Özəl məktəblər: Prestij, nüfuz, yoxsa? – “Filankəsin oğlu özəldə oxuyur…”

image-7backend

Bəzi valideynlər övladlarına məktəb seçimlərində özəl məktəblərə üstünlük verirlər. Bunu isə əsasən keyfiyyətli təhsillə əlaqələndirirlər.

Bəs valideynlərin özəl məktəblərə üstünlük verməsinin səbəbləri nələrdir?

Mövzu ilə Busaat.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri qeyd edib ki, bizim ölkədə uzun illərdir valideynlərin özəl məktəblərə üstünlük verməsinin iki səbəbi var:

“Bunlardan birincisi psixoloji səbəb, ikincisi isə tədrisin keyfiyyətidir”.

Psixoloji səbəbi açıqlayan ekspert təhsilin hər pilləsinin rəqabətlilik üzərində qurulmasına təəssüfünü bildirib və bunun sağlam rəqabət olmadığını söyləyib.

Müsahibimiz əlavə edib ki, bu, tədrisin keyfiyyəti istiqamətində rəqabət deyil. Bu cəmiyyətdə məzmunsuz xətdə inkişaf edən sosial rəqabətdir:

“Universitetlərə də maraq bizdə buna görə formalaşıb. Biz universiteti ona görə oxumuruq ki, gözəl bir kadr kimi yetişək. Həmçinin biz magistraturaya ona görə qəbul olmuruq ki, ixtisasımız üzrə daha üst pillədə kadr kimi formalaşaq. Bizdə əksəriyyət rəqabət üzərində formalaşıb. Həmçinin özəl məktəblərdə də. Özəl məktəb bir növ nüfuz, prestij meyarı kimi dəyərləndirildiyi üçün valideynlərimizin bir qismi uşaqlarının nə yolla olursa olsun ora qəbul olmasına can atırlar. Bu çox arzuolunmaz bir tendensiyadır”.

Elmin Nuri: Bu cəmiyyətdə məzmunsuz xətdə inkişaf edən sosial rəqabətdir

E.Nuri iş praktikasında bunun çox şahidi olduğunu və qəti əleyhinə olaraq həmin valideynləri fikrindən yayındırmağa çalışdığını vurğulayıb:

“Çünki hiss etmişəm ki, onların məqsədləri seçdikləri özəl tədris müəssisəsində yüksək tədris keyfiyyətinə diqqət deyil. “Filankəsin oğlu orada oxudu, mənim də oğlum orada oxumalıdır” prinsipidir”.

Digər səbəb olan təhsilin keyfiyyəti məsələsindən danışan müsahibimiz nəzərə çatdırıb ki, elə valideyn də var ki, həqiqətən fədakar valideyndir və fədakar olduğu qədər də dünyagörüşlü, açıq fikirli insandır. O axtarır, araşdırır. Övladı 1-ci sinifə gedəndə də, 4-cü sinifi bitirəndə də internetin qabağından çəkilmir. Hər zaman axtarışdadır:

“Beləcə o, öz prinsiplərinə, tədrisinin keyfiyyətli olduğuna inandığı bir müəssisəni seçməklə övladının orada oxumasını daha uyğun bilir. Bu zaman biz onun işinə qarışmamaqla yanaşı onu təqdir etməliyik”.

Onun sözlərinə görə, özəl təhsil müəssisələri təhsil qiymətlərinə görə baha olsa da, tədris keyfiyyətinə görə həddindən artıq seçilir.

Təhsil eksperti 680 baldan yüksək yığanların siyahısına baxdıqda onların böyük əksəriyyətinin özəl yaxud dövlət liseylərinin və özəl məktəblərin payına düşdüyünü diqqətə çatdırıb:

“Təbii ki, kənd məktəblərində oxuyub o nəticəni göstərənlərimiz də az deyil. Amma onlar istisnanı təşkil edirlər. Özəl, yaxud dövlət liseylərində və özəl məktəblərdə tədrisin keyfiyyəti təəssüf olsun ki, orta-statistik Azərbaycan məktəbinin keyfiyyətindən fərqlənir. Biz bu reallığı qəbul etməli və standart dövlət məktəblərimizin də onlara yaxınlaşmasına çalışmalıyıq”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki