“Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda Ağdamda beynəlxalq konfrans keçirilib. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva da tədbirdə iştirak edib. BMT rəsmisi çıxışında bildirib ki, mina problemi ilə bağlı mövcud durum Azərbaycanda olduqca məyusluq yaradır.
Ümumiyyətlə işğaldan azad edilən ərazilərimizdə mina təhlükəsini minimuma endirmək üçün ən qısa zamanda nə kimi qabaqlayıcı və optimal tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Busaat.az-a açıqlamasında bildirib ki, bu məsələdə Ermənistan rəhbərliyinin səmimi iradəsini müşahidə etmirik.
“Mina probleminin optimal həlli mina xəritələrinin Ermənistan tərəfindən tam dəqiqliklə Azərbaycan tərəfinə ötürülməsi olmalıdır. Amma biz bu məsələdə Ermənistan rəhbərliyinin səmimi iradəsini müşahidə etmirik. Çünki kifayət qədər mülki azərbaycanlılar, hərbiçilərimiz, 2021, 2022 və 2023-cü illər ərzində sözügedən ərazilərdə minaya düşərək həlak olublar.
Axtarışlar və araşdırmalar zamanı hətta bəzən elə olub ki, orada Ermənistanın 2021-ci ildə istehsal etdiyi minalar da tapılıb. Beləliklə buna görə də iradə məsələsi səmimiyyətə söykənməlidir. Erməni tərəfinin səmimi olacağı da real görünmür.
Bir də maraqlı bir nüans odur ki, yenə də mina probleminin ən uyğun həlli yolu xəritələrin alınması mümkün deyilsə, o zaman həmin coğrafiyanın yoxlanılması olmalıdır. Təbii ki, bu proses çox maliyyə tələb edir. Uzun illər apara bilər. Eyni zamanda ağır bir prosesdir. Amma bu məsələnin həllində başqa alternativ də görünmür.”
Bünyamin Bünyadzadə
Busaat.az