“Moskovskiy komsomolets”: Ermənilər Qarabağdakı evləri yandırır, Türkiyə isə Şuşa üçün planlar qururbackend

Azərbaycan Ordusunun hissələri Qarabağla bağlı üçtərəfli razılaşmaya uyğun olaraq Ağdam bölgəsinə daxil oldular. Bu münasibətlə Bakıda yürüş keçirildi. Sakinlər “Qarabağ bizimdir!” şüarlarını səsləndirdilər, Azərbaycan, Türkiyə və Rusiya bayraqlarını dalğalandırdılar.

Bununla paralel Qarabağ ətrafında ermənilər binaları və ağacları yandıraraq evlərini tərk edirlər. Və uzun sürən döyüşlərdən sonra geri çəkilən ermənilər əraziləri ağır şəkildə minalayır.

Azərbaycanlıların köçürülmüş bölgələrdə məskunlaşması üçün ən az 10 il vaxt lazımdır. Lakin bu, Azərbaycan xalqının sevincini azaltmır. Ağdamın “Qarabağ” futbol komandasının üzvləri bu günün onlar üçün “əla bir gün” olduğunu bildiriblər: “Bu gün təmsil etdiyimiz Ağdam şəhəri azad edildi. İnanıram ki, indi komandanın keçmiş kapitanı və keçmiş baş məşqçisi Allahverdi Bağırov və digər şəhidlərin ruhları şad oldu. Ağdamda oynayacağımız ilk oyunu həyəcanla gözləyirik”, – deyə sosial şəbəkələrdə paylaşdılar.

Ağdam indi “xəyalət şəhəri” kimi tanınır. 90-cı illərin əvvəllərindəki döyüş əməliyyatlarından sonra şəhər tamamilə məhv edildi. Onu bərpa etmək üçünsə ən azı bir ildən çox vaxt lazımdır.

Azərbaycanda rəsmi qeydiyyata alınan 750 min qaçqın var. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyir ki, ilkin olaraq təhlükəsizlik tədbirləri görüləcək və infrastruktur bərpa olunacaq. Yalnız bundan sonra mülki əhalinin qayıdış tarixini dəqiq demək olar.

Ancaq Azərbaycanın Şuşa şəhəri ilə bağlı planları artıq bəllidir. Türk televiziya kanalı 2021-ci ildə orada Türkvizyon (“Turkvision”) beynəlxalq musiqi müsabiqəsinə şəhərin ev sahibliyi etmək niyyətini açıqladı. Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bildirdi ki, səlahiyyətlilər Azərbaycan mədəniyyət abidələrini şəhərə qaytarmaq niyyətindədirlər. “Bir vaxtlar erməni tərəfi oradakı abidələri, o cümlədən atamın büstünü vurub, sökdülər. Büst indi Bakıdakı İncəsənət Muzeyindədir. Düşünürəm ki, bizim əsas hədəflərimizdən biri də bu abidələrin Şuşaya qaytarılması olacaqdır. Bərpa etmədən, güllə izləri ilə birgə. Qoy sivilizasiya və gələcək nəsillər erməni vəhşiliyini görüb, xatırlasın”. Səfir əminliklə bildirib ki, Azərbaycan tərəfi Ermənistanın bütün mədəniyyət abidələrini qoruyacaq.

İndi Azərbaycanda bir çoxları ermənilərin tərk etdikləri evləri, tikililəri yandırmaqlarını, mal-qaranı və hətta ağacları kəsməklərini qəzəblə pisləyirlər. Ən dəhşətlisi odur ki, ermənilər ərazilərdən çıxarkən əraziləri minalayıblar. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin rəhbəri Qəzənfər Əhmədov deyib ki, ərazilərin minalardan tamamilə təmizlənməsi 10 ildən 13 ilə qədər vaxt aparacaq.

Azərbaycanlı politoloq İlqar Vəlizadə əhalinin işğaldan azad olunan ərazilərə necə qayıdacağı barədə isə belə deyib:”İndi geri qaytarılan ərazilər ayrı-ayrı dövlət qurumları tərəfindən öyrənilir. İlkin olaraq bu ərazilərə polis, təhlükəsizlik qurumları, hərbçilər, Fövqəladə Hallar Nazirliyi və s. qayıdır. Sonra ərazilər minalardan təmizlənməlidir. Çünki indiki halda orada yaşamaq təhlükəlidir. Cənub bölgələrində çalışan mütəxəssislərimizin hesablamalarına görə, tam təmizlənmə 10 ildən çox vaxt apara bilər. O zamana qədər oraya qayıtmaq mümkün deyil”

“Moskovskiy komsomolets” 21 noyabr 2020

KONKRET.az