Artıq ikinci ildir ki, davam edən Ukrayna və Rusiya savaşı günü gündən daha da kəskinləşir. Bu mənada sözügedən savaşın nəticəsində Cənubi Qafqazda vəziyyəti necə xarakterizə etmək olar? Gözləntilər nələrdir?
Siyasi şərhçi Umuxanım Hüseynovanın Busaat.az-a açıqlamasını təqdim edirik :
“Hal – hazırda Ukrayna və Rusiya arasında gedən amansız döyüşlərə bütün dünya ictimaiyyəti şahidlik edir. Təbii ki, bu barədə müxtəlif proqnozlar da mövcuddur. Amma bu müharibənin gözlənilməz şəkildə nəticəsinin ola biləcəyi ehtimalını da nəzərə almaq lazımdır. Çünki, Rusiyanın müharibə təcrübəsinin və kifayət qədər silah arsenalının çox olması hələ bir müddət müharibənin davam edəcəyini söyləməyə imkan verir. Lakin bir həqiqət də var ki, bu gün 60 – a qədər ölkə Rusiyanın çöküşü üçün Ukraynaya açıq şəkildə müxtəlif yardımlar edirlər. Bu o deməkdir ki, Ukraynaya edilən bu böyük miqyaslı yardımlar qarşısında Rusiyanın nə qədər davam gətirəcəyini də demək çətindir. Lakin görünən odur ki, hələ ən azı yaxın bir neçə ay ərzində dəhşətli döyüşlər davam edəcəkdir.
Bütün müharibələrin sonu əlbəttə ki, beynəlxalq qaydalara uyğun olaraq sülhün əldə olunması ilə yekunlaşır. Bu müharibə də sözsüz ki, belə yekunlaşacaq. Lakin hansı ölkənin qalib gəlməsindən asılı olmayaraq Cənubi Qafqazdakı dövlətlər öz müqəddəratlarını özləri həll etməyə qadir olmalıdırlar. Təbii ki, Rusiya və Ukrayna müharibəsinin bu və ya digər formada bizim regionumuza, təsiri qaçılmazdır. Ehtimallar çox, versiyalar da eynilə çoxdur. Güman etmək olar ki, Ukrayna müharibədə bu gediş və bu templə davam edərsə strateji uğur əldə edə bilər. Təbii ki, sonuna qədər bütün dəstəkçi ölkələr Ukraynanın yanında olsalar nəticə də Ukraynanın qalibiyyəti olacaqdır. Bu isə Cənubi Qafqazda Avropa və ABŞ -ın maraqlarının gələcəkdə daha çox təminatı üçün zəmanət deməkdir.
Rusiyanın bu savaşda qalib olacağı təqdirdə bizim bölgədə müsbət nələrinsə baş verəcəyini demək olmaz. Amma müharibənin tezliklə başa çatması ən mühüm məsələlərdən biridir. Ola bilsin ki, Rusiya məğlubiyyətə bərabər bir qələbə qazansın. Nəticədə Rusiyanın Cənubi Qafqaza təsir imkanları neytrallaşa bilər…”
Bünyamin Bünyadzadə
Busaat.az