Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyası, ümumiyyətlə, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən mədəniyyətlərarası və siyasi dialoq formalaşdıran təşkilatdır. Bu mötəbər təşkilatın işinin gedişatı və doğru strateji addımların atılması gələcəkdə regiondakı türkdilli, türk əqidəli dövlətlər üçün xüsusi əhəmiyyətlidir.
Təşkilatın iclaslarının ümumi müzakirə dairəsinin vahid bir fikrə – türk dövlətlərinin inkişafına yönəldilməsi proseslərdə əhəmiyyət daşıyan faktorun nə olduğuna dair sübutdur.
Azərbaycanın türk dünyasıdakı rolundan danışmalı olsaq, bu barədə çox fikir söyləmək olar. Hazırda təşkilatın üzvü olan dövlətlər arasında ölkəmizin rolu istər siyasi, istər iqtisadi, istər mədəni cəhətdən yüksək qiymətləndirilir. Azərbaycan təşkilata üzvlüyündən bu yana təşkilatın və türk dünyası ölkələrindəki istənilən mövzuda olan əlaqələrin proqressiv formada dəyişməsi üçün bütün resurslarını səfərbər edib, ölkə başçısı İlham Əliyev bütün görüşlərdə iştirak edib.
Cari ilin 6 iyulunda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın və türk mədəniyyətinin beşiyi olan, müzəffər Azərbaycan Ordusu tərəfindən azadlığa qovuşan Şuşada keçirilməsi isə təsadüfi deyil – bu, müstəqil Azərbaycanda türk ölkələrinin ilk müzəffər görüşü idi. Tarixi əhəmiyyət daşıyan bu görüşün Şuşada keçirilməsindən əlavə, qeyd etmək lazımdır ki, qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Prezidentinin təşəbbüsüdür.
Türk dünyasının ölkə başçılarının iştirak etdiyi bu görüşdə Prezident İlham Əliyevin etdiyi çıxış isə çoxşaxəli idi. Dövlətimizin başçısının diqqətə çatdırdığı ilk məsələ Azərbaycanın xarici siyasətinin prioritet istiqamətinin Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi oldu. Ümumiyyətlə, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.
Bunu da nəzərə çatdırmaq lazımdır ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Türk ölkələrinin hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.
Ölkə başçısı hərbi potensial məsələsindən bəhs edərkən Qarabağ məsləsinə də yer ayırıb. Bu tədbirin keçirildiyi Qarabağın tacı olan Şuşa şəhərinin həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu görüş iştirakçılarının diqqətinə çatdıran Ali Baş Komandan Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi olduğunu bildirib.
Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olub. Qeyd etmək lazımdır ki, post-konflikt dövründə 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunub. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz burada – Şuşada imzalanıb.
İşğaldan azad edilmiş ərazilərin yenidən dirçəlişi mövzusunda fikirlərini iclas iştirakçıları ilə bölüşən müzəffər lider .“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıtdığını deyib.
İclasın gündəliyində olan məsələlərdən biri də iqtisadi potensial və bütün digər faktorların analiz edilməsi idi. Azərbaycan Prezidenti bu mövzuda öz fikirlərini bölüşən zaman qeyd edib ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə də Azərbaycan tərəfi fondun kapitalına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb.
İqtisadi mövzuda olan önəmli nüans Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsidir. Bu barədə Azərbaycan tərəfi xeyli işlər görüüb. İlk növbədə, Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Həmçinin, artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyi barədə məlumatlar mövcuddur.
Enerji sahəsində olan əməkdaşlıq mövzusuna toxunan İlham Əliyev bu barədə strateji tərəfdaşlığın, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığın çox əhəmiyyətli olduğunu söyləyib.
Nəzərə çatdırılmalı bir mövzu da “Rəqəmsal İpək Yolu” layihəsidir. Ölkə başçısı öz çıxışında bu barədə fikirlərində Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm təşəbbüslərdən biri olduğunu və bu barədə Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlərdən danışıb.
Tədbirin ən əsas məqamı isə Qarabağ Bəyannaməsinin imzalanması oldu. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir. Bu müqavilənin məhz Qarabağda imzalanması düşünülmüş mesaj, türk dövlətləri birliyinin simvolu idi.
Azərbaycan bu birlik və həmrəylik ruhunda, qətiyyətli liderin uğurlu siyasəti ilə Türk dünyasının güclənməsi və qlobal səhnədə daha əhəmiyyətli rol oynaması üçün səylərini davam etdirəcək. Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti və qərarları, türkdilli dövlətlərin inkişafına və güclənməsinə töhfə verəcək.