Həkimlər, tibb bacıları təkcə tibbi xidmət göstərənlər deyil, həm də sağlam cəmiyyətin sütunlarıdırlar.
Busaat.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində “İqlim dəyişikliyinin sağlamlıqla bağlı təsirlərinə hazırlıq və müdaxilə üçün səhiyyə işçi qüvvəsinin inkişaf etdirilməsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, səhiyyə mütəxəssislərinin hazırlanması uzun və baha başa gələn prosesdir və qlobal səviyyədə səhiyyə işçilərinin çatışmazlığı mövcuddur:
“Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Azərbaycanda da əsas problemlərdən biri kənd yerlərində həkim və tibb bacılarının çatışmazlığıdır. Problem hər hansı effektiv səhiyyə sisteminin əsasını təşkil edən ilkin səhiyyə xidmətində icma səviyyəsində xüsusilə aktualdır”.
T.Musayev bildirib ki, iqlimədavamlı səhiyyə işçilərinin inkişafı tibbi təhsil islahatı, aspirantura təhsili və ucqar ərazilərdə tibb mütəxəssislərini saxlamaq üçün məqsədyönlü strategiyalar daxil olmaqla bir çox aspektləri əhatə edir:
“Bura həmçinin səhiyyə işçilərini təmin olunmayan bölgələrdə yaşamağa və işləməyə həvəsləndirmək səyləri də daxildir. Bu, təkcə strateji planlaşdırma məsələsi deyil, həm də insan hüquqları məsələsidir. İnsanlar sağlamlıq ehtiyaclarının ödənildiyi təhlükəsiz şəraitdə yaşamağa layiqdirlər”.
Nazir vurğulayıb ki, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinin azaldılmasına üstünlük verilməlidir:
“Əsas fəaliyyətlərə aşağı karbonlu, dayanıqlı səhiyyə sistemlərinin qurulması, “yaşıl xəstəxanalar”ın inkişafı və iqlimədavamlı səhiyyə işçilərinin hazırlanması daxildir. Bunlar davamlı və sağlam gələcəyin vacib komponentləridir. İqlim və sağlamlıq fəaliyyətlərində davamlılığın təmin edilməsi sağlamlığın iqlim gündəliyinin əsas hissəsinə daxil edilməsi üçün çox vacibdir. İqlim gündəmi indi səhiyyə gündəmindən ayrılmazdır”.
T.Musayev qeyd edib ki, iqlimdavamlı səhiyyə işçi qüvvəsinin inkişafı mürəkkəb və çoxşaxəli vəzifədir:
“Bu, intensiv təlimlərin keçirilməsini, tibb işçilərinə sosial və iqtisadi dəstəyin göstərilməsini, məlumatlılığın artırılmasını və müxtəlif digər tədbirlərin həyata keçirilməsini tələb edir. Bu məqsədə nail olmaq üçün vaxt və davamlı maliyyə tələb olunur. Bununla belə, milli və beynəlxalq tərəfdaşların əməkdaşlığı ilə xalqımız üçün daha sağlam, daha davamlı gələcək qurmaqda uğur qazana biləcəyimizə əminəm”.