Hələ SSRİ dağılmadığı, ancaq dağılmasına az qalmış zamanlarda dünya “SSRİ-dən sonrası”na hazırlaşmağa başlamış, bu nöqtədə İran dövləti də öz milli strategiyasını hazırlamışdı.
O zamanki İran strategiyasına görə, Tehran heç vaxt rəsmi Bakı ilə əlaqələr qurmayacaq, ancaq xarici siyasəti Moskvaya tabe Bakı ilə görüşəcəyini hesab edirdi…
İran saydığını saydı, amma zaman istədiyi geosiyasi vəziyyəti formalaşdırdı. İran nəinki SSRİ-dən sonra rəsmi Bakı ilə razılaşdı, hətta bir sıra məsələlərdə, xüsusən Xəzərin statusu məsələsində rəsmi Bakının iradəsini qıra bilməyərək, umduğundan az pay sahibinə çevrildi…
İndi isə, İran fərqli Bakı ilə üz-üzə qalıb, onun xofunu yaşamaqdadır. Bu Bakı isə, sürətlə regional güc olan və İranın bütün regional məsələlərdəki əsas rəqibinə çevrilən Bakıdır. O Bakı ki, indi onun dünya siyasətindəki rolu İranın dünya siyasətindəki rolundan daha qabaqcıl hal alıb:
– Bakının neft-qaz ehtiyyatları Tehranın sahib olduğu neft-qaz ehtiyyatlarından azdır, ancaq Bakı dünyanın enerji təhlükəsizliyində İrandan daha aktiv rol oynaya bilir;
– İranın coğrafi mövqeyi Azərbaycanın coğrafi mövqeyindən pis sayılmaz, ancaq Azərbaycan tranzit ölkə kimi dünya siyasətinə İrandan daha çox fayda verə bilir;
– İranın hərbi-texniki imkanları daha genişdir, ancaq Azərbaycan ordusu indi dünyanın gözündə daha əzəmətli görünür və qatıldığı heç bir döyüşdə minimal müvəfəqiyyət qazana bilməyən İran ordusu ilə nisbətdə Azərbaycan ordusu 30 illik işğala son verərək, maksimal qələbə qazanıb. Burada rəqiblərin güc nisbətləri önəmli deyil. Çünki İran və Azərbaycan ordusunun hərbi-texniki imkanları arasında da ciddi fərqlər var. Yəni aparılan müharibələrdə hərbi hazırlıq və siyasi səriştə önəm əhəmiyyət kəsb edirdi ki, İran heç bu fərdi xüsusiyyətlərdə də Bakını üstələyə bilməyib…
Siyahını uzatmaq üçün çoxlu əsaslar var, ancaq vaxt itirmədən İranın “Azərbaycan xofu” barədə danışmaq lazımdır.
İran yaxşı hesablayır ki, bu dövlət bir imperiyadır və bu imperiya min illik türk dövlətlərinin bağrından yoğrulub, türklərin mirası həmin dövlət miskinliklə oğurlanıb və farslara hədiyyə edilib. Bu oğurluq planı Parisdə hazırlanıb, ABŞ-da razılaşdırılıb və Rusiyanın iştirakı ilə baş tutub…
Sözümüz (ən azından indilik) onda deyil…
Rəsmi Tehran SSRİ-nin dağılması ilə üzlədiyi problemi hələ 1980-ci illərdən hesablayıb: Azərbaycan müstəqil olacaq, müstəqil Azərbaycan güclənməyə başlayacaq, gücləndikcə tarixi yaddaşını geri qaytaracaq, tarixi yaddaşına qovuşduqca öz haqlarını istəyəcək və Azərbaycanın şimalında bu proseslər davam etdikcə, paraleldə Cənubi Azərbaycanda da tarixi yaddaş geri qayıdacaq və Şimaldan gələn azadlığın isti nəfəsi Cənubdakı buzları da əridəcək…
İranın tək qorxusu bu – Cənubi Azərbaycanın İrandan ayrılması, yaxud İranda yenidən türk dövlətinin bərqərar edilməsi deyil. Əslində özünün hərbi-siyasi üstünlükləri hələlik imkan verir ki, farsizm İran imperiyasını silah gücünə qoruyub saxlasın.
İranın Azərbaycan xofuna bir çox səbəblər var.
Azərbaycan Ukrayna-Rusiya müharibəsindən sonra Qərblə Şərqi birləşdirən əsas quru nəqliyyatı tranziti halına gəlir. Rusiyanın enerji resurslarının Avropa bazarlarına tədarükünün mümkünsüzləşməsi fonunda Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin əsas aktoruna çevrilir. Üstəlik, Mərkəzi Asiya dövlətlərinin enerji resurslarının da Azərbaycan vasitəsilə Avropa bazarlarına daşınması ehtimalları var ki, bu ehtimallar reallaşarsa, o halda Azərbaycan dünyanın bütün ölkələrinin əsas diqqət mərkəzi olacaqdır.
Bundan başqa, Azərbaycan sürətlə inkişaf edir və bu inkişafın təməlində hərbi qüvvələrin inkişafı, ağır sənayenin təkminləşdirilməsi və ya xaricdən təmin edilməsi kimi məsələlər yer alır. İran hesablayır ki, bir müddət sonra Bakı öz hərbi-texniki inkişafı ilə İranı qabaqlayar və bu zaman İran Azərbaycana qarşı yeganə təsir vasitəsini – özünün hərbi-texniki üstünlüyünü itirmiş olacaqdır.
İran həm də Azərbaycanın xarici siyasətindən narahatdır. Azərbaycan dünyanın bir sıra güclü dövlətləri ilə sağlam diplomatik münasibətlər qurub. Məhz bunun nəticəsidir ki, İran hər nə qədər Bakını ram etməyə çalışsa da, buna nail ola bilmir.
İranın uzun illərdir davam edən anti-Azərbaycan siyasəti rəsmi Bakının da Tehrana qarşı addımlar atmasını labüd edir.
Bu addımların başında Cənubi Azərbaycan məsələsi gəlir. Çünki buradakı azərbaycanlılar sadəcə bir ölkədən dəstək gözləyir – Azərbaycan. Onlar tapdanılan və görməzdən gəlinən haqq və hüquqlarının bərpasını haqlı olaraq milli dövlətçiliyin bərpasında görürlər. İndi rəsmi Bakı, İranla müharibəyə səbəb olmayacaq, beynəlxalq hüquqla zidləşməyəcək şəkildə, insanların hüquq və azadlıqlarını əsas gətirərək Cənubi Azərbaycan məsələsində aktiv siyasi addımlar atmalıdır. Bu həm İrana qarşı təsir rıçaqlarımızı formalaşdıracaq, həm də Cənubdakı soydaşlarımızın milli birlik və gələcəyə inamını artıracaq.
Ancaq Bakının İrana qarşı təsir imkanları bununla da yekunlaşmır. Rəsmi Bakı regional üstünlüklərini maksimum istifadə etməli, İranın iqtisadi layihələrdə iştirakına maneə olacaq alternativlər düşünməlidir. Beynəlxalq müstəvidə təcridlə üzləşmiş İranın yeni iqtisadi problemlərlə üzləşməsi Tehranın mövcud çətinliklərini daha da dərinləşdirəcək.
Azərbaycan bununla kifayətlənməyib, İranın düşmən münasibət bəslədiyi İsrail və Ərəb ölkələri ilə qarşılıqlı əlaqələrini daha da artırmalıdır. Bu həm imkan verəcək ki, Azərbaycanın xarici əlaqələri genişlənsin, iqtisadi məsələlərdə daha geniş bazar əldə etsin, həm də İranın anti-Azərbaycan addımlarının elə özünə zərər verdiyi reallığını ortaya qoysun.
Busaat.az/Həşim Səhrablı