Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani Türkiyənin sabitlik və təhlükəsizliyini müdafiə etdiklərini və bölgədəki terror təhlükəsi ilə mübarizə üçün sürətlə hərəkətə keçəcəklərini bildirib.
Əsəd Həsən Şeybani “TRT Haber” telekanalına müsahibə verərək ilk dəfə Türkiyə telekanallarından birində qonaq olub.
Şeybani proqramda Suriyadakı mövcud vəziyyət və Türkiyə-Suriya münasibətlərinə toxunaraq deyib:
“Prezident Rəcəb Tayyib Ərdoğan və türk xalqı tarixdə doğru yerdə, bəşəri dəyərlərin və xalqın iradəsinin tərəfində oldu.
Suriyada baş verənlər və Suriyanın azad edilməsi hər iki xalq üçün faydalı olacaq. Türkiyənin sabitlik və təhlükəsizliyini hər zaman müdafiə edirik.
Suriyanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi isə Suriyanın təhlükəsizliyidir. Suriya öz ərazisindən başqa ölkələrə təhlükə yaratmaq istəmir. Biz bu məsələləri müzakirə edirik və çox tezliklə müsbət nəticələr gözləyirik. Bu təhdidlərlə mübarizə aparmaq üçün çox sürətlə hərəkət edəcəyik.
Türkiyə ilə əlaqələri ən yüksək səviyyədə saxlamaq istəyirik. Suriyanın xarici siyasətində yeni bir səhifə açılmasını arzu edirik”.
Nazir Şeybani İsrailin ölkəsinə hücumları ilə bağlı isə bunları deyib:
“İsrail hərbi bazalara və bölgələrə hücum etdi. Mütləq vətənimizi müdafiə etməli və Suriya xalqını qorumalıyıq. Biz də yeni təhlükələrə qarşı hazırıq”.
Suriya xarici işlər naziri müsahibənin sonunda türkcə mesaj verərək, “Hər şey üçün qardaş türk xalqına təşəkkür edirik” deyib.