Mina qurbanlarının sayı 4 710 nəfərə çatıb

image-mina_220921backend

“Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 21-ci İllik Konfransı noyabrın 20-dən 24-dək Cenevrə şəhərində keçiriləcək. Bununla əlaqədar olaraq Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya “Landmine Monitor Report 2023” hesabatını ictimaiyyətə təqdim edib.

Busaat.az xəbər verir ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən verilən məlumata görə, hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 25-ci illik hesabatdır. Hesabatda bildirilir ki, Konvensiya qəbul olunduqdan sonra ona üzv olan və üzv olmayan ölkələr minalarla mübarizə fəaliyyətlərinə əhəmiyyətli töhfə veriblər. Bu, humanitar tərk-silah müqaviləsinin təcəssüm etdirdiyi tərəfdaşlığın güclü transformasiyasını nümayiş etdirir. Eyni zamanda, qlobal böhranların sayının getdikcə artması və digər xərclərə tələbatın artması vəziyyəti daha da təhlükəli edir.

Konvensiyanın imzalanmasından keçən 25 il ərzində 164 dövlət bura üzv olub. 33 dövlət o, cümlədən də Cənubi Qafqaz ölkələri Konvensiyaya qoşulmayıb.

Hələ də dünyanın ən azı 60 ölkəsində minalarla çirklənmə qeydə alınıb. Son il ərzində üzv dövlətlər tərəfindən 219.31 kvadratkilometr ərazi təmizlənib və 169 min 276 piyada əleyhinə mina tapılaraq məhv edilib. Konvensiyaya üzv olan 94 ölkə ehtiyatında olan 55 milyon minanı məhv etdiyini rəsmi şəkildə bildirib.
Ətraflı

Hesabat dövründə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəsmi strukturların, xüsusilə də Müdafiə Nazirliyinin yaydığı məlumatlar və foto-video çəkilişlərin dəfələrlə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyaya və onun “Landmine Monitor Report” layihəsinin redaksiya heyətinə göndərməsi və digər fəaliyyətləri nəticəsində Ermənistan Respublikasının mina istehsalçısı olduğu nüfuzlu təşkilatlar tərəfindən qeydə alınıb və hesabata salınıb. Əvvəlki illərdə mina istehsal edən ölkələrin sayı 55-dən 11-ə enib, son hesabatda Ermənistanın da mina istehsalçısı olduğu nəzərə alınaraq 12 ölkənin mina istehsal etdiyi bildirilir.

Son hesabatda qeyd olunub ki, dünyada 4 min 710 nəfərin minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olduğu qeydə alınıb. Bunların 1661 nəfəri həlak olub, 3 min 15 nəfər yaralanıb, 34 nəfərin statusu məlum deyil. Mina qurbanlarının 85 faizi mülki insanlardır, onların da 49 faizini uşaqlar təşkil edir. Ən çox qurbanlar isə Suriya və Ukraynada qeydə alınıb. Mina qurbanlarının böyük əksəriyyəti kişilər və oğlan uşaqlarıdır. Hesabat dövründə bir çox üzv dövlətlərdə səhiyyə və reabilitasiya xidmətləri kifayət qədər maliyyələşdirilməyib və əlçatanlıq, təcrübə və materialların tədarükü daxil olmaqla çoxsaylı problemlər yaranıb.

Son hesabat dövründə minalarla mübarizə proqramlarına milli və beynəlxalq səviyyədə 913.5 milyon ABŞ dolları ayrılıb. Bu əvvəlki məbləğdən təxminən 52 faiz çoxdur və böyük hissəsi Ukraynaya ayrılıb.

Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmasa da, rəsmi olaraq Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir. Azərbaycanın Konvensiyaya üzv olmamağının əsas səbəbi Ermənistanın regionda yaratdığı gərgin vəziyyətdir. Ancaq Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların qoyulmasını həyata keçirməyib. Eyni zamanda, Azərbaycan Konvensiyaya dəstəyini bildirdiyini daim göstərir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında müqavilənin universallaşmasına yönəlib və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Dəfələrlə bildirib ki, ölkəmiz piyadalar əleyhinə mina istehsal və ixrac etmir. Ölkədə minaların təmizlənməsi həyata keçirilir, mina təhlükəsinə dair maarifləndirmə proqramları davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki