
Paşinyan: “Rusiya Dağlıq Qarabağın statusunun qeyri-müəyyən müddətə təxirə salınmasının düzgün olacağını bildirdi”
Rusiya Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini qeyri-müəyyən müddətə təxirə salmağın düzgün olacağını bildirib.
Busaat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Parlamentinin büdcə iclasında Qarabağın statusu və Türkiyə ilə münasibətlər barəsində açıqlamalar verib.
Paşinyan Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə toxunaraq qeyd edib: “Rusiyalı həmkarlarımız Dağlıq Qarabağın statusu məsələsinin qeyri-müəyyən müddətə təxirə salınmasının düzgün olacağını bildirdilər. Onlar iddia edirdilər ki, hər iki tərəf üçün məqbul statusun tapılması mümkün deyil. Bizim fikrimiz 100 faiz bu mövqeyə uyğundur. Ona görə də Ermənistan hökuməti üç əsas komponenti ifadə etməkdə davam edir: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, onların hüquqları və statusu. Biz rusiyalı tərəfdaşlarımızla razıyıq ki, bu məsələ gündəmə gətirilməməlidir, çünki bu, qaçılmaz böhrana gətirib çıxaracaq”.
Paşinyan Qarabağdakı rus sülhməramlılarının mandatının uzadılmasına toxunaraq deyib: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ildə qəbul etdikləri birgə bəyannaməyə əsasən, tərəflərdən heç biri 6 ay əvvəldən etiraz etmədikdə, sülhməramlıların mandatı avtomatik olaraq uzadılır”.
Paşinyan sözünə belə davam edib: “Biz mandatın qeyri-müəyyən müddətə, 5-20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul edilməsə də, düşünürəm ki, bu məsələ aktualdır və gündəmdə olacaq. Sülhməramlıların Dağlıq Qarabağda olması etibarlı mexanizmlər və təminatlar qurulana qədər buradakı ermənilərin təhlükəsizliyinin və hüquqlarının ən mühüm təminatçısıdır”.
“Türkiyə ilə ünsiyyətdə çətinlikləri dəf etdik”
Türkiyə-Ermənistan münasibətlərini dəyərləndirən Paşinyan bildirib ki, bu baxımdan ciddi dəyişikliklər var.
Keçən ay Çexiyanın paytaxtı Praqada prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü ifadə edən Paşinyan, “Təbii ki, bu, özlüyündə mühüm və praktiki nəticə deyil, amma vəziyyəti təhlil edərkən avqust-oktyabr aylarında baş tutan təmaslarımız zamanı anladım ki, ünsiyyətlə bağlı çətinlikləri dəf etdik” – deyə, bildirib.
“Ermənistan ordusunun yenilənməsi prosesinə başlamışıq”
Ermənistan ordusunun yenilənməsi prosesinə başladıqlarını ifadə edən Paşinyan ordunun peşəkar standartlara keçidini və müdafiə qabiliyyətini yüksəltməyi hədəflədiklərini bildirib.
“Müdafiə xərclərinin artırılması hökumətin sülh proqramına heç bir şəkildə zidd deyil. Ermənistan bunu ardıcıl şəkildə müdafiə edəcək” – deyə, erməni lider qeyd edib.
Busaat.az























