgi də əvvəlcə insana şiddətlə əks olunur, bundan sonra insan eşqin təsiri ilə ağlamağa başlayır. Ağlamaq də içdən gəldiyi üçün insana əvəzolunmaz zövq və rahatlıq bəxş edir. İnsan sanki gözlərindən tökülən hər damlada çəkdiyi qəhqəhənin ləzzətini alır. Bu da o deməkdir ki, insanlara əsl xoşbəxtliyi bəxş edən məhz vəhdət anlayışı və onun dincliyidir.

Müəllif: Mərahim Nəsib

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90