“Radikal qruplaşmalar formalaşdırmaq, daxildə gərginlik yaratmaq cəhdləri, deputat Fazil Mustafaya qarşı törədilən terror aktı molla rejiminin öz əməlləri ilə əndazəni aşdığını bir daha sübut edir”.
Bunu İranın Azərbaycanla diplomatik əlaqələrinin hansı səviyyədə olması ilə bağlı fikirlərini səsləndirən “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın İrandakı diplomatik nümayəndəliyində təşkil olunmuş terrordan sonra səfirliyin fəaliyyəti dayandırılsa da, İranın Azərbaycandakı Səfirliyi öz fəaliyyətini davam etdirir. Ona görə də münasibətlərin hansısa formada tənzimlənməsində problem olduğunu düşünmürəm:
“Azərbaycanın qədim paytaxtı olan Təbrizdə Azərbaycan konsulluğu fəaliyyət göstərir. Ona görə də münasibətlərin tənzimlənməsi üçün yetərli əlaqələrin olduğunu düşünürəm. Maraqlısı isə, ümumiyyətlə biz İranla münasibətləri niyə və necə tənzimləməliyik? Azərbaycanın İrana pisliyi keçməyib. Münasibətləri düşmənçilik səviyyəsinə gətirib çıxaran məhz İrandır. Bir neçə gün əvvəl Təbrizdəki Baş Konsulluğumuzun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqları” quraşdırıldı. Aksiyanın təşkilatçılığını isə SEPAH İranın Kəşfiyyat və İnformasiya Nazirliyi ilə birgə edib. Belə olan halda biz İranla hansı münasibətlərdən danışa bilərik?”
“Fars-molla rejimi Azərbaycana qarşı düşmənçiliyini davam etdirir. Radikal qruplaşmalar formalaşdırmaq, daxildə gərginlik yaratmaq cəhdləri, deputat Fazil Mustafaya qarşı törədilən terror aktı molla rejiminin öz əməlləri ilə əndazəni aşdığını bir daha sübut edir. Bu addımlar heç bir diplomatik normalara, siyasi etikaya sığmır. İran bu metodların Azərbaycanda keçərli olmadığını anlamalıdır. Terrorla, radikal qruplşamların vasitəsilə heç nəyə nail ola bilməyəcəklər. Əksinə, molla rejiminə Azərbaycanda nifrəti artırır. Bu gün Azərbaycan cəmiyyətində İrana və onun molla rejiminə nifrət var”.
Ələsgər / Busaat.az