Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
Busaat.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.
Diqqətə çatdırılıb ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə hazır evlərə baxıblar.
Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-ci il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
Xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Prezidenti 2021-ci ildə Sərəncam imzalayıb.
Təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimində iştirak ediblər.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər.