Hazırda Moldovada təxminən əlliyə qədər dövlət və hökumət rəhbərlərinin iştirakı ilə sammit keçirilir. Eyni zamanda da Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolz, Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş planlaşdırılıb. Digər danışıqlarda olduğu kimi bu görüşdən sonra da Ermənistan dövləti sülh sazişinin imzalanmasından boyun qaçırarsa, o zaman Azərbaycanın konkret qərarı nə olacaq?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Əziz Əlibəyli Busaat.az-a açıqlamasında bildirib ki, görüşdə əsas məqsəd konkret nəticələrin əldə olunmasıdır:
“Bu görüşdə əsas məqsəd konkret nəticələrin əldə olunmasıdır. Sülh müqaviləsinin imzalanmasına yönəlik öhdəliklərin ciddi şəkildə qəbul edilməsi və dəqiqləşdirilməsinin aparılmasıdır. Amma baxaq görək bu baş verəcəkmi?
Prosesin həlli, əsasən Ermənistan tərəfindən asılıdır. Paşinyan ən azından imzalama, şərtləri qəbuletmə və atdığı imzaya hörmət edib onu icra etmə qüdrətinə malik olmalıdır.
Avropa İttifaqının rəhbəri Şarl Mişel vurğuladı ki, biz çalışacağıq ki, Nikol Paşinyana ciddi dəstək verək, yəni, Paşinyan bu məsələdə tərəddüd etməsin. Başqa bir məsələ isə təxribatların sərhəddə davam etməsi və Qarabağla bağlı həll olunmayan məsələlər qalmaqdadır.
Güman edirəm ki, bu gün görüşdən sonra Azərbaycan tərəfi Prezidentin Laçında ortaya qoyduğu, Qarabağdakı ermənilərlə bağlı hərbi əməliyyatların başlaması ilə əlaqədar zəmin hazırlayacaqdır və bir növ tarixi dəqiqləşirilmiş olacaq ki, bundan sonra hansı addım atılacaqdır. Hesab edirəm ki, Moldovadakı görüş əməliyyatların açarıdır”.
Bünyamin Bünyadzadə
Busaat.az