
Pandemiyanın dünya düzəni və hüquqa təsiri
Pandemiya hətta müharibənin sonlandırılmasına, yeni dünya yaranmasına səbəb olub. XX əsrin əvvəlində “İspan qripi” yayıldı. Bu epidemiya I Dünya Müharibəsini demək olar ki, yarımçıq saxladı, tərəflər sülh müqaviləsi bağladılar. I Dünya Müharibəsinin nəticələri ilə razılaşmayanlar cahanı yenidən bölüşdürmək üçün 19 il sonra II Dünya Müharibəsini başladılar. Amma “İspan qripi”ndən sonra dünya yeni hüquqi münasibətlərlə davranırdı. İnsanların dövlət, dini, siyasi, iqtisadi baxışları dəyişmişdi.
Bəzi cəmiyyətlər idarə olunma yetkisini tamamilə dövlətə verərək arzuolunmaz və gözlənilməz hallardan qorumaq üçün sol yanaşmaya, digərləri isə azad bazar münasibətlərinə üstünlük verdi. Dünya böyük əksəriyyətlə sol və sağ qütblərə bölündü.
II Dünya Müharibəsindən sonra yeni dünya düzəni tamlaşdı. 1945-ci ildə BMT, 1949-cu ildə NATO və Avropa Şurası, 1952-ci ildə Avropa İttifaqı kimi təsisatlar quruldu. Bu beynəlxalq təsisatlara qoşulan ölkələr orada qəbul edilən qərarları parlamentlərində ratifikasiya etməklə ümumi dövlət idarəetmə və oxşar hüquq sistemləri yaratmağa başladılar.
Dünyada bir sıra fərqli hüquq sistemləri olsa da, insan hüquqlarına, koorperativ hüquqa oxşar baxışlar yarandı.
1948-ci il dekabrın 10-da BMT Baş Məclisi tərəfindən bəyan edilmiş İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 1950-ci ildə Romada imzalanmış İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası insan hüquqlarına yeni baxış gətirdi. Və bu konvensiyada qeyd olunan müddəalar üzv ölkələrin konstitusiyaları ilə ziddiyyət təşkil edə bilməzdi. Bu sənədlər yaşamaq, azadlıq, ədalətli araşdırma, fikir, vicdan, işgəncələrin, köləliyin qadağan olunması və s. haqları özündə ehtiva edirdi. Eyni zamanda, bunlara nəzarət etmək üçün üzv ölkələrin üstünlüyünü qəbul etdiyi Avropa Məhkəməsi yaradıldı.
Artıq dünya İspan qripindən əvvəlki standartlarla idarə edilmirdi. Hüquq və Beynəlxalq hüquqa baxış da tam dəyişmişdir.
Koronavirus, “covid_19”-un da dəyişiklikləri hiss edilməkdədir.
Şamil Paşayev
Hüquqşünas























