“Mostbet”i reklam edən şəxslər SAXLANILDI – FOTO

image-mosbackend

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı lisenziyası olmayan “Mostbet” onlayn mərc oyunlarının ölkəmizdə reklamını aparan şəxslər saxlanılıb.

Busaat.az xəbər verir ki, Patrul.az hələki onlardan birinin kimliyi haqqında məlumat əldə edib. 1993-cü ildə Qusar rayonunda anadan olmuş Cabir Əsədov (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs “Mostbet” qanunsuz onlayn mərc oyunları saytına aid şəkilləri öz sosial şəbəkə hesablarında paylaşıb və reklamını aparıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində “Instagram” və “Facebook” sosial şəbəkədəki profilində “Mostbet” onlayn mərc səhifəsinin reklamını apardığını etiraf edib, o ağlayaraq əməlindən peşman olduğunu və bir daha təkrarlamayacağını bildirərək hakimdən onu azad etməsini xahiş edib.

Müşavirə otağından qayıdan hakim Cabir Əsədovu İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 500 manat cərimə edib.

Digər əldə etdiyimiz məlumata görə, “Mostbet” onlayn qumar oyunlarını sosial şəbəkələrdə reklam edən daha iki nəfər saxlanılıb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülərək barələrində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilərək hər birinin barəsində 30 sutka həbs qərarı verilib.

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Mostbet” onlayn mərc oyunlarını qanunsuz reklam edən şəxslərə qarşı etdikləri reklamın qarşısının alınması istiqamətində nəzarəti aktiv şəkildə gücləndirib və bu istiqamətdə kütləvi tədbirlər görüləcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycanlı MMA döyüşçüsü, yüngül çəkidə hazırkı AMC Fight Nights Global (AMC FNG) çempionu Nəriman Abbasov, peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası Pərviz Abdullayev Mostbetin və “Vugi” ləqəbli azərbaycanlı peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov qanunsuz idman mərc operatoru 1xBetin səfirləri elan olunublar.

Son zamanlar çox sayda dələduzluq hallarının yaşandığı Mostbet və 1xBetin reklam edilməsində tanınmış şəxslərdən yararlanmaq məsələnin nə qədər ciddi olmasından xəbər verir.

Belə nüfuzlu idmançıların qanunsuz şans oyunlarının təbliğində iştirakları onları daşıdıqları məsuliyyətdən azad etmir. Bir neçə gün sonra Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqasının dəstəyi ilə keçiriləcək “RIZIN Azərbaycan” yarışmasının əsas siması olan Vüqar kimi idmançıların adlarının qanunsuz idman mərc operatorları 1xBet və Mostbetlə birlikdə çəkilməsi təəssüf edici haldır. Ümid edirik ki, tezliklə ölkədən külli miqdarda valyuta axınına səbəb olan belə qanunsuz şans oyunları ilə mübarizədə bu amillər də nəzərə alınaraq tədbirlərin görülməsinə davam ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki