İranda HƏMAS lideri Haniyənin sui-qəsd cəhdi nəticəsində həlak olması Yaxın Şərqi genişmiqyaslı müharibənin astanasına gətirib. ABŞ prezidenti Co Baydenin Yaxın Şərqdəki son hadisələri müzakirə etmək üçün milli təhlükəsizlik komandasını toplayacağı bildirilir. İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Səlami deyib ki, İsrail “sərt cavab alacağı təqdirdə səhvini anlaya bilər”. Digər tərəfdən ABŞ prezidentliyinə namizəd Donald Tramp İranın bu gecə İsraili vuracağını iddia edib. Bəs iki ölkənin hərbi gücü nə səviyyədədir? Qarşıdurmada kim önə çıxa bilər?
İran Yaxın Şərqin ən böyük ordularından birinə sahibdi. 580 min əsgəri var. 200 000 də ehtiyat əsgəri mövcuddur. Ali baş komandanı ali dini lider Xamenei olan Ordu və İnqilab Keşikçiləri (SEPAH) ayrı-ayrılıqda quru, hava və dəniz qoşunlarına sahibdi. İran sərhədinin qorunmasını SEPAH qoşunları icra edir. SEPAH-ın içərisində Qüds gücləri də yer alır. Qüds gücləri SEPAH-ın beynəlxalq əməliyyatlarını yönləndirir. Qüds gücləri bir çox qrupları təlimatlandırır. Bu qruplar Livanda Hizbullah, İraqda şiə milislər, Qəzzada Həmas və İslami Cihad, Yəməndə husi milislərdir. Adıçəkilən qruplar İrana hər hansı hücum baş tutarsa Tehranı dəstəkləyəcəklərini ifadə edirlər. Proksi qüvvələr arasında İrana ən çox yaxın olanı Livanda Hizbullahdır.
İran həm də Yaxın Şərqdə ən böyük ballistik raket ehtiyatına malik ölkələrdən biridir. Uzaqmənzilli ballistik raketlər uzaq hədəflərə, xüsusən də İsrailə çatmağa qadirdir. “Sejil” raketinin 2500 kilometr mənzilə sahib olduğu və saatda 17 min kilometr sürətə çata biləcəyi iddia edilir. Xeybar raketi 2 min kilometr uçuş məsafəsinə malikdir. İran 2023-cü ildə ilk hipersəs ballistik raketini istehsal etdiyini açıqlayıb. Hipersonik raketlər səsdən beş dəfə daha sürətli hərəkət edir və adi raketlərə nisbətən qarşısını almaq daha çətin olan təhlükə yaradır. İranın hərbi hava qüvvələri tez-tez köhnəlmiş texnika ilə təchiz edilir. Şah Rza Pəhləvi dövrünə aid döyüş təyyarələri ehtiyat hissələri olmadığından tam gücü ilə istifadə oluna bilmir.
Lakin İran bu zəifliyi kompensasiya etmək üçün hava hücumundan müdafiə sistemlərinə və uzaqmənzilli raket proqramına diqqət yetirir. Yeraltı raket bazaları və gizli sursat anbarları İranın hava hücumlarından qorunmaq üçün inkişaf etdirdiyi müdafiə tədbirləri sırasındadır.
İran Fars körfəzi və Hörmüz boğazında nəzarəti saxlamaq üçün kiçik sualtı qayıqlardan və hücum katerlərindən istifadə edir. Bu qüvvələr asimmetrik müharibə strategiyaları çərçivəsində xüsusilə neft daşınmalarını pozmaq və ya düşmən gəmilərinə hücumlar təşkil etmək üçün mühüm rol oynayır.
İran son illərdə dron texnologiyasına böyük sərmayə qoyub. 2500 kilometr məsafəyə malik olan və aşkarlanmamaq üçün alçaqdan uça bilən dronlar hazırlanıb. “Muhacir 10” adlı pilotsuz təyyarə ötən il təqdim edilib.
İran bu dronlardan təkcə öz əməliyyatlarında istifadə etmir, həm də ixrac edir. İran pilotsuz təyyarələrinin Rusiya tərəfindən Ukrayna və Sudandakı münaqişələrdə istifadə edildiyi barədə məlumatlar var.
1989-cu ildə Ayətullah Əli Xamenei inqilab keşikçilərinə silah sənayesini inkişaf etdirməyi tapşırdıqda, İran özünün müdafiə sənayesi infrastrukturunu yaratmağa başladı. Bu gün İran raketlər, pilotsuz təyyarələr və bəzi zirehli maşınlar kimi öz hərbi texnikasını istehsal etməyə başlayıb. Bununla belə, o, hələ də döyüş gəmiləri və müasir zirehli maşınlarda irəliləyiş əldə etməyə çalışır.
İran illərdir davam edən beynəlxalq sanksiyalara görə xaricdən yüksək texnologiyalı silah və sursat ala bilmir. Bu məhdudiyyətlər İranın öz müdafiə sənayesinə və yerli istehsala diqqət yetirməsinə səbəb oldu. Sanksiyaların gətirdiyi iqtisadi çətinliklər İranın hərbi xərclərində müəyyən məhdudiyyətlərə səbəb olsa da, xüsusilə İnqilab Keşikçiləri üçün müdafiə sənayesinə investisiyalar artıb.
İranın hərbi strategiyası əsasən çəkindirmə üzərində qurulub. Bu strategiya İranın regionda və qlobal səhnədə mövcudluğunu qorumaq və rəqiblərini tarazlaşdırmaq məqsədinə xidmət edir. İranın proxy qüvvələri, raket tutumu və pilotsuz təyyarə proqramı bu strategiyanın ən mühüm elementlərindəndir. Bu elementlər İranı istənilən birbaşa münaqişədə, xüsusən də İsrail kimi regional rəqiblərə qarşı ciddi təhlükə mənbəyinə çevirir.
İranın hərbi potensialı və strateji yeri həm regional, həm də qlobal səviyyədə balanslara təsir etmək potensialına malikdir. Hərbi qüvvələri ilə yanaşı, proxy qüvvələrlə qurduğu ittifaqlar bu ölkənin bölgədəki təsirini gücləndirir və potensial münaqişə vəziyyətində bu gücün necə istifadə ediləcəyi bütün dünyada diqqətlə izlənir.
Lakin bu hərbi potensial müharibənin olmayacağı qənaətini doğurmur.
İran İsraili əhatə edən 4 ölkə üzərində coğrafi irəliləyişlərini sürətləndirib. İran iki müharibə cəbhəsinə nəzarət edir və xüsusilə də İraqda silahlı proksilərinin sayını artırıb.
Hizbullahı silahlandırmanın miqyası artıb. Ən çətin amil İranın nüvə hərbi potensialını inkişaf etdirməkdə israrlı olmasıdır.
Ballistik raketlərlə yanaşı, pilotsuz uçuş aparatları da qüvvələr balansını təhdid edən və müharibə ehtimalını artıran yeni təhlükə yaradır. Kimin qalib olacağı ilə bağlı qəti fikir yürütmək çətindir. Bir çox ekspertlər İsraili hərbi baxımdan üstün hesab edirlər. İsrail qısa bir müharibə apara və
İrana böyük ziyan vura bilər, lakin münaqişəni təkbaşına tam qələbə ilə yekunlaşdıra bilməz.
ABŞ isə daxili cəbhənin vəziyyətini, ətraf ölkələrin əməkdaşlığını və digər böyük dövlətlərin münasibətini nəzərə alaraq uzunmüddətli müharibə apara və İran rejiminin gücünü və imkanlarını məhv edə bilər.
Xatırlayırıq ki, İraq regionun ən güclü hərbi gücü hesab olunurdu, döyüş təcrübəsi olan orduya və region ordularının analoqu olmayan sərt siyasi və hərbi rejiminə malik idi və buna baxmayaraq, 2003-cü ilin martında amerikalılar cəmi iki həftəyə onu məhv edə bildilər.
İran rejimi Səddam rejimindən strategiyaları başa düşməyə və riskləri hesablamağa, münaqişələrdən qaçmağa və itkilərə dözməyə hazır olması ilə fərqlənir. Lakin bu, dağıdıcı və ya “apokaliptik” müharibə ehtimalını aradan qaldırmır, çünki Tehran güc balansını dəyişən və Bab əl-Məndebə qədər genişlənən, həmçinin İordaniyanın sabitliyini təhdid edən ekspansionist yanaşmasını davam etdirir.
Əli Hüseynov