Magistratura imtahanı – Narazılıqlar başladı: Suallar həddindən artıq…

image-8backend
image-ad_qayo_720x110px

Xəbər verdiyimiz kimi, ötən gün – fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 1-ci cəhdi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 21 min 926 bakalavr ərizə təqdim edib.

Sosial şəbəkələrdə imtahanla bağlı fikirlər fərqlidir. İmtahanın asan olduğunu deyənlər olsa da, çoxluq imtahan suallarının çətin və yeni tipli tapşırıqların olduğunu qeyd ediblər.

Bəs, həqiqətən də sualların çətinlik səviyyəsi necə idi?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, mütəmadi olaraq, hər il istər birinci, istərsə də ikinci cəhd qəbullardan sonra suallarla tanış olur və müəyyən müqayisələndirmələr, ölçmələr aparır.

Dediyinə görə, bu dəfə də imtahanda iştirak edən bir neçə şəxsdən sual kitabçalarını xahiş edərək, verilən tapşırıqlara nəzər salıb. O, qeydlərini daha sonra sırf bu işdə mütəxəssis sayılacaq şəxslərlə, məntiq, informatika və xarici dil müəllimləri ilə də bölüşdüyünü bildirərək, fikirlərinin demək olar ki, tam şəkildə üst-üstə düşdüyünü nəzərə çatdırıb:

“Başlayaq elə informatikadan. Bu predmet üzrə təqdim olunan tapşırıqlar bu il ötənlərə nisbətən özünün xeyli asan və uyğunluğu ilə seçilirdi. Doğrudur, bu yöndə mütəxəssis olmasam da, ən azından ötən il ikinci cəhd imtahanında salınan informatika sualları ilə xeyli fərq var idi. Üstəlik, bakalavrların hər zaman xüsusi narazılıqla yanaşdıqları məsələ tipli test tapşırıqlarının da sayı, həmçinin çətinlik dərəcəsi bu dəfə daha yumşaq oldu. İnformatika üzrə müəyyən hazırlıq keçmiş hər hansı şəxsin çox asanlıqla 15-20 aralığında doğru cavab yaza biləcəyi test tapşırıqları idi deyə düşünürəm”.

Ekspert İngilis dilinin artıq bir neçə ildir sualların eyni çətinlik səviyyəsi, standart tempdə təqdim olunduğunu qeyd edib. Onun sözlərinə görə, magistr adını qazanmaq istəyən şəxslər üçün ən yaxşı vasitə ingilis dili biliklərini təkmilləşdirməkdir.

E.Nuri onu da vurğulayıb ki, qəbul prosesində başqa xarici dil də ola bilər. Amma tələbələrin böyük əksəriyyəti məhz ingilis dili üzrə seçim etdiyi üçün nümunəni onun üzərindən aparır.

Həmsöhbətimiz artıq test tapşırıqlarının məzmununun əvvəlki illərə nisbətən xeyli fərqli olduğunu söyləyib və izah edib ki, yalnız 3-4 sırf qrammatika bilgisi tələb edən sual təqdim olunur:

“Yerdə qalan suallara doğru cavabın verilməsi üçün isə bakalavrdan yalnız ingilis dili üzrə bilgilər, söz bazasının zənginliyi tələb olunur. Belə olan halda o çox asanlıqla həm dinləmə, həm də oxuyub-anlama, mətn tipli sualları cavablandıra biləcək. Həmçinin, əlavə olaraq, 5 balla qiymətləndirilən esse mərhələsinə qalan tələbə yalnız söz bazasının zənginliyinə güvənə bilər. Odur ki, həm praktiki həyatda istifadə etmək, həm də imtahanda uğur qazanmaqdan ötrü ingilis dili üzrə lüğət fondumuzu genişləndirək”.

Elmin Nuri: Gələcəkdə söz-mətn əsaslı məntiqə yer verilməsi subyektiv istəklərindən biridir

Müsahibimiz məntiqlə bağlı isə fikirlərinin nisbətən fərqli olduğunu bildirib. O, suallarla tanış olduqdan sonra məntiqin bu il ötən il olduğu kimi xüsusi riyazi biliklər tələb edən suallarla xeyli zənginləşdirildiyini düşünür:

“Doğrudur, məntiqlə riyaziyyat bir medalın iki üzü kimi məzmun etibarilə çox yaxın olmalıdır, əksər sualların riyazi təhlil, fəza-müstəvi təsəvvürlü olması da başa düşüləndir. Amma sualın doğru cavabını tapmaq üçün artıq xüsusi riyazi biliklər, düstur əzbərləmələrə getdikcə daha çox ehtiyac yaranır. Verbal, qeyri-verbal, fiqur əsaslı məntiq sualları da təbii ki, kifayət qədərdir. Amma ildən ilə sanki SAT imtahanı imiş kimi riyazi məsələlər üzrə təqdim olunan sualların sayı artmaqdadır”.

Bu il də mətnin məntiqi təhlilinə aid suallar öz limiti çərçivəsində təqdim olundu deyən təhsil tədqiqatçısı gələcəkdə söz-mətn əsaslı məntiqə yer verilməsinin subyektiv istəklərindən biri olduğunu söyləyib:

“Fəza, fiqur, müstəvi, şəkil münasibətləri, şəkil ardıcıllıqları kimi suallar da təbii ki, insan zehninin inkişafına xidmət edir. Amma situasiyalar çərçivəsində daha düzgün variantların həlli üçün mətn tipli sualların sayının 15 olmasını çox istərdim”.

Həmsöhbətimiz sonda qeyd edib ki, nəticələr barədə ikinci cəhd imtahanından sonra danışmaq daha doğru olar:

“Çünki tələbələrin bir çoxu birinci cəhdə bəlkə də “məşq”, hazırlıq mərhələsi kimi baxır. İkinci cəhd imtahanından sonra bu barədə daha dəqiq nəsə demək mümkündür. Hələlik bircə onu demək olar ki, ikinci cəhddən sonra ixtisas seçimi mərhələsində biz güclü rəqabətin şahidi olacağıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki