44 günlük Vətən müharibəsində yaralanmış qazi Rauf Qasımova plastik göz taxılıb.
Busaat.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
R. Qasımov bildirib ki, müharibədə bir gözündən yaralanıb: ““YAŞAT” Fondu mənə müraciət etdi ki, İsraildən göz xəstəlikləri üzrə ixtisaslaşmış həkimlər gələcək və məni müayinə edəcəklər. Zərifə Əliyeva adına xəstəxanaya gələndən sonra həkimlər məni müayinə etdilər və plastik göz qoymağı məsləhət bildilər. Mən də razılaşdım. Hazırda plastik gözlə adi göz arasında heç bir fərq yoxdur. Əvvəl gözüm formasını itirmişdi, indi hər şey qaydasındadır, hətta daha yaxşıdır”.
Qeyd edək ki, martın 1-də “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib. Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirirlər.