Keçmiş deputata neçə il “iş” veriləcək? – “Ağackəsmə əməliyyatı” ilə bağlı təfərrüatlar

image-neriman6backend

Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyev uzun müddətli həbsə göndərilə bilər. Busaat.az xəbər verir ki, Nəriman Əliyev Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumat və vətəndaş müraciəti əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma başa çatıb.

Müəyyən edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilən qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülüb və bununla da külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Busaat.az araşdırıb ki, bu maddələrlə Nəriman Əliyevi uzun müddətli həbs gözləyir.
259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 259.2.4 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddədə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Nəriman Əliyevin kəsdirdiyi ağacların sayı heç də az deyil və bu işdə yüngülləşdirici halların nəzərə alınacağı inandırıcı görünmür. Digər tərəfdən, bu məsələ medianın diqqətindədir. Ona görə də keçmiş deputatın məsuliyyətdən yaxa qurtaracağı sadəcə mümkün deyil.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki