Petrosyan demişdi axı — “bu şərtlərə yalvaracağıq” deyə…

Petrosyan demişdi axı — “bu şərtlərə yalvaracağıq” deyə…backend

Suqovuşan!

Artıq burada yalnız su qovuşmur!

Ömür ömürə qovuşur, qan qana qovuşur, torpaq torpağa qovuşur Suqovuşanda!

Suqovuşan öz doğma ruhuna, doğma sakinlərinə qovuşur!

Bu gözəldən gözəl qovuşmanı, tarixi görüşməni yaşadığımız üçün çox xoşbətxik! Bu xoşbəxtliyi bizə yaşadan Ordumuza, Dövlətimizə və Dövlət başçımıza minnətdarıq!

Dünən gecə Ali Baş Komandanımız xalqımıza qələbə müjdələri verdi: öncə, Suqovuşan, ardınca da Talış (Tərtər), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycuq (Cəbrayıl), Aşağı Əbdürrəhmanlı (Füzuli) kəndləri!

Ön cəbhədə yeni çatışmaların başladığı 27 sentyabrda isə Müdafiə naziri Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandana azad olunan ilk yaşayış məntəqələrimiz və starteji önəm daşıyan yüksəkliklər barədə məlumat vermişdi. Beləliklə, 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımıza 1 həftədən də qısa müddət ərzində başlatdığımı zəfər yürüyüşü uğurla davam edir!

Bugünsə cənab Ali Baş Komandanımız, mələk adlı Cəbrayıl şəhərimizin azad edildiyini duyurdu! Bu həm dünənki qurtuluşların parlaq davamı, həm də hadisələrin mümkün inkişaf tempini, hər açılan sabaha sarsılmaz inamımızı təcalla etdirir! Təlaş içində sağa-sola saldırgan düşmən, bugün Gəncəyə, Beyləqana, Tərtərə, Mingəçevirə raket atmaqla düşdüyü girdabı göstərmiş oldu! Öz qanlı əməlində boğulmaq yolunu, daha doğrusu, yolsuzluğunu bir özünə təmin etmiş oldu!

Öz Ali Baş Komandanına, öz dövlətinə, Ordusuna inan xalqın fərdləri, heç də hər ölkədə, hər xalqda rastlanmayan böyük coşğu ilə qələbənin təminində öz töhfəsini verməkçün can atır.

Suqovuşan və digər azad edilən ərazilərimizin, özəlliklə Arazboyu, Xudafərinli Cəbrayılın strateji önəmi barədə hərbçilərimizin, ekspertlərin rəyləri ilə tanış olduqca, təkzibedilməz şəkildə görünür ki, “hüququndan keçən əsgər”lərimiz tarix yazır! Ələ keçirilən düşmən döyüş bayraqları, çoxsaylı silah-sursat, hərbi texnika göstərir ki, düşmən öz hərbçi namusunu hifz etmək iqtidarında deyil. Görürük ki, azad olunan yerlər kilid nöqtələrə malikdir və digər – daha böyük ərazilərimizin azad olunması üçün fövqəladə əhəmiyyət daşıyır. Digər yandan, cəbhənin gerisindəki mülki əhalimizin düşmən atəşindən daha etibarlı müdafiəsi imkanları genişlənir; habelə düşmənin döyüş ruhunun haqq etdikləri şəkildə sıfırlanması prosesi güclənir.

Artıq Ermənistanda ermənistanlılıq qalmayacağı gün uzaqda deyil. Bu aqibəti haqsızlıqla, soyıqım aktları törədə-törədə illərlə onlar özləri yaratdı; Ermənistan sülhə gəlməyərək, hətta bizi daha yeni torpaqların işğalı ilə hədələyərək, bizə hərbdən başqa seçənək qoymadı! Onsuz da kövrək xarakterli olan atəşkəs rejimini az qala hər gün pozan Ermənistan silahlı qüvvələri öz təcavüzkarlığını “guya demokrat” Paşinyanın səbatsız davranışları ilə tamamlayaraq, bu il özəlliklə daha sıx-sıx hücumlar, təxribatlar törətməkdəydi. İyulda Tovuzda sərhəd toqquşması, avqustda Göranboyda diversiya-kəşfiyyat həmləsi, nəhayət, sentyabrda işğal altındakı Qarabağ torpaqlarından genişmiqiyaslı hücum və hərbi təxribatlarla danışıq, sülh anlayışının onlarçün əyləncə, başqatma vasitəsi olduğunu bir daha sübut etdilər! Bununla da bizim əks-həmləmiz, bütün cəbhə boyu güclü hücumumuz qaçılmaz oldu.

İndi danışıqlardan, sülhdən danışmaq Ermənistan üçün əyləncə mövzusu olmayacaq, artıq buna həyati ehtiyacları var. İlk prezidentləri Petrosyanın illər öncə dediyi “sonralar yalvaracağımız şərtlərə indi razı olmalıyıq” şəklindəki açıqlamalarını Ermənistan başbilənlərinin indilərdə xatırlayıb-xatırlamadığını deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, cəbhədə yeni situasiya yaranıb; artıq heç nə öncəki kimi olmayacaq.

Bizim uzunmüddətli dözümümüzdən, beynəlxalq hüquqa çağırışlarımızdan nəticə çıxarmağa qabiliyyəti çatmayan, özlərini “keçilməz sədd”lərə, “qalib tərəf üstünlüyü”nə inandıran Ermənistan tərəfi, indi buyursun, düşünməkçün nə qədər qiymətli vaxt və digər şanslar itirdiyinizi yaxşı-yaxşı hesablasın.

Ermənistan sanki həmişə erməniyanlı olacağına inandıqları beynəlxalq konyukturaya, havadar dəstəyinə, erməni diaspor və lobbi güclərinin maddi və digər türlü dəstəklərinə bel bağlayırdı; bizlər haqqın nazilsə də üzülmədiyinə, ədalətin qələbəsinə inanır, haqlı mövqeyimizə, öz daxili gücümüzə arxalanırdıq. Budur, Ermənistan hakimiyyəti, “ictimai-siyasi fikir mərkəzləri” bizləri gücsüz, arxasız, sadəlöhv hesab etməkdən nəhayət, usanmış olmalıdır…

Biz dövlət olaraq, xalq və ölkə olaraq hər zaman məhz haqq-ədalətin zəfərinə ianandıq; beynəlxalq hüququn təntənəsinə inandıq; öz gücümüzə arxalandıq və əlbəttə, zəfər üçün hazırlaşdıq! İstərdim, özəlliklə vurğulayaq ki, bugün öncəbhədə qazandıqlarımız arxa cəbhədə illər uzunu qazandığımız iqtisadi gücün bəhrəsidir həm də! Həm də beynəlxalq səviyyədə aparılan işin bəhrəsidir bu! Dövlət-xalq birliyinin bəhrəsidir ki, bu gün meyvələrini dəririk. Son illər ərzindəki hərtərəfli islahatlar kursunun da bu işdə özünəməxsus rolu var, əlbəttə.

Əlbəttə, ən başda haqlı olmağımızın və bu haqlılığın dövlət, ordu gücü ilə ifadəsi, təcallasıdır bugün yaşadığımız qürur!

Bir daha cənab Ali Baş Komandanımızı, bütün Ordu mənsublarımızı – generallarımızı, zabitlərimizi, gizir, çavuş və əzgərlərimizi, şəhid ailələrimizi ürəkdən təbrik edib, yeni qələbələrə sarsılmaz inamımızı ifadə etmək istərdim!

Yaralı hərbçilərimizə, mülki vətəndşlarımıza tezliklə öz sağlamlıqlarına qovuşmalarını diləyir, şəhidlərimizin ruhuna dərin ehtiramımı bildirirəm!

Əziz gənclərimizi, ümumən xalqımızı, Azərbaycansevərlərin hər birini cənab İlham Əliyevin Cəbrayılın azad edilməsi münasibəti ilə xalqa müraciətini təkrar dinləməyə, öyrənməyə çağırıram.

Bu, günümüzün güzgüsüdür!

Bizim işimiz haqq işidir, biz mütləq qalib gələcəyik!

Dövlətimiz var olsun!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90