NATO-nun 4-cü və 5-ci maddələri nədir və Ukraynaya müdaxiləyə yol açacaqlarmı? – ARAŞDIRMA

image-russia-ukraine-and-natobackend

Polşaya düşən raketlərin Rusiyaya deyil, Ukraynaya məxsus olması ilə Rusiya və NATO arasında gərginlik azalsa da, 4 və 5-ci maddələrlə bağlı müzakirələr yenidən gündəmə gəlib. 

Yaxşı, NATO-nun 4 və 5-ci maddələrində hansı müddəalar var? Daha önəmlisi, bu maddələrin mövcudluğu Ukraynaya müdaxiləyə yol açacaqmı?

NATO-nun daimi nümayəndələri Polşada iki nəfərin ölümü ilə nəticələnən raket hücumundan sonra keçirdikləri fövqəladə iclasda “Ukraynadakı müharibənin qonşu ölkələrə də keçə biləcəyi” barədə xəbərdarlıq edib.

NATO-dan verilən açıqlamada, Polşa-Ukrayna sərhədi yaxınlığında baş verən partlayışın Ukrayna hava hücumundan müdafiə raketi ilə törədildiyi və qəsdli hücum olmadığı bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə verdiyi açıqlamada hücuma görə son məsuliyyətin raketləri havalandıran Ukraynanın deyil, Ukraynaya qarşı işğal siyasəti həyata keçirən Rusiyanın üzərinə düşdüyünü bildirib.

Polşanın Baş naziri Mateusz Morawiecki, mümkün təhlükələr qarşısında alyans üzvləri arasında məsləhətləşmələr üçün rəsmi çağırış olan “4-cü maddə prosedurunun işə salınması imkanını” nəzərdən keçirdiklərini söyləyib, lakin əlavə edib ki, buna ehtiyac qalmaya bilər.

Bütün bunlar davam edərkən NATO Müqaviləsinin müddəaları yenidən gündəmə gəlib.  Bəs, NATO-nun 4 və 5-ci maddələrində hansı müddəalar var?  Daha önəmlisi, bu maddələrin mövcudluğu Ukraynaya müdaxiləyə yol açacaqmı?

 

NATO-nun 4-cü MADDƏSİ NƏDİR?

Maddə 4;  NATO üzvlərindən hər hansı birinin ərazisi, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olduqda, bu, üzv dövlətlərin problemi həll etmək üçün birlikdə məsləhətləşmələrini tələb edir.

4-cü maddəyə uyğun olaraq;  NATO-nun əsas siyasi qərar qəbul edən orqanı olan Şimali Atlantika Şurasında müzakirələr potensial olaraq birgə qərar və ya fəaliyyətlə nəticələnə bilər.

4-cü maddəyə NATO-nun yaranmasından bəri yeddi dəfə ehtiyac olub. Ən sonuncusu 2022-ci ilin fevralında Rusiyanın Ukraynada işğala başlaması ilə çağırılıb. Belə ki, alyansa üzv səkkiz ölkə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı məsləhətləşmələr istəyib.

 

NATO-nun 5-ci MADDƏSİ NƏDİR?

NATO üzvü olmayan ölkənin üzv dövlətlərdən birinin ərazisinə hücum etdiyi müəyyən edildikdə;  NATO-nun təsis müqaviləsinin təməl daşı olan “hər hansı bir üzv dövlətə qarşı silahlı hücumu bütün üzv dövlətlərə qarşı edilmiş hesab edən” 5-ci maddə gündəmə gələ bilər.

Nizamnaməyə əsasən: “Kənardan silahlı hücum baş verdiyi zaman tərəflər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsi ilə təminat verilmiş fərdi və ya kollektiv özünümüdafiə hüquqlarını həyata keçirməklə, hücuma məruz qalan tərəfə və ya tərəflərə hücuma qarşı dirənmək və özünü müdafiədə köməklik göstərəcəklər. Üzv dövlətlər bütün lazımi tədbirləri görərək, o cümlədən onlar silahlı güc tətbiqi ilə kömək edəcəkləri ilə razılaşırlar”.

 

BU MADDƏLƏR UKRAYNAYA MÜDAXİLƏ ÜÇÜN QAPI AÇACAQ?

Rusiyanın Ukraynadakı hərəkətləri 5-ci maddənin fəaliyyətinə zəmin yaratmır, çünki Ukrayna NATO-nun bir hissəsi deyil. Lakin ekspertlər uzun müddətdir ki, müharibənin NATO-nun şərq cinahında yerləşən qonşu ölkələrə yayılma potensialına malik olması barədə xəbərdarlıq ediblər və bu, alyansı hərbi cavab verməyə məcbur edə bilər.

ABŞ prezidenti Co Bayden ölkəsinin Rusiya ilə döyüşmək niyyətində olmadığını desə də, o, işğalın əvvəlindən Vaşinqtonun NATO tərəfdaşlarını müdafiə etmək üçün 5-ci maddə üzrə öhdəliklərini yerinə yetirəcəyini xatırladıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki